“O olmasın, bu olsun” filmini tənqid edən sırasında atam da var idi”
“Anam təkcə “O olmasın, bu olsun” filmində çəkilib. Elə bu filmdə də atamla tanış olublar. Atam jurnalist idi, dövlət televiziyasının böyük redaktoru olub. O filmin ilk tənqidçisi də elə atam olub. Atam Üzeyir bəyin əsərinin film versiyasında biraz bayağılıq çalarları tapmışdı. Amma buna baxmayaraq o filmdə çəkilən dahi aktyor ansamblının sayəsində film baxımlı və maraqlı alınmışdı. Təbii ki, illər keçəndən sonra atam ilk təəssüratından bir qədər uzaqlaşmışdı”.
Bunu Moderator.az-a açıqlamasında Gülnaz obrazının ifaçısı, Tamara Gözəlovanın oğlu Vasif Ağamirov deyib. O daha sonra əlavə edib.
“Bildiyiniz kimi anam televiziyanın ilk qadın diktorlarından biri olub. 1957-ci ildə, 6 noyabr tarixlərində ilk dəfə Nailə Mehdiyeva ilə birlikdə onlar efirdə çıxış ediblər. Anam film haqqında çox maraqlı nüanslar danışırdı. Ümumiyyətlə deyirdi ki, film böyük alındı, daha sonra başladılar bir çox yerlərini kəsməyə. Aktyorların zarafatları, Lütfəli Abdullayevin yıxılmağı, onlar hamısı təsadüfən alınmışdı, dərhal da onu rejissor Hüseyn Seyidzadə filmə salmışdı. Anam danışırdı ki, maraqlı səhnələrdən biri də toy səhnəsi idi. Belə ki, Münəvvər Kələntərli yıxılır, yıxılan anda da barmağı sınır. Hətta o sınıq barmaqla 3-4 dubl çəkilir. Sənəmlə Rüstəm bəyin konflikti vaxtı, Rüstəm bəy qrafini sındırır, su qabının şüşəsi Barat xanımın əlini kəsir” deyə sənətkarın oğlu bildirib.
Vasif Ağamirov anasının məşhur aktyor Raç Kapurla görüşündən də danışıb.
“Onun maraqla xatırladığı epizodlardan biri də Raç Kapurla görüşü idi. Belə ki, Hindistan nümayəndə heyəti dövlət televiziyasına qonaq gəlir. Anam studiyaya daxil olan kimi Raç Kapur onu görür və piano qarşısına keçərək “O olmasın, bu olsun” filmindən bir musiqi ifa edir. Bununla da bildirir ki, mən sizi tanıdım. Hətta anamı Hindistana filmə dəvət də etmişdilər, amma anam demişdi ki, “mən artıq televiziyada çalışıram, filmdə çəkilə bilmərəm”. Anam əvvəlki illər filmə elə də maraq göstərmirdi. Amma son illər hansı kanalda nümayiş olunurdusa hamısını izləyirdi. Sanki o keçmişə qayıdırdı. Əvvəllər film efirdə nümayiş olunanda bəlkə də səhvlərini görüb deyirdi ki, “filan yerində kaş belə oynayardım”. Amma son illər heç bir söz demirdi. Çünki cəmiyyət artıq bu filmi qəbul etmişdi” deyə sənətkarın övladı bildirib.
Vasif Ağamirov deyir ki, anası 2000-ci ildən onkoloji xəstə olub. “O vaxt əməliyyat olunanda ona 10 il vaxt vermişdilər, amma təsəvvür edin ki, tibbi ədəbiyyatı oxuyub, özünü müalicə edirdi. Son 3-4 ay o belə ağır yataq xəstəsi oldu. Onda Şuşa nisgili var idi, bir arzusu var idi ki, Şuşanı görsün. Təsəvvür edin ki, mayın 8-də dünyasını dəyişdi. Şuşa da o günü işğal olunmuşdu. 6 ay da dözsəydi Şuşanı görəcəkdi. Hər dəfə albomu götürüb Şuşadakı şəkillərə baxırdı, deyirdi ki, “görəsən görəcəyəm yenə də o yerləri?” deyə Vasif Ağamirov deyib.