Məşhur ateistdən sərt cavab: “Sevda Ələkbərzadə dini baxımdan küfr əhli sayılır”
“Alimlər görürsə, inanır, görmürsə, inanmır. İnsan ateistdirsə, dayazdır. Darvin deyirdi ki, insan meymundan əmələ gəlib. Təbii ki, dayazdır”. Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “Popumuz var” verilişində deyib. “Yeni Sabah” məsələ ilə bağlı Yaşıl Elm platformasının redaktoru Taryel Abdullayevin fikirlərini öyrənib. O, əməkdar artistin fikirlərinə sərt reaksiya verib: “Mən ateistlərin dayaz olmadığı fikrindəyəm. Ümumiyyətlə, mənə görə ateistlər ətrafını, bioloji aləmi, kainatı sorğulayan insanlardır. Mən başqalarını da dayaz hesab etmirəm, istər inanclı olsun, istərsə də olmasın. Bu fərddən fərdə dəyişir. Biz televiziyalarda görmüşük, müğənnilər çıxırlar Eynşteyni kimyagər kimi tanıdırlar. Belə baxanda onların hansı biri kitab oxuyan, intellektli insanlardır? Demək olar ki, heç biri. Onların ateizmin mahiyyətini bilmədən, bir ateistin niyyətini, nə istədiyini bilmədən bu kimi fikirlər səsləndirməyinin özü anormaldır. Onlar başa düşmürlər ki, ateistlər kimdir, nə üçün inancsız olublar". O bildirib ki, əməkdar artist heç özü də dini qaydalara əməl etmir: "Mən Sevda Ələkbərzadəni uşaq olandan tanıyıram. Həmişə də onu yarıçılpaq, qeyri etik, cəmiyyətin qəbul etmədiyi formalarda görürəm. Əgər dini baxımdan baxsaq, bu adam küfür əhli sayılır, əxlaq normalarını pozmuş insan hesab edilir. O, bu məsələləri araşdırsaydı, görərdi ki, din Sevda Ələkbərzadəni qəbul etmir. Din onu elə ateistlərlə eyni səviyyəyə qoyur. Dini baxımdan Sevda Ələkbərzadə ya niqabda, ya da hicabda olmalı idi. Bunların heç birini onda görməmişik. Məncə, Sevda Ələkbərzadə İrana, Ərəbistana və s. bir şərq səfəri etsə, daha yaxşı olar. Onu göndərək orada 1-2 ay yaşasın, sonra gələndə fikirlərini öyrənək". T.Abdullayev məşhur alimlərin elm barədə anlayışı olmayanlar tərəfindən müzakirəyə çıxarılmasına da etiraz edib: "Bu gün kim istəyir Darvini, Eynşteyni efirdə müzakirə edir. Halbuki müzakirə edənlər Darvinin bir dənə kitabını əlinə almayan insanlardır. Sevda Ələkbərzadə Darvinin hansı kitabını əlinə alıb? Eynşteynin yazmış olduğu bir düsturu mənə izah edə bilərmi? Bu adamların belə mövzuları müzakirə etməsi absurddur. Heç vaxt onların kitabını oxumayıb, onları tanımır, hardan bu nəticəyə gəlir ki, onlar dayazdır? Nəyə istinad edir? Yox, əgər oxuyubsa və deyirsə ki, dayazdır, onda əla. Bir dəyirmi masa təşkil edək, yığaq hamısını, oturaq üz-üzə müzakirə edək, görək nəyi dayazdır".