ARİF Alışanovla QULU Məhərrəmliyə müraciət: “ ..ZƏNGİLAN, QUBADLI işğal altındadır”
Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətin (AzTV) sədri Arif Alışanovkla tanınmış telejurnalist Qulu Məhərrəmli arasında neçə müddətdir davam edən gərginlik sonda məhkəmə ilə nəticələndi. Tərəflərin çəkişmələri indi məhkəmə müstəvisində davam edir. Onların təmas xəttində bir həftəyə yaxın davam edən döyüş zamanı belə, çəkişmələrinə ara verməmələri ictimaiyyətin qınağına səbəb olub. Bu məsələ ilə bağlı Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı hər iki tərəfə müraciət edib. O bildirib ki, cəbhədə vəziyyətin bu şəkil aldığı bir zamanda belə tanınmış şəxslərin enerjilərini gərəksiz məsələlərə sərf etmələri bütün cəmiyyət üçün təəccüb doğurur. “Azərbaycanın torpaqları, o cümlədən bu iki tanınmış simanın doğulduqları Zəngilan və Qubadlı rayonları işğal altındadır. İndi bütün cəmiyyətin fikri cəbhəyə yönəlib. Ona görə də xahiş edərdik ki, Arif Alışanovla Qulu Məhərrəmli məhkəmə çəkişməsinə son versinlər. Öz enerjilərini lazımsız məsələlərə deyil, jurnalistikamızın inkişafına, peşəkarlığın artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə sərf etsinlər.
Əminəm ki, onlar bizim fikirlərimizi anlayışla qarşılayacaqlar və bu qarşıdurmaya son verəcəklər.
Bu arzuolunmaz məhkəmə çəkişməsindən jurnalistikamız zərər çəkir”.