ŞOK!Ermənilərə rus pasportu paylanır: Qarabağda “5-ci kolon” yaradılır...

Ermənilərə rus pasportu paylanır: Qarabağda “5-ci kolon” yaradılır

Rusiya Qarabağdakı erməniləri nə olursa-olsun həm əlində saxlamağa çalışır, həm də siyasi məqsədləri üçün istifadə etməkdədir. Musavat.com xəbər verir ki, Qarabağdan olan ermənilərə Rusiya pasportları paylanması daha qabarıq şəkil almaqdadır. Erməni mənbələrinin yaydığı statistik məlumatlar prosesin ciddiliyindən xəbər verir.

2021-ci ildə 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin ən rekord göstəricisi hesab olunur. 2020-ci ildə 30 min 558, 2019-da 24 min 24, 2018-də 27 min 134, 2017-də 25 min 144 nəfər erməni Rusiya vətəndaşlığı alıb. Ümumilikdə 2017-2021-ci illərdə 153 min 800 erməni Rusiya pasportuna malik olub. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2 faiz təşkil edir.

Aydındır ki, "rus pasportu" alan 153 min 800 erməninin hər biri Qarabağda yaşamır. Bu rəqəmin 10 faizi qədər erməninin Qarabağda yerləşməsi isə Rusiyaya məkrli planlarını gerçəkləşdirməyə imkan verir. Nəzərə alaq ki, artıq Rusiya Qarabağda yerləşən erməni əhalisi içərisində "rus icması" yaratmağa start verib və bu "icmaya" rəhbər də tapıbş bu şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovdur! Məsələnin maraqlı tərəfi isə budur ki, ad -soyadı Aleksandr Bordov olsa da, Qarabağdakı qondarma “rus icması”nın rəhbəri rus deyil, milliyətcə ermənidir...

Belə bir halda Azərbaycan nə etməlidir? Rusiyanın Qarabağda məkrli planlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Azərbaycanın tanınmış hərbi eksperti, “M5 Müdafiə və Strategiya Dərgisi”nin Qafqaz və Orta Asiya üzrə rəhbəri Ruslan İmamquliyev “Yeni Müsavat”a deyib ki, dövlətimiz mümkün qədər tez biz zamanda Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığına qəbul olunması üçün səylərini artırmalıdır: “Bu gün Azərbaycan ərazilərində yaşayan erməni mənşəli tayfaların yavaş-yavaş Rusiya vətəndaşlığına keçirilməsi prosesi aparılır. Azərbyacanın həmin ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlıları ilə erməni qızlarının evlənməsi prosesi üzərindən də rus pasportlu ermənilərin sayı artırılır. Bu, Azərbaycan qanunlarına zidd olaraq aparılan prosesdir.

Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir. Bu məsələnin qarşısı bu gün alınmalıdır. Çünki sabah gec ola bilər. Rusiya bu oyunları Gürcüstanda, Ukraynada aparıb. Özünə loyal tayfalara rus pasportu paylamaqla sonradan bu ölkələrin ərazisində qondarma respublikalar yaradılıb. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı aparılan hibrid müharibənin tərkib hissədir. Halbuki istər Xankəndi, istər Xocavənd erməniləri olsun, hər biri Azərbaycan vətəndaşıdır, bizim qanunları qəbul etməlidirlər. Sadəcə, sülh müqaviləsi bağlanmalıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, məsələ həll olunmalıdır. Bu, zaman tələb etsə də, çalışmaq lazımdır ki, həmin zaman daha da tezləşdirilsin”.

Hərbi ekspert deyir ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyənaməyə görə Azərbaycan ərazilərində yaşayan erməni mənşəli vətəndaşlara tanınan vaxt və imtiyazlar, onların gələcəkdə Azərbaycan vətəndaşlığını könüllü olaraq qəbul etmələri yönündədir: “Amma nə baş verir? Ərazilərimizdə məskunlaşmış erməni mənşəlilər bu gün bizim vətəndaşlığı qəbul etmək yerinə, Rusiya vətəndaşlığını qəbul etməkdədirlər. Belə olan halda ərazilərimizdə yaşayan vətəndaşların başqa bir ölkənin vətəndaşlığını qəbul etməsi halları aradan qaldırılmalıdır. Bunların hamısı göstər ki, Rusiya süni şəkildə Qarabağda “beşinci kolon” yaradır. Məsələn, deyək ki, vətəndaşlıq pasportu verir və sonra o şəxsi qorumaqdan ötrü istənilən anda bundan istifadə etmək hüququ qazanır. Hər halda hesab edirəm ki, bunun arxasında yaxşı niyyət yox, separatçılıq niyyətləri, dövlətimizə təzyiq marağı durur. Hazırda Qarabağda ermənilərə rus pasportlarının paylanması çox ciddi tendensiyalardan xəbər verir və bunun qarşısını tezliklə alınmalıdır. Əks təqdirdə, yaxın gələcəkdə Qarabağ ərazisində Rusiyanın satellit-dövləti yarana bilər”.






Fikirlər