“Allah ikinizi də öldürsün, Hitleri də, səni də…” - BU GÜN KİNO günüdür
“Ay camaat, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib…” Məşhur filmdən məşhur sitatı lapdan xatırlamadıq. Bu gün kino işçilərinin peşə bayramıdır. Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib. Azərbaycan kinosunun keçdiyi yol bir əsri çoxdan arxada qoyub. Belə ki, kinomuzun tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjet (“İlişdin”) Azərbaycan kinosunun ilk filmləridir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tbilisi, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. Həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində”" romanı əsasında eyniadlı Azərbaycanın ilk bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tbilisidə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında Azərbaycanın ilk kinokomediyası çəkilib. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib. 1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”. “Nəsimi”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Ögey ana”, “Böyük dayaq”, “Görüş” və digər filmlər milli kinomuzun ən gözəl inciləridir. Kino işçilərini təbrik edirik. * Fotoları təqdim edirik