İslamda MÖZÜZƏ məsələsi
Möcüzə sözü lüğətdə ərəb dilində "bir şeyə gücü çatmamaq" mənasındakı "əcz" kökündən törəyən kəlmədir. Qurani-kərimdə möcüzə kəlməsi işlədilməməklə yanaşı "əcz" kökündən feil və sifət qəlibləri "aciz qalmaq, çarəsiz buraxmaq, Allahın ayələrini yalanlamaq məqsədilə yarışmaq" mənalarında 21 ayədə keçməkdədir. Hədislərdə də möcüzə kəlməsi istifadə olunmamışdır ancaq, "əcz" kökündən törəyən müxtəlif ifadələr lüğəvi mənada istifadə olunnmuşdur.
Qurani-kərimdə peyğəmbərlərin Allah tərəfindən göndərilmiş həqiqi elçilər olduğunu sübut edən fövqəlbəşər hadisələr çox yerdə "ayə" kəlməsilə ifadə edilmişdir. Hz. Salehin (ə.s.) dişi dəvəsi, Hz. Musanın əsası ilə parıltılı əli, Hz. İsanın göstərdiyi xariqələr və kafirlərin peyğəmbərlərdən möcüzə tələb etmələri bu kəlmə ilə ifadə edilmişdir. Hədislərdə də peyğəmbərlik dəlilləri ümumiyyətlə "ayə" kəlməsi ilə ifadə edilmişdir.
Milli.Az sunna.az-a istinadən bildirir ki, kəlami termin olaraq möcüzə kəlməsinin nə vaxt istifadə olunmaya başlandığı dəqiq bilinməməklə birlikdə Cahiz, Əli ibn Rabban ət-Təbəri kimi ilk dövr alimlərinin əsərlərində yer almamaqdadır və bu terminə h. IV əsrdən etibarən rast gəlinmişdir. Əşari ilə Maturudinin möcüzə kəlməsini dolayı da olsa istifadə etmələri bunu sübut etməkdədir. Kəlamçılar möcüzəyə fərqli təriflər vermişdirlər. Maturudi möcüzəni "Peyğəmbərlərin əlində ortaya çıxan və bənzəri elm ilə meydana gətirilə bilməyən hadisə" deyə tərif etməkdədir. Qadi Abdulcabbara görə isə Allah tərəfindən yaradılan, peyğəmbərlik iddiasında olan şəxsin doğruluğunu göstərmək niyyəti daşıyan və xüsusiyyətləri baxımından insanların bənzərini gətirməkdən aciz buraxan fövqəlbəşər hadisədir.
Kəlam alimləri möcüzələri idrak edilmələri etibarilə üç qrupa ayırırlar.
Hissi möcüzələr: İnsanların duyğularına xitab edən fövqəlbəşər hadisələrdir. Bunlara təbiətlə əlaqələri səbəbilə "kövni möcüzələr"də deyilir. Quranda bildirildiyinə görə hissi möcüzələr keçmiş peyğəmbərlər tərəfindən göstərilmişdir.
Xəbəri möcüzələr: Peyğəmbərlərin Allahdan gələn vəhyə dayanaraq verdikləri qeyb xəbərləridir. Üsyankar toplumların başlarına gələcək fəlakətləri əvvəlcədən bildirmələri və bu fəlakətlərin eynilə olması, İsanın müxatəblərinin evlərində nə yeyib, nəyi gizlətdiklərini xəbər verməsi, Rəsulullahın bizanslıların iranlıları savaşda məğlub edəcəyini xəbər verməsi bu növ möcüzələrdəndir.
Əqli möcüzələr: "Mənəvi möcüzə" və ya "elmi möcüzəsi" deyə də tərif edilən bu qrup möcüzələr, insanların fikir və qərar vermələrinə xitab edən və onları rasional dəlillərlə qarşı-qarşıya qoyan həqiqətlərdən meydana gəlir. Bunlar hissi möcüzələrdə olduğu kimi müəyyən zaman və məkanla məhdud deyildir.
Möcüzələr məqsədləri baxımından da üç qrupa ayrılmışdır.
