Nadir Səlifovun kirvəsi: "Dedilər, "Lotu Quli"nin qohumusansa, getməlisən"

"Lotu Quli" - Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Məhəbbət Namazovun müdafiəsinə daha bir vəkil qoşulub.

 

Şahid qismində  Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Vüqar Əbilov dindirilib. O qeyd edib ki, polisdə əməliyyat məlumatı olduğu üçün təqsirləndirilən şəxs saxlanılıb: "Əməliyyat məlumatı gəldi, qrup yaradıldı. Bu adamı saxlamaq lazım idi.  Maşınına baxış keçirildi. Narkotik, güllələr aşkarladıq, özünü də Nəsimi rayon Polis İdarəsinə apardıq".

 

Suallara cavab verən polis əməkdaşı qeyd edib ki, Məhəbbət Namazovun üzərində axtarış aparılan zaman hal şahidləri olub: "Nəsimi rayonunda yaşadığı ünvanın qarşısında gözlədik. Evdən çıxan kimi onu saxladıq. Özümüz çox səs-küy olmasın deyə maşınında axtarış edib, idarəyə apardıq. Məqsədimiz cinayətin yayılmasının qarşısını almaq olub".

 

Namazov qeyd edib ki, şahidin dedikləri yalandır: "Məsələnin nə olduğunu ikimiz də yaxşı bilirik. Heç xəcalət çəkirsən? Vicdan əzabı çəkmirsən? Sən deyildin ki, mənə dedin, Lotu Qulinin qohumusansa, getməlisən?! Utan".

 

Məhkəmə noyabrın 1-də davam edəcək.

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildə "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

 

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

 

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.






Fikirlər