Ölənə QƏDƏR yaza bilməyən MƏŞHUR – Video
Bu gün Azərbaycanın xalq artisti, Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri Lütfəli Abdullayevin doğum günüdür. Axar.az xatırladır ki, Lütfəli Abdullayev 1914-cü ilin bu günündə Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. Maraqlıdır ki, Lütfəli Abdullayev məktəbdə yaxşı oxuyan şagird olmayıb. Ali təhsil də almayıb. Ömrünün sonuna kimi nə Azərbaycan, nə də rus dilində yazmağı bacarıb. Yalnız ərəb əlifbasını bilib. Rusca isə ancaq 2-3 kəlmə söz deyirmiş. Kitab oxumaqla da arası olmayıb. Rollarını isə canından çox sevdiyi həyat yoldaşı Sevda Pepinovanın köməyi ilə öyrənirmiş. Sevda xanım rolu onun üçün oxuyur, o da özünə lazım olan qeydləri götürür, vacib bildiyi sözləri, cümlələri ərəb əlifbasında yazırmış. Rolu əvvəldən axıra kimi köçürmürmüş. Götürdüyü kiçik qeydlərlə yaradacağı obraz beynində canlanırmış. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayır. Tezliklə yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunda oynayır. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilir. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Abdullayev Milli Dram Teatrına keçir. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayır. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarında çıxış edir. Lütfəli Abdullayev həm də populyar kino aktyoru olub. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli roludur. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib. 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1960-cı ildə xalq artisti fəxri adını alıb. Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib.