“O vaxt evimizə elçi məşhur aktyorumuz Tələt Rəhmanov gəlmişdi. Sən demə gələcək həyat yoldaşım onun qohumu imiş. Mən bütün bunlardan xəbərsiz idim. Tələt müəllim bilmirdi ki, kimin üçün elçi gəlir. İçəri girib, məni görəndə ikimiz də şok olduq. O dəqiqə soruşdu ki, “Zərifə, mən heç bilməzdim ki, nə vaxtsa sənin üçün elçi gələcəyəm?” (gülür). Hər birimiz gülüşdük. Tələt müəllim bizim filmdə polis rolunda çəkilmişdi. Filmin üstündən uzun illər ötsə də o məni unutmamışdı. O həm də o vaxt “Sehrli xalat” filmində operator köməkçisi işləyirdi. Çox xoşbəxt ailəm oldu. Hal-hazırda oğlum və nəvələrim var”.
Bunu Moderator.az-a açıqlamasında “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova deyib. O daha sonra bu filmə dəvət almasından danışıb:
“Tam təsadüf nəticəsində filmdə çəkilmişəm. Günlərin bir günü bizə dedilər ki, məktəbə komissiya gələcək, mütləq saçınıza bantik vurun. Bir də gördük ki, direktorla bərabər 2 nəfər sinfə daxil oldu. Biz də çox qorxurduq, oturduğum yerdə aşağı əyildim ki, məni görməsinlər. Sən demə filmdəki Zərifə obrazına qız axtarırdılar. Nə qədər aşağı əyilsəm də məni gördülər və Afət adında qızla bizi sınaq çəkilişlərinə dəvət etdilər. Ssenarini mənə vermişdilər, oxumuşdum da. Rejissor Əlisattar Atakişiyev məndən soruşdu ki, qızım sən hansı rolda oynamaq istəyirsən? Dedim ki, Zərifə. O da dedi ki, biz də səni elə həmin obraza təsdiq etmişik. Anam güc-bəla ilə razılıq verdi, istəmirdi ki, filmə çəkilim. Filmdəki qonorardan anam evə güldan almışdı. Uşaq idik, çox əziyyətlər çəkdik. Yorulurduq, inciyirdik. Rejissorlar da, aktyor heyəti də könlümüzü alırdı. Möhsün Sənani bizə atalıq qayğısı göstərirdi. Göy səthindəki çəkilişləri etmək üçün Minsk şəhərinə getmişdik. Təxminən 1 ay orada çəkilişlərimiz davam etdi”, - deyə Solmaz Hətəmova bildirib.
Solmaz Hətəmova indiki filmlərdən də danışıb:
“O vaxt texnika, şərait çox zəif idi, bu qədər inkişaf etməmişdi. Elə səhnələr var idi ki, bir neçə kamera tərəfindən çəkilməli idi, amma kamera az olduğundan bir neçə dəfə aparılırdı bu çəkilişlər. Daha sonra montaj prossesində birləşdirilirdi. Amma indi hər şey var, amma baxımlı filmlər çox nadir hallarda çəkilir. Düzdü, yaxşı filmlər var, amma o dərəcədə çox deyil. Uşaq filmləri ümumiyyətlə yoxdur. Bəs bu uşaqlar nəyə baxsınlar? Nədən ibrət götürsünlər? Uşaq filmlərində dostluq, sadiqlik aşılanırdı. Nə çəkilibsə o illərdə çəkilən uşaq filmləridir. Mənə elə gəlir ki, ən yaxşı filmləri məhz uşaqlar üçün çəkmək lazımdır”, - deyə o bildirib.
Fikirlər