Toylarda Bu Mahnıları Oxuyanlar Cərimələnəcək! - ŞOK qərar + VİDEO

215722_res_01

Azərbaycanda repertuardan yayınan toyxana sahiblərinə “toy tutacaqlar”…

Bundan sonra Azərbaycanda hər toy və şadlıq mərasimində müğənnilər tərəfindən ifa olunan mahnılara, tamadalar tərəfindən deyilən şerə görə müəllif qonorarı ödəniləcək. Bu qonorarı ödəməyənləri isə 50 min manata qədər cərimə və hətta icbari cəzalar gözləyir.
Virtualaz.org xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarıdır. Həmin qərarın tətbiqi ilə bağlı məsələlərə dair bu günlərdə Müəllif Hüquqları Agentliyi məlumat yayıb.

Agentlik Nazirlər Kabinetinin həmin qərarının necə tətbiq olunacağına izahat verərək göstərir ki, bundan sonra kafe, restoran, bar və digər obyektlərin sahibləri ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərinin siyahısını Müəllif Agentliyinə təqdim etməlidirlər.

 

215716_src

Çünki Nazirlər Kabinetinin 466 saylı qərarına əsasən, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”na edilən dəyişikliyə görə, klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə mətnli, yaxud mətnsiz musiqili əsərlərin (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) istifadəsinə görə həmin obyektlərin sahibləri hər ay Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odəməlidirlər.

Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Lakin Agentlik bildirir ki, bu qayda, yəni aylıq müəllif qonorarlarının ödənilməsi toy mərasimlərinə və kütləvi konsert tədbirlərinə şamil olunmur.

Qərara əsasən kafelərin, restoranların, barların və digər obyektlərin sahibləri (mülkiyyətçiləri) hesablanmış qonorarı kollektiv idarəetmə təşkilatının hesabına köçürməklə yanaşı, ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərin siyahısını (repertuarını) da təqdim etməlidirlər.

 

215717_srcQərarda həmçinin göstərilir ki, mətnli, yaxud mətnsiz musiqili əsərlərin şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri  tərəfindən toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir.

Qanunu pozanları isə müəllif qonorarını ödəməkdən yayınmaya görə istifadəçiləri ciddi mülki, inzibati və cinayət məsuliyyəti gözləyir. Müəllif qonorarını ödəməkdən imtinaya görə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödəməlidir.

Tutaq ki, repertuar hazırlandı, amma qonaqlar buna əməl etmədi

Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırma nəzərdə tutulub.

Bəs bu qaydaların tətbiqi nə dərəcədə realdır? Toyxana, restoran sahibləri məclisdə hansı mahnıların ifa olunacağını necə əvvəlcədən müəyyən edəcəklər və siyahını necə hazırlayıb təqdim edəcəklər? Tutaq ki, şadlıq evinin mülkiyyətçisi vətəndaş “X”in sifariş verdiyi toy məclisində müğənni “Y”lə əvvəlcədən repertuarı razılaşdırdı, lakin mərasimin gedişində iştirakçılar repertuardan kənar mahnılar sifariş verdilər (hansı ki, Azərbaycan toylarında bu qaçılmazdır), o zaman Nazirlər Kabinetinin qərarının tətbiqi, yəni şadlıq evinin sahibinin iri məbləğdə cərimələnməsi qaçılmaz olmayacaqmı?

 

215718_src

Virtualaz.org bu qərar və Müəllif Hüquqları Agentliyinin onunla bağlı izahedici bəyanatı ilə bağlı Bakının bəzi şadlıq evlərinin işçilərinin fikirlərini öyrənib. Məlum olub ki, artıq şadlıq sarayları və restoranlarda yeni qərardan xəbərdardırlar.

“Mən hardan bilim o nə oxuyacaq?”

“Ay işığı” restoranın administratoru Rauf Əliyev virtualaz.org-a açıqlamasında əslində həmin ödənişi onların deyil, musiqiçilərin ödəməli olduğunu dedi: “Musiqiçini toya mən dəvət etmirəm axı. Onları toya məclis sahibi çağırır. Mən haradan bilim ki, o nə mahnı ifa edəcək? Həmin qonorarı restoran deyil,  musiqiçilər ödəməlidirlər”.

