Qadını necə XOŞBƏXT etmək olar?
Müsəlman kişilərin bilməsi lazımdır 1. Həyat yoldaşınızı tərifləməyə tənbəllik etməyin. Onun əməyini qiymətləndirin. Məsələn, bişirdiyi xörəkləri həvəslə yeyib təşəkkür edin. Xörək xoşunuza gəlməsə belə, üzünə vurmayın. Sonra uyğun bir zamanda mülayim şəkildə bəyənmədiyiniz cəhətləri ona çatdırın, bu zaman eyhamdan, misal çəkməkdən və zarafatdan da istifadə edə bilərsiniz. 2. Mübahisə etməyə can atmayın, problemləri xoşluqla çözün. Nəzərə alın ki, həyat yoldaşınıza qarşı kobudluq etsəniz, onu da sizə qarşı kobudluğa təhrik etmiş olarsınız. 3. Həyat yoldaşınızı mehribanlıqla səsləyin, onu özünün xoşladığı əzizləyici ad və ləqəblərlə çağırın. Məsələn, Peyğəmbərimiz bəzən həyat yoldaşına əzizləyici ləqəblə müraciət edirdi. 4. Qadınınıza sürprizlər edin. Gözlənilməz hədiyyələrlə onu sevindirin. Hədiyyənin baha ya ucuz olması şərt deyil, mühüm olan diqqətdir. Xüsusilə, bayram günlərində imkan daxilində onu hədiyyəsiz qoymamağa çalışın. Hədiyyə seçərkən təbii gül almağı unutmayın. Hədiyyə almağa imkan yoxdursa, xoş davranışla, şirin sözlə, ev işlərində kömək etməklə bunun əvəzini verin. 5. Hirslənəndə dilinizi qoruyun, acıdillik etməyin. Elə sözlər deməyin ki, hirsiniz soyuyanda peşmançılıq çəkəsiniz. Unutmayın ki, acı söz insanın qəlbində yara açır və bu yaranın sağalması uzun çəkə bilər. 6. Həyat yoldaşınıza tez-tez gülümsəyin. Onunla ünsiyyətdə olduğunuz zaman üzünüzdən təbəssümü əskik etməyin. Hədislərdə buyurulub ki, təbəssüm də bir sədəqədir. Unutmayın ki, təbəssüm məhəbbəti artırır. 7. Onun vəziyyəti, səhhəti, problemləri ilə maraqlanın, ona qayğı və nəvaziş göstərin. Xüsusilə, hamiləlik və heyz günlərində onunla mehriban davranın. 8. Ev işlərində imkan daxilində həyat yoldaşınızın əlindən tutun. Ağır işləri görməsinə imkan verməyin, ona yardım göstərin. Onun zəhmətkeşliyini tərifləməyi də unutmayın. Gördüyü işləri gözardına vurmayın, onu daha da həvəsləndirin. 9. Uşaqların tərbiyəsində ona yardım edin. Övlad tərbiyəsində ananın öz yeri, atanın isə öz yeri var. Ana heç zaman atanı bütövlükdə əvəz edə bilməz. Uşaqlara qulluq etməkdə də həyat yoldaşınıza əl tutun. Bu, ailənizi möhkəmlədər. 10. Həyat yoldaşınızın yaraşıqlı olduğunu ona söyləyin. Onun özü haqqında bədbin və mənfi fikirdə olmasına imkan verməyin. Xalq içində bir məsəl var ki, qadın qulağı ilə sevir. 11. Həyat yoldaşınızı qısqandığınızı ona bildirin. Əlbəttə, qısqanclıqda həddi aşmayın. Qadın, ərinin onu normal dərəcədə qısqandığını adətən, diqqət və sevgi əlaməti kimi qəbul edir. 12.Diqqətinizi ondan əsirgəməyin, onu unutmadığınızı göstərin. Hər zaman onunla maraqlanmağa, ondan xəbər tutmağa çalışın. Həyat yoldaşınız sizsiz bir yerə gedəndə zəng vurub danışın. İşdə olduğunuz zaman da vaxt tapıb evə zəng vurun, hal-əhval tutun. 