“Səviyyəsiz, ara mahnıları oxumaqdansa, qoy belə mahnılar oxusunlar...” -İlahə Fəda

“Səviyyəsiz, ara mahnıları oxumaqdansa, qoy belə mahnılar oxusunlar...”-İlahə Fəda

“Əliağa Vahidə görə bir gecədə nə qədər pul qazandım, sonra da onu ziyarət etdim”

 “Vaxtında nə oxumuşamsa, hamısını sevə-sevə oxumuşam. Təmənnasız, pul güdmədən etmişəm. Fikirləşməmişəm ki, bunu edib, pul qazanım. Ümumiyyətlə, mən sənətə gələndə pul qazanmağı düşünməmişəm. Məsələ buradadır, kökdədir. Mən oxumağa başlayanda heç bilmirdim ki, oxuyub pul qazanırlar. Heç ağlıma da gəlmirdi. Mən sizə 1994-1995-ci illərdən danışıram. Mən bilmirdim ki, gedib oxuyursan, sənə pul verirlər. İlk dəfə pul qazananda məhtəəl qalmışdım ki, belə xoşbəxtlikmi olar?! Həm oxuyursan, sevdiyin işi görürsən, həm də pul qazanırsan. Mən Azərbaycan musiqisində dahi Üzeyirin qoyduğu yolla getməyə başlamışam, getdikcə də görmüşəm ki, ən gözəl, uzun yol budur. Ən çətin yol da budur. Bu yolda pul olmasa da olar. Heç nəyə görə peşman deyiləm. Hətta sevinirəm ki, nə yaxşı ki, bu yolla getmişəm”

 Bunu Moderator.az-a açıqlamasında müğənni İlahə Fəda deyib. Müğənni daha sonra əlavə edib.

 “Mən sadəcə oxumaq istəmişəm. Başıma gələn bir hadisəni sizinlə bölüşmək istəyirəm. Oxumağa yeni başlamışdım. Mərdəkanda, restoranların birində çox gözəl bir məclis var idi. Mən də oxumağa başlayandan ancaq bildiyim mahnıları ifa edirdim. O vaxt mənə aid yazılmış xüsusi mahnılar yox idi. İlahə Fəda deyildim, yeni addımlayırdım. Məclisdə bildiyim mahnıları oxuyuram. Bildiyimiz mahnılar da hansılardır?! Əlbəttə ki, Şövkət xanımın, Flora xanımın, Mirzə Babayevin, Əbülfət Əliyevin repertuarından. Arada muğam da oxuyuram. Muğamı da ancaq Əliağa Vahidin repertuarından oxuyuram. Bir balaca muğam oxuyan kimi, təsəvvür edin ki, nə qədər pullar gəldi. Vahidin qəzəllərini o qədər sevirəm ki. Həm sadə, həm də el dilinə yaxın tərzdə yazıb. Gecə saat 3-4 olardı ki, məclis dağıldı. Vahidin qəzəllərinə görə bir gecədə nə qədər pullar qazandım. Musiqiçi dostlara dedim ki, bu pulları mən qazanmamışam, Əliağa Vahid qazanıb. Gəlin gedib Vahidin məzarını ziyarət edək. Gecə ilə Vahidin qəbrini tapa bilmədik. Getdik Masazır kəndinin içində Vahidin heykəlinin qarşısına, onu ziyarət etdik. Dedim ki, “sənətkar, çox sağ ol ki, bu pulları sənin hesabına mən qazandım. Sən həmişə yaşayırsan. Mən ölüb gedəcəyəm, amma sənin sözlərin yaşayacaq” deyə İlahə Fəda deyib.

 Bu günlərdə gənc müğənni Ruzigar, İlahə Fədanın “Gedəcəyəm” mahnısını ifa edib. Müğənniyə bu haqda da sual ünvanlayırıq.

 “Bu mahnımı bir çox gənc ifa edib. Özü də hərəsi fərqli üslubda. Onlar da elə bacarırlar da. Mahnının ruhu var, onu hiss etmək lazımdır. Səviyyəsiz, ara mahnıları oxumaqdansa, qoy belə mahnılar oxusunlar. Özümü xoşbəxt hesab edirəm ki, vaxtında belə səviyyəli mahnılar oxumuşam. İllər keçsə də, zaman ötsə də, mahnı öz gözəlliyini, aktuallığını itirməyib. Görürsünüzmü mən necə ağıllı müğənniyəm? (gülür). Necə sənətə vaxtında dəyər vermişəm” deyə müğənni bildirib.

1087644

1087646






Fikirlər