Müğənnilərin narazılığına rəsmi cavab: “Borcların MƏBLƏGİ də açıqlanacaq”

Müğənnilərin narazılığına rəsmi cavab: “Borcların məbləği də açıqlanacaq”

Ötən həftə Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb. 

Vergidən yayınan 50 sənətçinin yer aldığı siyahıdaBrilliant Dadaşova, Abbas Bağırov, Rəqsanə İsmayılova, Gülyanaq Məmmədova, Elza Seyidcahan, Səidə Sultan, Xəyyam Nisanov kimi məşhurların da adları var. Lakin onlar məsələyə birmənalı yanaşmayıb. 
Əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənnilər Rəqsanə İsmayılova, Səidə Sultan adlarının vergi ödəməyən şou-biznes nümayəndələrinin siyahısında olması barədə danışmaq istəməsələr də, Abbas Bağırov və Zamiq Hüseynov vergi borcunun olmadığını bildirib. 
Xalq artisti Gülyanaq Məmmədova isə deyib ki, oktyabrdan bəri vaxtında vergisini ödəyir: “Mən vergimi ödəyirəm, VÖEN-im də var. Nazirlik oktyabr ayında bildirdi ki, VÖEN-inizi aktivləşdirin və vergi ödəyin. Mən də, bacım Gülyaz da “baş üstə” dedik və oktyabr ayından mütəmadi olaraq vergimizi ödəyirik. Onların mənə indi dedikləri məbləğ birdən-birə peyda olub.
Dəfələrlə vergi dairələrində olmuşam. Orada mənə dedilər ki, əvvəlki illər üçün 25 toy yazıblar. 2011-ci ildə sahibkarları incitməmək qərarı vardı, biz də vergi ödəmədik. Bizə oktyabr ayında məlumat verdikləri üçün o müddətdən sonra mütəmadi ödəyirəm”. 
Musavat.com müğənnilərin etirazlarına münasibət öyrənmək üçün Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovla əlaqə saxlayıb. 
Ş.Məmmədov bildirib ki, narazılığı olan sənətçilər Vergilər Nazirliyinin müvafiq yerli strukturlarına müraciət edə bilər: “Əgər müğənnilər deyirsə, vergi borcundan xəbərləri yoxdur, yalandır. Siyahıda adı olan müğənnilər vergi borcu olanlardır. Borcu olanlarla ayrıca bir-bir söhbət aparılıb, həm də vergi borcları barədə bildirişlər onlara çatdırılıb. Hər şeydən xəbərdardırlar. Adı siyahıya salınan və hər hansı şikayəti olan müğənni nəyi isə aydınlaşdırmaq istəyirsə, Vergilər Nazirliyinin müvafiq yerli strukturlarına, qeydiyyatda olduqları vergi idarələrinə yaxınlaşıb, vergi öhdəliklərini dəqiqləşdirə bilərlər. Onu da qeyd edim ki, müğənnilərin borcları kommersiya sirri deyil. Lazım olsa, sənətçilərin borclarının məbləğini də açıqlayarıq”.

 






Fikirlər