“Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ - Elməddin Cəfərov
Sentyabrın 27-dən bu günə qədər cəbhədə baş verənlər, ordumuzun uğurlu döyüş əməliyyatı nəticəsində işğaldan azad olunan kəndlərlə bağlı xəbərlər hər kəsi sevindirir. Yenisabah.az-a mövzu ilə bağlı danışan aktyor Elməddin Cəfərov ordumuzun qələbəsini yüksək qiymətləndirib, gələn xəbərlərə çox sevindiyini bildirib: “Düzünü desəm, heç vaxt xoşbəxt olmadığım qədər xoşbəxtəm. Bundan gözəl nə ola bilər? Həyatda iki dəfə pik nöqtədə xoşbəxtlik yaşamışam: birinci dəfə oğlum Nihat dünyaya gələndə, ikinci dəfə də digər oğlum Rihat dünyaya gələndə. Hal-hazırda mən eyni hissləri yaşayıram, o qədər sevinirəm ki… Cənab Prezident hər dəfə işğaldan azad olunan rayonların, şəhərlərin adlarını açıqlayanda adamın gözləri dolur. Açığı deyim, ağladığım məqamlar da olur, özümü saxlaya bilmirəm. Mükəmməl hisslərdir, Allah izin versin sona qədər, tam davam edək. Mənim könlümdən, nəfsimdən İrəvan filan da keçir, nəfs belə şeydir (gülür)”. Aktyor Paşinyanla bağlı hər hansı səhnəcik üzərində işləmədiyini, bu mövzunun möhürünün Prezident İlham Əliyev tərəfindən vurulduğunu qeyd edib: “Paşinyanla bağlı hər hansı səhnəcik hazırlamağı düşünmürəm. Çünki bu mövzunun möhürü artıq qoyulub. Paşinyan onsuz da həmişə gülüş hədəfi olub, sadəcə bu aralar daha çox özünü güldürür. Cənab Prezident onun haqqında elə sözlər dedi ki, Paşinyan mövzusunun möhürü tam qoyuldu. Biz indi ona nə desək az olacaq. Daban yalayan, düşük və s. Mənim xoşuma gələn o oldu ki, N.Paşinyan cavab qaytarmadı, deyilən adaları qəbullandı, üzərinə götürdü”.