05.09.2014- 700 bal toplayan tələbələr kimlərin övladlarıdır...
Bəs builki qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərin – artıq I kurs tələbələrinin valideynləri hansı sahələrdə çalışırlar?
Modern.az saytının əməkdaşı bunu nəzərə alaraq, 700 bal yoplayan abituriyentlərin valideynlərinin hansı sahədə çalışdıqları barədə araşdırma aparıb.
Eltun İbrahimov valideynilərinin hansı ixtisas sahibi olmaqlarından asılı olmayaraq, onlarla hər zaman fəxr etdiyini deyir: “Atam peşə məktəbini bitirib və hazırda qaynaqçı olaraq çalışır. Anam isə Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur, amma işləmir”.
Könül Qurbanlı: “Anam Texniki Universitetin məzunudur, amma işləmir. Evdar xanımdır. Atam Bakı Dövlət Universitetinin məzunu olmasına baxmayaraq, Müdafiə Nazirliyininin hərbçisidir”.
Nicat Qasımovun hər iki valideyni Tibb Universitetinin məzunudur və bitirdikləri ixtisas üzrə çalışırlar. Onlar hazırda həkim-pediatr kimi fəaliyyət göstərirlər.
Samir Rzayev: “Anam poliklinikada tibb bacısı işləyir. Atam Vergilər Nazirliyində şöbə müdiridir”.
Fatimeyizəhra Nəbizadə evdə kimsə xəstə olduğu zaman hamı kimi təlaşa düşmədiklərini deyir: “Çünki anam tibb bacısıdır və belə şeylər bizim üçün o qədər də qorxulu deyil. Atam isə Texnoloji İnstitutu bitirib və energetika sahəsində işləyir”.
Məmməd Hacılı: “Anam evdar xanımdır. Atam isə Dövlət Neft Şirkətində qurğu rəisi vəzifəsində işləyir”.
İlkin Məmmədzadə anasının onlarla daha çox maraqlandığını deyir: “Anam evdar xanımdır və ona görə də bütün gününü bizə sərf edir. Atam isə Dövlət Sərhəd Xidmətində hərbçidir”.
Nurlan Quluzadə: “Atam Daxili İşlər Nazirliyində çalışır. Anam isə Neft Akademiyasını bitirib, amma ixtisası üzrə çalışmır. Müəllimə işləyir”.