Sahib Ələkbərov: Bizdə FAKTLAR var
Azərbaycanda bu günə 6 347 şou-biznes nümayəndəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini qeyd edib ki, həmin şou-biznes nümayəndələri ümumilikdə əvvəllər ildə 46-50 min manat həcmində vergi ödəyib: "Halbuki, bu pulu onların arasında 50-100 nəfəri ödəməlidir. Bu gün də bir müğənni bizim haqqımızda belə böhtan yayıb. Amma bizdə faktlar var. Faktlara görə, həmin şəxs 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1 829 manat, 2008-ci ildə 2 979,5 manat, 2009-cu ildə 351,4 manat, 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə 700 manat, bu il isə bir qədər sıxdıqdan sonra 2 098 manat vergi ödəyib". Hazırda 55 vergi işi məhkəmədədir və 596 nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb. Qeyd edək ki, tanınmış müğənni Abbas Bağırov bu gün sosial şəbəkədə vergi orqanlarını ona qarşı qərəzli mövqe tutmaqda ittiham edib.