Jurnalistlər Şirməmməd Hüseynovun məzarını ziyarət etdi - FOTOLAR
Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Azərbaycan Cümhuriyyət tarixinin tədqiqatçısı, görkəmli jurnalist, jurnalistlərin əvəzsiz müəllimi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun xatirəsini anıb. "AzerTaym.az" bildirir ki, anım günü xüsusi karantin dövrünə düşdüyü üçün Parlament Jurnalistlər Birliyi bu gün Şirməmməd Hüseynovun xatirəsini onun məzarı başında anıb. Qeyd edək ki, Prezident təqaüdçüsü Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professoru kimi fəaliyyət göstərib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub. /Modern.az/