İş adamıyla oteldə gecələyən məşhur sənətçi, Xatunun şəkli, səmimi Nadir - HƏFTƏBECƏR

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (45-ci say) təqdim edir.

Ötən həftə yazımın altında yazılan şərhləri oxuyub xeyli fərəhlənmişəm. Yazının özünün müzakirəsindən başqa hər şeydən danışmısınız. Hətta aldığım məlumata görə, şərhlərdə köhnə məhəllədəki qonşusunu, sinif yoldaşını, əsgərlikdəki çarpayı yoldaşını, ötən ilin bu vədələrində "Elmlər akademiyası" metrosundan çıxıb eyni dayanacaqda 39 nömrəli avtobusu gözlədiyi uzaq tanışını tapanlar da olub. Milli.Az saytının rəhbərliyindən xahiş edirəm "Həftəbecər"in altındakı şərhlərdə "axtaran tapar" adlı bölmə yaradılsın. Çünki mən də haqqında yazdığım sənət adamlarının haqqımda yazdırdıqlarının müəlliflərini axtarıram. Tapsam...

İndi də keçək həftənin becərdiklərinə. Nadir Qafarzadənin efirə ilk çıxdığı vaxtlar yadımdadır. Utancaq, saf, az qala söz deyəndə qızaran biri idi. İnanmıram ki, indi efirə çıxanda utansın, amma hələ də yetərincə səmimidir. Yadınızdadırsa, bir müddət öncə Qafarzadənin Qobudakı mədəniyyət evinə direktor təyin olunması barədə xəbərlər yayıldı. Sonra Abşeronun mədəniyyət idarəsinin müdiri dedi ki, yalan söhbətdir. Bu günlərdə məsələnin əsl mahiyyəti üzə çıxıb və özüylə bərabər bir neçə acı gerçəyi də ortaya çıxarıb. Sitat:
"Yalan danışanları sevmirəm. Olmayan nəyisə piar xatirinə etmərəm. İş üçün özüm müraciət etmişdim. Dedim, Mədəniyyət Sarayında adi işçi kimi adım getsin, gələcəkdə pensiya üçün lazım olacaq. Dedilər ki, direktor vəzifəsi boşdur, ora gəlin. Əvvəlcə imtina etdim ki, məsuliyyətlidir, hər gün gedib-gələ bilmərəm. İsrar etdilər, razılaşdım. Sənədlərimi verdim, maaş kartını isə götürmədim. Dedim ki, "Qoyun yığılsın, sonda Qobuda yaşayan aztəminatlı bir ailəyə kömək edəcəm". Onu da mənə çox gördülər. Mən direktor olmasam da, olar. Əsas odur ki, xalqım məni sevir. Direktordan da böyük vəzifəni icra edirəm - xalqın sevimlisi".

Yəqin ki, diqqətlə oxudunuz. Deyir adi işçi kimi adım getsin ki, gələcəkdə pensiya üçün lazım olacaq. Bu gün ölkədə minlərlə bu kimi işlərdə adlar gedir, maaş kartları da kimlərinsə cibində. Belə şeylər xüsusən rayonlarda adi hal kimi qəbul olunur. Teatr direktoru var ki, evində 40 işçinin maaş kartı var, oğlunun, qızının, gəlininin, həyat yoldaşının, körpüdən keçəndə bel-belə dəydiyi uzaq qohumlarının adını yazdırıb, məvaciblərini özü alır.

Müğənni Xatun isə oxumaqdan savayı nə desən edir. Müğənniləri parodiya etməyi bacarır, yaxşı oynamağı var və sair. Bu günlərdə isə yeni layihəyə imza atıb. Sənətçi özünü verib Şamaxıda samanlığa, deyib ki, saman da mənim, samanlıq da, kimin nə ixtiyarı var söz deyə? Samanlıqda çəkilən fotolara baxdım. Belə bir təəssürat yarandı ki, fotoqraf uzun müddət Cennifer Lopezlə işləyib. Çünki şəkillərin əksəriyyəti arxadan çəkilib. Kim istəsə google-da "Xatun samanlıq" yazıb baxa bilər.

Aşıq Samirə plastik əməliyyat etdirib. Amma sazını yox, özünü. Ardınca da bir müsahibə verib və deyib ki, üçüncü dəfə ərə getməyə qorxuram, risk etmək istəmirəm. Toba o ikinci dəfə ərə getməmişdən əvvəl də belə bir söz işlətmişdi. Deyəsən, torbada pələng var. Bu yerdə Allah Seda Sayana heç kömək olmasın, tez-tez ərə getməyi dəb saldı. Elə kim bir az bekar olur, deyir qoy ərə gedim. Ancaq inanmıram ki, aşıq Samirə üçüncü dəfə bu riskə gedəcək.

Müğənni Elton Hüseynəliyevin haqqında yazacağım sözlər isə tərif kimi görünsə də, yetərincə əsaslıdır. Sənətçinin ailəsindən ayrıldığını, yəqin ki, bilirdiniz. Sentyabrın 15-də Eltonun qızları Məryəm və Nurayı keçmiş həyat yoldaşı ilə birgə məktəbə aparıb. Hər halda nişanlanıb ayrılandan sonra nəsil-nəcabət davası aparanlar üçün nümunəvi hərəkətdir. Yəni insanlar ayrılsalar da, övladları naminə bir araya gəlməyi bacarırlar. Əhsən!

Müğənni Sevinc Musayevanın açıqlamasını isə qəsdən özüm axıra saxladım. Çünki Musayeva futbol dili ilə desək, "doqquzluq"a zərbə endirib. Mən deyəndə ki, şou-biznes adamlarının doxsan faizi "o məsələ", heç kim inanmırdı, məni qınayırdılar. Bunu isə şou-biznesin içində olan biri deyir:

"1000 AZN-lik verilişə çıxmaq üçün hoteldə pullu oğlanlarla, yad insanlarla, evli, yaşlı kişilərlə vaxt keçirirlər. Sənət adamları məşhur olmaq üçün üzdəniraq prodüserlərə yaltaqlanıb, onların yanında fırlanırlar. Qondarma iş adamları ilə, restoran müdirləri ilə, ofisi olan vəzifəli şəxslərlə min hoqqadan çıxırsınız. Nəyə görə? Bircə məşhur olmağa görə. Allah sizə gözəllik verib ki, o gözəlliyinizi naməhrəm, haram əllərdə istifadə edəsiniz? Doğrudan da, bədbəxt və aciz adamlarsınız. Özünüzə hörmət edin. Məşhur olmaq, gündəmə gəlmək, bahalı maşın idarə etmək toy qiymətlərini qaldırmaq üçün bu qədər günah işləməyə dəyməz. Nə qədər gözünüz çirkinlik görəcək, bir o qədər də yaşınızdan böyük görünəcəksiniz. Özünüzə yazığınız gəlsin".

Fikrimcə, Sevincin bu fikirlərini şərh etmək yersizdir. Ancaq faktdır ki, oteldəki bir gecə o qədər müğənnicikləri "məşhur sənətçi" edib ki...






Fikirlər