XALQ ARTİSTİ FİKRİNİ DƏYİŞDİ

Həmidə Ömərova: “Həmişə hesab edirdim ki, seriallar evdar qadınlar, təqaüdçülərin başını qatmaq üçün bir vasitədir”

 

Azərbaycanda serialların çəkilməsinə baxmayaraq hələ də bu sahədə çatışmazlıqlar, qüsurların olduğunu söyləmək mümkündü. Tamaşaçı bir-iki yerli serialı çıxmaq şərti ilə bu gün də daha çox türk seriallarına maraq göstərir. Kimisi ssenarilərin zəifliyindən şikayət edir, kimisi rejissor peşəkarlığının olmamasını önə çəkir, kimisi də aktyor oyununun qeyri-səmimiliyini irad olaraq göstərir. Hər halda bu və ya digər səbəbdən bu gün Azərbaycan serial bazarı hələ də ürəkaçan deyil. Və bir danılmaz həqiqət var ki, bizdə türk serialları kimi möhtəşəm işlər ortaya qoyan hələki yoxdu.
Nə türklərin "Kara Sevda”sına, nə "Paramparça”, "İçəridə”, nə də son günlər böyük maraqla izlənən "Kalbimdəki Dəniz” seriallarına olan maraq yerli seriallara şamil oluna bilməz. Azərbaycan tamaşaçısı adlarını çəkdiyimiz bu seriallara daha çox maraq göstərirlər. Hətta yeni türk serialı olan "İçimdəki fırtına” serialı belə ekrana gələn ilk gündən Azərbaycan tamaşaçısının diqqətini çəkə bildi. Deməli, bizim serial bazarında olan boşluqları hələ də doldurmaq mümkün olmayıb. Bəs görəsən, Azərbaycanın tanınmış kino xadimləri nə düşünür? Niyə yerli seriallarımız türk serialları ilə rəqabətə tab gətirə bilmirlər? Milli seriallarda çatışmayan nədir?
Suallarımıza Xalq artisti Həmidə Ömərova cavab verdi. "Şərq”ə açıqlamasında Xalq artisti kino sahəsində olan qüsurları dilə gətirdi. "Azərbaycanda çəkilən serialların keyfiyyətindən razısızmı” sualına Xalq artisti "Mən heç kimin zəhmətini kölgələmək niyyətində deyiləm. Hazırda mən bir neçə kanalda müxtəlif serialların çəkilməsi haqqında eşidirəm. 
ATV-də son vaxtlar "Günəşim ol”, "Vicdan haqqı” kimi seriallar göstərirlər. Xəzər televiziyasında da bir neçə serial təqdim olunur. Bildiyimə görə, dövlət televiziyası da belə filmlər çəkir. Serialların çox çəkilməsi yaxşı haldır. Sizə bir faktı etiraf edim. Peşəkar aktrisa kimi mənim bu vaxta qədər seriallara münasibətim çox mənfi idi. Belə hesab edirdim ki, seriallar evdar xanımlar və təqaüdçülərin başını qatmaq üçün bir vasitədir. Amma indi mən nə qədər çox işim olsa da, axşamlar böyük məmnuniyyətlə serialları izləyirəm. Əvvəllər türklərin çəkdiyi "Aşkı memnu”ya baxırdım. Türkiyənin "Fox” kanalında gedən bir neçə serialları izlədiyimi deyə bilərəm. "Paramparça” və başqa bu kimi seriallar da mənim seyr etdiyim filmlər arasındadır. Mən bir fakta fikir vermişəm: sən demə, bu serialların əksəriyyəti Türkiyədə tanınmış klassik yazıçıların bədii əsərlərinin ekranlaşdırılmasıdır. Məhz onların bu cəhəti məni cəlb edir. Bilirsiz, bədii filmin həcmi azdır. Əgər roman ekranlaşdırılsa, filmdə onun əsas və əlavə xətlərini göstərmək olmaz. Amma serial formasında sevdiyimiz, məmnuniyyətlə oxuduğumuz bədii əsərləri çox asanlıqla tamaşaçılara təqdim etmək olar. Bununla da gənc nəsli milli dəyərlərə daha da yaxınlaşdırmış olarıq. Bu gün gənclərimizi əsasən nə maraqlandırır? Əlbəttə ki, kompyuter və kompyuter oyunları! Uşaqlarımızı belə seriallarla adət-ənənələrimizə, keçmişimizə bağlamaq olar. O qədər böyük yazıçılarımız var ki. Niyə biz dost-qardaş ölkə olan Türkiyə kinematoqrafiyasından nümunə götürməyək? İstərdim ki, Mirzə Cəlilin "Ölülər”i, Qurban Səidin "Əli və Nino”su serial formatında ekranlaşdırılsın. Buna əlbəttə ki, biz sevinərik. Belə ekran əsərlərinin çəkilməsində xalqımız qazana bilər. Bunun üçün də əlbəttə ki, peşəkar rejissorlar, professional aktyorlar çalışmalıdır. Bir sözlə, peşəkar komanda işi nümayiş etdirilməlidir. Serialların çəkilməsi üçün vacib amillərdən biri də vəsaitdir. Bura çoxlu pullar ayrılmalıdır. Yenə Türkiyə təcrübəsindən nümunə gətirəcəm. Fikir versəniz görərsiniz ki, türk serialları 4-5 kamera ilə çəkilir, amma mən burda bir seriala çəkiləndə bir kamera ilə gedirik. Tərəf-müqabilimi çəkirlər, təkrar məni çəkəndə artıq bu süni alınır. Serialı baxımlı edən əsas iri plandır, yəni obrazın siması, gözləri və s. Amma bizdə bir kamera olduğu üçün film çəkilərkən kadrlar üst-üstə düşmür və ona görə də montaj vaxtı yalnız ümumi plan saxlanılır. Ona görə deyirəm ki, keyfiyyətli texnika olmalıdır. Peşəkar rejissor, professional aktyor və təcrübəli texniki kollektiv olarsa, biz keyfiyyətli seriallar yarada bilərik. Sizə onu deyim ki, bizdə çox güclü aktyorlar var. Amma çox təəssüf ki, peşəkar rejissorlarımız barmaqla sayılacaq qədər azdır” söylədi.
