“Bir də belə seriallar çəkmə!“ – Xalq artistindən Kənan MM-ə SƏRT XƏBƏRDARLIQ...
Xalq artisti Səidə Quliyevanın Yenisabah.az-a müsahibəsi: - Səidə xanım, son illər çəkilən yerli film və seriallardan bir çox sənətçi giley-güzar edir. Bəs sizin yeni işlər barədə müşahidələriniz nədir? - Bilirsiniz, bu hal-hazırda bizim ən ağrılı yerimizdir. Çox qəribə bir tendensiya yaranıb, ümid edirəm tezliklə keçib gedər. Buna da müəyyən insanlar imkan yaradır, keyfiyyətsiz iş ortaya qoyanların dəyirmanına su tökürlər. Nəticədə çox səviyyəsiz, tərbiyəvi əhəmiyyəti aşağı olan, gənclərə heç bir mesaj verməyən seriallar ortaya çıxır və insanların zövqünü korlayırlar. Keçmişdə baxdığımız, özümüzün çəkildiyi filmlər indi də gənclərin zövqünü oxşayır. Mən buna şükür edirəm. Bu gün gənclərimizlə söhbət edəndə deyirlər ki, “Heyf deyildi bizim köhnə filmlərimiz…” Bu məni sevindirir, məsuliyyətlə deyirəm ki, deməli, onların zövqləri korlanmayıb. Bu gün telekanallarda gedən seriallardan, kinoteatrda göstərilən filmlərdən 5-6-nı çıxmaq şərtilə hamısı bizim mədəniyyətimizin inkişafına, zövqümüzə çox böyük zərbə vurur. Zövqlü, dünyagörüşü geniş olan, savadlı insanlar bu işləri heç bir halda qəbul etməyəcək. Mən bunu əminliklə deyirəm. - Bəs bu cür filmlərə baxanlar kimlərdir? - Dünən böyüyən uşaqlar, ikrah hissi ilə o işlərə baxanlar var. Hətta həmin filmlərdən sitatlar da gətirirlər. Bunu “TikTok”da, digər sosial şəbəkələrdə görürəm. Çünki mən də bu işləri izləyirəm, tənqid edə bilmək üçün pisə də, yaxşıya da baxmalısan. Şəxsən mən 8-10 il bundan əvvəl Azərbaycan teleməkanında gedən serialların demək olar ki, hamısına baxırdım. Aralarında xoşuma gələnlər də var idi. Hətta özüm də bu serialların birində iştirak etmişəm. “Aramızda qalsın” serialına 3 il sərasər çəkilmişəm və çox sevinirəm ki, çəkildiyim serial bu gün də tamaşaçıların yaddaşındadır. Tamaşaçılar məni görəndə çox gözəl sözlər deyirlər, hələ də serialdan fraqmentlər sosial şəbəkələrdə paylaşılmağa davam edir. Çünki o serialda tərbiyəvi əhəmiyyət daşıyan fikirlər var idi. Böyüklər öz aralarında olan söhbəti mətbəxə gedərək ikisi həll edirdilər. Çox təəssüflər olsun ki, bugünkü seriallarda buna rast gəlmək olmur. - Həmin serialların adlarını çəkə bilərsinizmi? Onları izləyirsiniz? - Mən hərdən 10-15 dəqiqə həmin seriallara baxanda, dialoqları eşidəndə istər-istəməz kanalı çevirirəm. Konkret sitat gətirəcəyəm: Kənan MM-in çəkdiyi “Eşqə düşdük” serialı. Əgər məndən soruşsalar ki, ay Səidə xanım, o serial nədən bəhs edir? Mən iki cümlə ilə qarşımdakına heç nə başa sala bilməyəcəyəm. Çünki dialoqlardan, aktyorların oyun tərzindən heç nə aydın deyil, bir şey başa düşmək olmur. Heç olmasa, monoloqlar anlaşılan olmalıdır. Mövzunu yazan ssenarist də nəyə qulluq edir bilmirəm. Mənim üçün də çox qaranlıqdır. O serialdan çox narazıyam, çünki Kənan bu seriala qədər bir-iki başqa serial da çəkmişdi, onlar babat idi, baxılmalı idi. Zövqlü, tərbiyəvi əhəmiyyəti olan seriallar çəkmək lazımdır. Yoxsa “Eşqə düşdük” kimi yox. Hər gün saat 18:00-da efirə gedir, xahiş edirəm, cəmi 10 dəqiqə o seriala baxın, görün nə isə başa düşəcəksiniz? Kənanın özünü görmürəm, yoxsa bunu ona deyərdim. Mənim onun şəxsiyyətinə hörmətim var, ağır insandır, işini biləndir, çox xahiş edirəm bir daha belə şeylər çəkməsin. Komediya çəkmək istəyirsiniz? Hər dəfə tragediya çəkmişik, bu dəfə komediya çəkək demisiniz? Bu komediya deyil axı. Elə bilirlər ki, komediya onun-bunun başına qapaz, arxasına təpik vurmaqdan, gic-gic sözlərdən ibarət olmalıdır. Bilmirəm bunu pula görəmi edir, ya başqa səbəb var, amma bu onun reytinqini çox aşağı saldı. Belə şeylər eləməsin. - Bir çox sənətçi serialların keyfiyyətsizliyini aktyorlara verilən qonorarın aşağı olması ilə əlaqələndirir. Bəs sizcə, səbəb budur? - Xeyr, bununla razı deyiləm. Məsələn, bayaq adını çəkdiyim seriala məni dəvət edirlər, çox yüksək də qonorar təklif edirlər. Amma qonorar da çox şeyi həll etmir, axı ortaya qoyulan işin özünün səviyyəsi çox aşağıdır. Düzdür, bu gün aktyorlara çox aşağı qonorar verirlər, amma həmin serialları çəkənlər də professionallar deyil. Kimin əlinə 5 manat pul düşürsə, deyir ki, mən serial çəkəcəyəm. Bu bizim yaralı yerimizdir. - Bəs burada məsuliyyət kimin üzərinə düşür? - Mən bir sənət adamı kimi buna fikir bildirirəm, amma mənim fikirlərimi nəzərə alan olacaqmı? Serial cameəsində ən mübariz insanlardan biri mənəm, mənim kimi bəlkə 50-100 adam da var, amma həmin serialları telekanallara buraxan kanal rəhbərləridir. Onların məsuliyyəti olmalıdır ki, belə serialları efirə buraxmasın, xalqın zövqünü korlamasın. Mən tamaşaçılarımdan üzr istəyirəm, amma artıq zövqü korlanmış insanlar belə o seriallara baxa bilmirlər. İnsanlar Azərbaycan telekanallarına baxmaq istəmirlər, şəxsən mən ancaq axşamlar xəbərlərə və Mədəniyyət kanalına baxıram. Yay olanda isə yerli telekanallara baxdıqca dəhşətə gəlirəm. Bütün yay boyu həmin serialların təkrarını verirlər. Heç olmasa, zövqlü seriallar olsun ki, təkrarını da verəndə tamaşaçı baxsın. Bu mənim üçün çox ağrılı yerdir. Danışsam da heç kəs səsimə səs vermir. Verilişlərdə də dəfələrlə demişəm ki, dəyirmi masa edək, sənətkarlar yığışsın, müzakirə edək, danışaq. Lakin məsələ danışmaqla orada qalmasın, müzakirənin nəticəsini görmək lazımdır. Əgər mən danışıramsa, sözümün heç bir qüvvəsi yoxdursa, danışmağın nə mənası? Mənim də özümə görə statusum, hörmətim var, əgər sözüm yerə düşəcəksə, onda məni niyə dilləndirirsiniz? Çox pis vəziyyətdəyik, bu gün kameranı əlinə alan, bir az pulu olan serial çəkir, heç bilmir ki, bu sənət nədir. Elementar çəkiliş qaydalarını bilmirlər. Əgər onlar serial çəkib xalqın zövqünü korlayırlarsa, cinayətkardırlar! Bəsdir, bu millətin zövqünü korladınız! 3 mindən çox şəhid vermişik onların həyatından, qazilərin həyatından seriallar çəkin. Onların həyatı hərəsi bir serial mövzusudur, qüdrətiniz varsa, onları yazın. Camaata üç badam, bir qoz göstərməyin, bu xalqın ağrısını-acısını, kasıbını, oliqarxını çəkib göstərin. - Səidə xanım, serialları bildik, bəs filmlərin göstərildiyi kinoteatrların üzərinə də məsuliyyət düşürmü? - Kinoteatrlar neyləsin, onlar bir müəssisədir. Onlara filmləri göndərirlər, əmr verilir, kinotetrlar da bundan pul qazanırlar, filmləri göstərib özlərini maliyyələşdirirlər. Məsuliyyət filmləri ora göndərənlərin üzərinə düşür. Sovet dövründə kinoteatra film göndərilməzdən əvvəl bir neçə baxışdan keçirilirdi, lisenziyalar alırdı. İndi isə bu yoxdur. Mən Mədəniyyət Nazirliyində bu işə baxanlara üzümü tutub deyirəm, nə vaxta qədər belə filmlərə şərait yaradacağıq? Özü də biletlər çox baha qiymətə satılır. Vallah, Vaqif Mustafayevin filmləri getsə, heç o qiymətə bilet almazlar.