“Quli” Moskva uğrunda ilk QƏLƏBƏSİNİ qazandı -
Moskvada iki böyük kriminal qruplaşma arasında təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə şiddətlənir. Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət azərbaycanlı avtoritet Nadir Səlifov (“Lotu Quli”) və çeçen avtoritet Əziz Batukayevin qruplaşmaları arasındakı qarşıdurmadan gedir. Məlumata görə, qruplaşmalar arasında bir neçə gün əvvəl toqquşma olub. KİV qeyd edir ki, qarşıdurmaya səbəb çeçen qruplaşmasının əvvəllər azərbaycanlı avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) kriminal klanının nəzarət etdiyi bazarları tutmağa çalışması olub. Bildirilir ki, çeçen kriminal qruplaşması Azərbaycandan olan ticarətçilərə “yeni vergi” qoymağa çalışıb və hətta bazarlarda bir neçə dəfə silahlı reydə təşəbbüs edib. Ancaq Əziz Batukayevin adamları Rusiya paytaxtında təsir sahələrinin yenidən bölüşdürülməsi cəhdi zamanı “Lotu Quli”nin müqaviməti ilə qarşılaşıb. Qruplaşmalar arasında ilk toqquşmadan sonra hüquq-mühafizə orqanları 15 nəfəri saxlayıb. Daha əvvəl “Praym Kraym” kriminal saytının yazdığına görə, qarşıdurma Moskvanın 3 bazarı üstündə yaranıb. Saytın əldə etdiyi məlumatlara görə, dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə olunan gəliri yönləndirməyə çalışıb. Onlar bazarlarda “Quli”nin adamlarının möhkəmləndiyi faktına məhəl qoymayıblar.Qeyd edilir ki, baş verənlər barədə Əzizin izahatını gözləməyən “Quli” özü ona zəng vurub. Çeçen avtoritet kifayət qədər kobud tərzdə “obyektlər”in ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun qarşılığı mütləq olacaq. “Praym Kraym” bildirir ki, avtoritetlər arasındakı danışığın tonu barışığın istənilən imkanını istisna edir. İki qruplaşma arasında ilk toqquşmanın olması da belə düşünməyə əsas verir. Bəzi fikirlərə görə, Aslan Usoyanın (“Ded Hasan”, 2013-cü il yanvarın 13-də öldürülüb) qətlindən sonra “Qanuni oğru №1” postuna Əzizin namizədliyinə ciddi baxılırdı. O, buna görə də Qırğızıstandan göndərilmişdi. Qırğızıstanda 2006-cı ildə 16 il həbs cəzası verilən "qanuni oğru" 2013-cü ilin aprel ayında azadlığa buraxılıb. Əziz azadlığa buraxılan kimi xüsusi reyslə Qroznıya yola salınıb. “Quli” ilə münaqişə nəticəsində isə Əzizin “oğru” titulu şübhə altına düşüb və onu təsdiq etmək çətin olacaq. Çeçen qruplaşması ilə toqquşmada Rusiya kriminal aləminin çox hissəsinin də “Lotu Quli”ni dəstəklədiyi bildirilir. Bəzi Rusiya nəşrləri bunu onunla izah edirlər ki, Əziz Batukayev rəsmi Qroznının müəyyən dairələri tərəfindən dəstəklənən, sistemli kriminaldan uzaq adamdır. Məlumata görə, azərbaycanlı avtoritetin adamları çeçen dəstələrini Azərbaycan bazarlarından çıxarmağı bacarıb.