10.01.2014 - Hüseyn Abdullayev bu dəfə sükutu musiqisi ilə pozdu - (Video)
AzerTaym.az xəbər verir ki, mətbuatla əlaqələrini demək olar ki, kəsən H.Abdullayev ara-sıra öz facebook səhifəsindən paylaşdığı statuslarla diqqət mərkəzinə düşür.
H.Abdullayev bu dəfə də facebook-da göründü. Amma statusla yox, özünün bəstələdiyi məlum “Mənim ölkəm” və “Bu da keçər” mahnılarını paylaşmaqla.
Xatırladaq ki, H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F.Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılmış və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi. Sonradan H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edildi, barəsində 2 il sınaq müddəti müəyyən olundu və o, məhkəmə zalından azadlığa buraxıldı.
İndi isə H.Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
H.Abdullayev hazırda Almaniyadadır. Azərbaycanın hüquq-mühafizə orqanları bir müddət öncə eks-deputatı İnterpol vasitəsilə axtarışa verib.