Hidayət möcüzələri: Təhəddi (meydan oxuma) şərti çərçivəsində inkarçıların gözü qabağında və onları acizliyə düşürəcək şəkildə zühur edən möcüzələrdir. Bu növ möcüzələr sağlam fikirli şəxslərə fayda verir. Hz. Musanın (ə.s.) əsası, Hz. Salehin (ə.s.) dəvəsi, Hz. İsanın şəfa möcüzəsi və Hz. Məhəmmədin (s.ə.s.) Quran möcüzəsi bunlardan hesab olunur. Hidayət möcüzələri ilə toplum arasında yaxın bir əlaqə olur. Bu möcüzələr insanları fikir, elm və sənət yönünüdən məharət sahibi olduqları sahələrdə aciz buraxır. Əsas hədəfləri də peyğəmbərin doğruluğunu sübut etmək yolu ilə ilahi mesajın qəbuluna zəmin hazırlamaqdır.
Yardım möcüzələri: İnsanların ehtiyaclarını qarşılamaqla əlaqəli olaraq zühur edən ilahi yardımlardır. Yardım möcüzələri möminlərin yanında ortaya çıxan digər möcüzələrin əsas xüsusiyyətlərini daşımaz. Hz. Musanın İsrail oğulları üçün Allahın əmri ilə qayadan su çıxarması, göydən qüdrət halvası və bildirçin, qövmünün kölgələnməsi üçün bulud gətirməsi, Bədir və Xəndək müharibələrində mələklərin müsəlmanlara yardım etməsi bu növ möcüzələrdəndir. Quranda bu kimi hadisələr "nusrət" kəlməsi ilə ifadə edilmişdir.
Həlak möcüzələri: İnkarda israr edən qövmlərin cəzlandırılması ilə əlaqəli möcüzələrdir. Qurandakı açıqlamalara görə belə möcüzələr şiddətli fırtına, qorxunc bir gürultu, tufan, zəlzələ kimi təbii fəlakətlər tərzində gerçəkləşdiyi kimi, düşmənlər tərəfindən qətl edilmək şəklində də ortaya çıxmışdır. Nuh qövmünün tufanla, Səmud, Ad, və Mədyən xalqlarının qorxunc bir gürultu ilə, Lut qövmünün zəlzələ ilə, Firon və ordusunun dənizdə boğularaq yox olması bunlardandır.
İslam alimləri risalətin sübutu və peyğəmbərlərin təsdiq edilməsində möcüzə göstərmənin zəruriliyi barəsində müxtəlif fikirlər irəli sürmüşlər. Əhli-Sünnə alimlərinə görə sağlam fikirli şəxslər həqiqi peyğəmbəri söz, feil və gözəl xislətlərindən tanıya bilsələr də peyğəmbərlərə qarşı inad edən təkəbbürlü inkarçılar üçün möcüzə göstərməkdən başqa çarə yoxdur. Çünki onlar ancaq bu səbəblə məsul ola bilərlər. Mötəzilə kəlamçılarına görə isə peyğəmbərin tanınmasında möcüzə hərkəs üçün lazımdır. Peyğəmbərlik ilə vəzifələndirilən şəxsin risalət öncəsində əxlaqlı, doğru danışan və etimadlı olması peyğəmbərlik üçün kifayət deyildir. Bu xüsusiyyətlər möcüzənin zühurundan sonra dəlil yerinə keçə bilər. Peyğəmbərlik iddia edən şəxsin doğruluğunun müəyyən olmasında hidayət möcüzələri əsas, digər dəlil və əlamətlər isə dəstəkləyici ünsürlərdir.
Alimlərin əksəriyyətinə görə Hz. Peyğəmbərə bir digər möcüzələrlə yanaşı, hissi möcüzələr də verilmişdir. "Ayın yarılması", "Bədr muharibəsində mələklərin müsəlmanlara yardım etməsi", "Hz. Peyğəmbərin atdığı bir ovuc qumun düşmənlərin gözünə dəyməsi" hadisələri Quranda bəhs olunan hissi möcüzələrdəndir. Rəsulullahın "az yeməklə bir çox insanı doyurması", "az suyu çoxaltması", "əlindəki daşların Allahı zikr etməsi", "bəzi heyvanların onunla danışması", "çağırdığı ağacın yanına gəlməsi" hadisləri də hədis və siyər qaynaqlarında nəql edilən hissi möcüzələrdəndir.
Milli.Az