13. Həyat yoldaşınızın öz qohumları ilə əlaqə qurmasına əngəl olmayın, onu valideynlərindən, bacı-qardaşından ayırmayın. Əgər onlardan xoşagəlməz hərəkət görsəniz də, həyat yoldaşınızın xatirinə bağışlayın. 14. Həyat yoldaşınızı qohumların yanında tərifləməkdən çəkinməyin. Həm onun, həm də öz qohumlarınızın yanında onun müsbət xüsusiyyətlərindən (yeri gələndə) danışın. Bəyənmədiyiniz cəhətləri isə müzakirəyə çıxarmayın. 15. Öz dostlarınızı ondan üstün tutmayın. İşdən çıxandan sonra vaxtınızı əbəs yerə dostlarla keçirməkdənsə, evə tez gəlməyə çalışın. 16. Ailə tədbirlərini, əlamətdar günləri unutmayın. Məsələn, toyunuzun ildönümündə həyat yoldaşınızı təbrik edin. Həftə sonları və bayram günlərində ailəvi gəzməyə çıxın və ya qonaq gedin. Əgər bu barədə qabaqcadan həyat yoldaşınıza söz vermisinizsə, vədənizi yerinə yetirin. 17. Həyat yoldaşınızın keçmiş səhvlərini ona xatırlatmayın. Allahın eyibləri örtməsindən ibrət götürün. 18.. İbadətlərdə ona yardım edin. Əgər sübh namazına yatıb qalmışsa, onu oyadın. Onu ibadətə həvəsləndirin, imanını artıran söhbətlər edin. Birlikdə ziyarətgahlara, dini məclislərə gedin. Hicab məsələsində ona mənəvi dayaq olun. 19.. Dualarınızda həyat yoldaşınızı da xatırlayın. Onun dünya və axirəti üçün xeyir-dua edin, hər ikinizin günahlarınızın bağışlanmasını, ailənizin möhkəm və xoşbəxt olmasını Allahdan diləyin. 20. Ondan sirr saxlamayın. Qazancınızı ondan gizlətməyin. Gizlilik ailədə anlaşılmazlıqlar yaranmasına və ərlə arvadın bir-birindən soyumasına gətirib-çıxarır. Maddi və mənəvi çətinlikləri birlikdə müzakirə edin, çıxış yolları axtarın. Bu, həm də qadında ailənin bərabərhüquqlu üzvü olmasına inamı gücləndirər. 21. Bütün əməl və sözlərinizlə ona bildirin ki, o, sizin həyatınızda müstəsna yerə malikdir və o, Allahın sizə bəxş etdiyi ən yaxşı həyat yoldaşıdır. İnanın ki, əgər belə etsəniz, həyat yoldaşınız daha böyük sevgi ilə sizə cavab verəcək. 22. Yaddan çıxarmayın ki, siz onun həyatda əsas dayağısınız. Bu məsuliyyəti lazımınca dərk edin. 23. Öz əxlaqınız və xasiyyətiniz üzərində işləyin. Xasiyyətiniz nə qədər yaxşı olarsa, həyat yoldaşınız sizinlə bir o qədər mehriban olacaq və ailənizdə bir o qədər sakitlik, sevgi və anlaşma hökm sürəcək. Hər şeyi həyat yoldaşınızdan gözləməyin. Yaranan problemlərdə öz səhv payınızı da etiraf etməyi bacarın. 24 Hər kəsin nöqsanları var, səhvsiz və ideal insan yoxdur. Həyat yoldaşınızı olduğu kimi qəbul etməyə çalışın. Ondan, bacardığından artığını tələb etməyin, səhvlərini bağışlayın. P.S. Qadınlar ALLAHın sizə verilən əmanətidir. Onları QIRmayın, İNCİTməyin! AzerTaym.az