Elinanın məktəb direktorundan daha bir fakt: “Müəllimləri imza atmağa məcbur edib”
13 yaşlı Elina Hacıyevanın intihar etdiyi 162 saylı orta məktəbin keçmiş direktoru, hadisədən sonra təxminən saat yarım ərzində təcili tibbi yardım çağırmayan Sevinc Abbasova ilə bağlı daha bir ilginc məhkəmə işi var. "AzerTaym.az" bizimyol.info-ya istinadən xəbər verir ki, S.Abbasova ondan əvvəl iki il ərzində məktəbin direktoru vəzifəsini icra etmiş təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı şəhər Təhsil İdarəsinə şikayətlər təşkil edib. Bu barədə məhkəmədə dindirilən müəllimlər danışıblar. Deyiblər ki, Məlahət Hüseynova peşəkar, nizam-intizama diqqət yetirən şəxs olsa da, yeni direktor Sevinc Abbasova onunla yola getmirmiş. Ona görə də müəllimləri məcbur edirmiş ki, müdir müavinindən Bakı şəhər Təhsil İdarəsinə ondan kollektiv şikayət yazıb imzalasınlar. Özü də Məlahət Hüseynovanın guya işə gəlməməsi barədə aktlar tərtib edib, müəllimlərə təzyiq altında həmin aktları imzalatdırırmış. Onun bu addımlarından sonra Bakı şəhər Təhsil İdarəsi 2017-ci ilin fevralında məktəbdə yoxlama keçirib, ardınca Məlahət Hüseynova Əmək Məcəlləsinin 70ç bəndi ilə işdən azad edilib. Ardınca Məlahət Hüseynova işəbərpa və kompensasiya tələbilə məhkəməyə müraciət edib. Müəllimlərin bir neçəsi də gəlib onun məhkəməsində direktorun sözügedən hərəkətləri barədə izahatlar veriblər. Məhkəmə Məlahət Hüseynovanın işə bərpası barədə qərar çıxarıb – Bakı şəhər Təhsil İdarəsinin onunla müqaviləyə xitam verilməsi barədə 19 sentyabr 2017-ci il tarixli əmri ləğv olunub. Lakin maddi və mənəvi ziyana görə kompensasiya məsələsində Məlahət Hüseynovanın istəyi təmin edilməyib. Elina Hacıyeva bu il aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. O, hadisədən sonra 84 dəqiqə ərzində direktorun otağında saxlanılıb, təcili yardım çağrılmayıb. 13 yaşlı məktəbli aprelin 6-da vəfat edib. Daha sonra məktəbin direktoru bu addımına görə Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunan Sevinc Abbasova ev dustaqlığındadır. Hazırda onun məhkəməsi davam edir.