Texniki baxımdan zəiflik serialın baxımlılığına təsirini göstərmiş olur. Bu fikri Xalq artisti belə izah etdi:
"Bilirsiz, filmlərdə əsas dialoqdur. Dialoq isə psixoloji prosesdir. Əgər bir neçə kamera ilə film çəkilsə, onda bizim biri-birimizə olan reaksiyamız da düzgün alınacaq. Serial mükəmməl rejissor işi və mükəmməl montaj tələb edir. Bütün bunlar biri-birini tamamlamalıdır. Sizə məşhur sovet filmi olan "Çapayev”i nümunə göstərim: Vasiliyev qardaşları bu filmi çəkəndə onun montaj edilməmiş versiyasını Moskvada olan bədii şura onu qəbul etməmişdi. Qardaşlar filmin montaj edilmiş son versiyasını təqdim etdikdə isə həmin ekran əsərinin mükəmməl çəkildiyi sübut olundu. Hətta bu film dövlət mükafatının sahibi oldu. Bizdə nə peşəkar rejissor, nə rejissor köməkçisi, nə də montajçı var. Xarici aktyorlar bizim aktyorlardan çox şey öyrənməlidir. Amma çəkiliş kollektivinin digər üzvlərinə bunu şamil etmək olmaz. İstərdim ki, rejissorlar, montajçılar, operatorlar bir neçə ay gedib xarici ölkələrdə təcrübə keçsinlər”.
Həmidə Ömərova serialların bəzən qeyri-professionallar tərəfindən çəkildiyinə də iradını bildirdi: 
"Mən Moskva Kinematoqrafiya İnstitutunu oxumuşam. Ora mənə aktyorluq peşəsinin əlifbasını öyrədib. Amma öz peşəmi təcrübə sahəsində öyrənmişəm. Hər filmdə aktyor nəsə öyrənir, mənimsəyir. Musiqi aləti necədir? Məsələn, tarda çalmasan, o köklənməz. Rejissorlarımız da elədir. Onlara bəzən yazığım gəlir. Elə vaxt olur ki, rejissorlar uzun müddət film çəkmir. Etiraf etmək lazımdır ki, bizdə serial çəkmək təcrübəsi yoxdur. Rejissorlarımız gedib təcrübə yığmalıdır. Mən universitetdə xarici kino tarixindən dərs deyirəm. Hansı rejissorun həyatını oxuyuruq, onun hansısa ölkədə gedib təcrübə keçdiyinin şahidi oluruq. Həmçinin dahi Frederik Fellini də. Biz tələbə olanda Moskvada da belə idi. Amma indi, dünən universiteti qurtarır, bu gün serial çəkir. Sənətkar üçün istedad və peşəkarlıq vacib amildir. Türkiyədə orta hesabla ildə 400 serial çəkilir. Onlardan heç olmasa 20-si xüsusi tamaşaçı sevgisi qazanır. Çəkilən serialın reklamı da güclü aparılır. Çəkiliş prosesinə fikir verirəm, sözün yaxşı mənasında heyran qalıram. Az qala hər aktyorun bir qrimçisi var. Amma bizdə bütöv komandaya bir qrimçi olmur. Bütün problemlərdən sonra biz kinodan keyfiyyət tələb edirik. Axı hansı haqla?!”
Xalq artistinin sözlərinə görə, əgər filmi, serialı çəkən rejissor peşəkar deyilsə, ondan ciddi ekran işi gözləməyə də dəyməz: 
"Ekran işinin ərsəyə gəlməsində birbaşa rejissorun üzərinə böyük yük və məsuliyyət düşür. Amma burada digər komanda üzvləri də öz payını götürməlidir. Çünki film çəkmək komanda işidir. Təsəvvür edin ki, hansısa tanınmış rejissoru göndərirlər Azərbaycana film çəkməyə. Altı-yeddi kamera ilə işləmiş adam gəlib burdakı vəziyyəti görsə hansı təəssüratla geri qayıdacağını təsəvvür edin. Bəzən deyirlər ki, aktyor üçün əsas istedad olmalıdır. Amma mən razı deyiləm. İstedadla yanaşı, aktyorda peşə vərdişi də olmalıdır. Yəni təcrübədə aktyor peşəkarlığı üçün əsas şərtlərdəndir. Rejissor və ümumiyyətlə yaradıcı heyət cəmiyyətin problemini qabartmalıdır. Tamaşaçılar da elə filmlərə baxır ki, o filmdə onun problemi qabardılır, onun düşündüyü mövzudan söhbət gedir. İnsanlar bu gün daha çox ailə-məişət problemləri qabardılan filmlərə maraq göstərirlər. Çünki ailədaxili münasibətlər, evlənmək, boşanmaq təkcə kiçik bir icmanın deyil, bütövlükdə bəşəriyyətin reallığıdır”.






Fikirlər