“Anam atamın xəstə olduğunu biləndə 6 ay əvvəl rəhmətə getdi, atam vəsiyyət etdi ki, kişinin yasını oğlu verər”- FOTOLAR

“Anam atamın xəstə olduğunu biləndə 6 ay əvvəl rəhmətə getdi, atam vəsiyyət etdi ki, kişinin yasını oğlu verər”-FOTOLAR

O hərgün, hər dəqiqə mənim yaddaşımdadır. Bir də görürsüz ki, radionu açıram şeir deyir, televizorda filmi gedir, oturub izləyirəm. Bəzən məni teatra, atamın oynadığı tamaşalara dəvət edirlər, gözüm hər zaman onu axtarır. Fikirləşirsən ki, atan həmişə olacaq, o fikirlə yaşayırsan. Sonra bir gün ata olmur, insan hiss edir ki, ata-ana olmayanda tək qalır. Ata dünyadan gedən kimi arxandan bir dağ uçulur” 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əliabbas Qədirovun oğlu İlham Qədirov deyib. O daha sonra əlavə edib.
 
“Əliabbas müəllim ailədə çox ciddi insan, ata idi. Anamla bu ailəni sevərək qurublar. Anam onun öz xalası qızı idi. Əvvəl tərəddüd edib, aktyor olduğuna görə anamı ona verməyiblər. Atam həmişə deyirdi ki, mən qaynatama sübut edəcəm ki, öz sənətimlə necə oğul, aktyor oluram, bütün respublika məni tanıyıb, həsəd aparacaq. Amma bu ona qismət olmur, çünki qaynatası qəzada həyatını itirir. O anamla birlikdə 3 övlad böyüdüb. Bir dəfə atama demişdim ki, mən də aktyor olmaq istəyirəm. Həmin gün teatrda məşqi var idi, məni maşına otuzdurub, teatra gətirdi. Səhnəyə daxil olanda məni də çağırdı. Mən səhnənin işıqlarını gördüm və cəsarət etmədim ki, ayağımı səhnəyə atım. Teatrda məşqini edib, çıxandan sonra dedi ki, bundan sonra mənə demə ki, aktyor olmaq istəyirəm, aktyor olmaq istəyən səhnədən qorxmamalıdır. Ümumiyyətlə bizim nəsildə incəsənət aləminin nümayəndəsi tək adam olub. Mən bir dəfə atamı görmədim ki, hansısa bir rolu evdə əzbərləsin. Maşına oturub teatra gəlirdik, yanımda oturan Əliabbas Qədirov başqa idi, səhnəyə çıxan Əliabbas Qədirov başqa. Sənətini çox sevirdi. Hətta “Ölülər” əsərində Şeyx Nəsrullah rolunu oynayanda ərəb dili kurslarına getmişdi. Çünki tamaşada ərəbcə sözlər var idi. Sonuncu “Mesenat” tamaşasında da Mərdəkan ləhcəsini öyrənib, eynilə o cür danışırdı. Çünki Hacı Zeynalabdin Tağıyevin obrazını yaratmışdı. Bilirsiniz ki, atam 6 il Akademik Milli Dram Teatrının direktoru işləyib. O müddətdə teatrda çox yaxşı tamaşalar qoyulub. “Mesenat”, “Ölülər” və s. Bunlardan biri də unudulmaz Mir Cəlal Paşayevin “Dirilən adam” tamaşasıdır. Tamaşanın məşqləri zamanı Birinci Vitse Prezident Mehriban Əliyeva gəlib maraqlanardı, öz tövsiyyələrini verərdi. Atam həmişə deyirdi ki, mən Mehriban xanıma heyran qalmışam, görün o babasına necə hörmət edir, tamaşaya necə tövsiyyələr verir. Onun verdiyi tövsiyyələrin tamaşaya böyük xeyri var” deyə İlham Qədirov bildirib.
İlham Qədirov atasının son vəsiyyətindən də danışıb.
 
“Atamla anam böyük sevgi üzərində ailə qurmuşdular və o sevgi, bağlılıq ölənə qədər onlarla birgə yaşadı. Atam 6 ay qan xərçəngindən əziyyət çəkdi. Atamın xəstəliyini anamdan gizlədirdik. Anam atamın xəstə olduğunu biləndə ondan 6 ay əvvəl dünyasını dəyişdi. Hətta anam xəstə yatağında, son günündə atama “Əliabbas, pəncərənin qabağında dayanma, sənə soyuq olar” dediyi sözü də indiyə qədər qulağımdadır. O son günündə belə sevdiyi insanı soyuqdan qorumaq istəyirdi. Atamı xəstəxanaya yerləşdirdik. Son 1 həftəni dedi ki, yanımda yalnız İlham qalsın. Xəstəxanada hər axşam mənə deyirdi ki, mən öləcəyəm və yasıma çoxlu insanlar gələcək. Sənə məsləhətim budur ki, kişinin yasını ya özü verər, ya da övladı. Dostlarım gələcək, sənə pul təklif edəcəklər, onlara təşəkkür edib, heç birindən bir qəpik də götürmə! Filan yerdə vəsait var, onu götürüb yasımı verərsən, axşama qədər də gəlib-gedənin qulluğunda dayanarsan. Hər şeyi atamın vəsiyyət etdiyi kimi etdim” deyə Əliabbas Qədirovun oğlu bildirib.

 






Fikirlər