“Yeganə” şadlıq sarayının Azər adlı əməkdaşı isə Nazirlər Kabinetinin bu qərarının şadlıq saraylarının işini çətinləşdirəcəyini deyir. Onun sözlərinə görə, bir neçə gün əvvəl onlara bu qərarla bağlı məlumat verilsə də, hələ necə icra olunması haqqında heç kim heç nə deməyib: “Bizə bir neçə gündür bu barədə məlumat veriblər. Lakin hələ də tətbiqi sual altındadır, necə icra olunacaq bilinmir. Bilmirik necə edək, düşək hər gələndən pul alıb yazaq? Yeni qərar şadlıq saraylarının işini çətinləşdirəcək. Çünki çox anlaşılmaz qərardır.  Gərək bizə öz nümayəndələrini versinlər, onlar özləri işə nəzarət eləsinlər”.

215719_src

 

Vergilər Nazirliyi bütün toylara tamaşa edir

Həmsöhbətimiz deyir ki, vergidən yayınmanın qarşısını almaq üçün şadlıq sarayında bütün toylara Vergilər Nazirliyi tərəfindən internet üzərindən birbaşa nəzarət olunur. Onsuz da, heç kim ödənişi etməkdən yayına bilməz: “Vergilər Nazirliyi toylarımıza canlı nəzarət edir. Hətta bəzən internetlə bağlı texniki problem olduqda tez bizə nümayəndə göndərirlər. Yəni onların nəzarətindən kənar qalmaq mümkün deyil. Onsuz da kameralar çəkir, yəqin ki, qaydalara əməl etməyəni cərimələyəcəklər”.

“Bəstəkara verməyə pul var? Xalq mahnılarına keçəcəyik…”

“Tərlan” şadlıq sarayının Əli adlı əməkdaşı isə bildirir ki, belə getsə, restoranlarda bəstəkar mahnılarından imtina olunacaq. Bütün səslənən mahnılar konkret müəllifi  olmayan xalq musiqiləri olacaq.

“Belə çıxır ki, musiqiçilər milyoner olacaqlar. Bundan sonra biz ancaq xalq mahnıları oxuyacağıq. Restoranımızda “haxışta-maxışta” kimi mahnılar səslənəcək. Bəstəkar mahnılarına verməyə pulumuz var?”-şadlıq sarayının işçisi deyir.

Müsahibimiz qərarla bağlı ətraflı məlumata malik olmadığını, şadlıq sarayına dəyişikliklə bağlı rəsmi məlumat göndərilmədiyini dedi: “Mənim qərardan tam olaraq məlumatım yoxdur, bu barədə eşitmişəm. Hökumət necə desə, biz də vətəndaş kimi ona əməl edəcəyik, başqa nə edə bilərik ki?”

 

215720_src

Hərə ağlına gələn şeiri yazıb səsləndirəcək

Tamada Nazilə Səfərli  isə bildirir ki, yeni qərar tətbiq olunarsa, hər kəs ağlına gələni oxuyub-oynayacaq: “Toy çərçivəyə salınmayan el adətidir. Toy hər kəsin öz el-obasının adətinə görə, qonaqlarına görə, düzənlənir. Nazirlər Kabinetində ağıllı insanlar əyləşiblər, hər halda qərar bizim xeyrimizə olar. Çünki bir çox məclislərdə mənim şeirlərimi səsləndirirlər, amma adımı çəkmirlər. Düzdür, mən şeirlərimi satmıram, amma adımın səsldirmələrini istəyirəm. Bu baxımdan, qərarla haradasa razıyam. Amma o ki qaldı siyahı təqdim etməyə… Mənim səsləndirdiyim şeirlərin 90 faizi özümündür. Özümdən özümə qonorar ayıra bilmərəm. Amma digər müəlliflərin Məsələn, Ramiz Rövşənin, Musa Yaqubun və ya digərlərinin şeirlərini məclislərdə hamı səsləndirir. Əgər qonorar ödəmək məcburi olsa, onda hərə ağlına gələni oxuyacaq. Onsuz da musiqilərimizi son zamanlar cılızlaşdırıblar. İndi hərə özü üçün ağlına gələn şeirlər yazacaq, ağlına gələn musiqiləri ifa edəcək”.

Müəllif Hüquqları Agentliyindən isə deyiblər ki, Nazirlər Kabinetinin qərarının tətbiqi ilə bağlı məsələlər onların açıqlamasında ətraflı yer alıb. Bu səbəbdən əlavə nəsə deyə bilməzlər.

P.S. Belə getsə “Planet Parni iz Baku”nun  bu yumoru ( 2016 – Milli Yumor) həqiqət olacaq(cərimələr hissəsi 11-ci dəqiqədən başlayır).

 






Fikirlər