Nazim Hikmət Hüseyn Cavidi niyə bəyənmirdi?
Böyük türk şairi Nazim Hikmətin Bakıya bir neçə dəfə gəlməsi, hətta görkəmli yazıçımız Yusif Səmədoğlunun toyunda iştirak etməsihaqqında yəqin məlumatlısınız. Hər halda bu barədə ən azı mətbuatda müəyyən məlumatlar dərc edilib. Nazim Hikmətin iki dəfə Gəncədə olması haqqında, daha doğrusu bu səfərlərin maraqlı detalları barədə isə yazılanlar o qədər də çox deyil. Bu mənada yazıçı, dramaturq Altay Məmmədovun Nazim Hikmətin səfəri haqqında yazdıqları dəyərli mənbə hesab oluna bilər. Altay Məmmədovun “Xatirələr işığı” kitabında “Nazim Hikmət Gəncədə” adlı xatirə povesti də var və düşünürük ki, bu povestdə oxucuların marağına səbəb ola biləcək detallar kifayət qədərdir. Altay Məmmədov yazır ki, bizə, yerli ədəbiyyat həvəskarlarına Nazin Hikmətin xəbəri nağıl, yuxu, möcüzə təsiri bağışlamışdı. Nazim Hikmət Bakıda imiş, o, “Kəllə” pyesinin (İstanbuldan sonra) ilk dəfə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tamaşasına baxmaq istəyirmiş. Altay Məmmədov yazır ki, Nazim Hikmətin Gəncəyə gəlməsinin ikinci və daha əsas səbəbi bu idi: o, oğlu kimi sevdiyi Əkbər Babayevin dədə-baba evinə qonaq gəlirdi. Məlumat üçün deyək ki, Əkbər Babayev məşhur türkoloq olub. Atası Ağa Rza Axund Molla Ələkbər oğlu 1947-ci ildə Stalin hökumətinin qəzəbinə tuş gələrək “pantürkist” damğası ilə 25 il müddətinə azadlıqdan məhrum edilib. 1953-cü ildə isə ”millətlər atası”nın vəfatından sonra bəraət ala bilib. Əkbər Babayev 15 yaşında orta məktəbi bitirib. Yaşı az olduğu üçün instituta sənəd verə bilmir. Bu səbəbdən də atası onun yaşını sənədlərdə bir il artıq qeyd etdirir. Əkbər əvvəlcə institutun hüquq fakultəsinə daxil olur. Lakin, çox keçmir ki, ”bu peşə mənlik deyil” – deyib oradan uzaqlaşır. Ədəbiyyat və incəsənətə dərin marağının olması onu ADU-nun filologiya fakultəsinə gətirib çıxarır. Ə.Babayev 1941-ci ildə müharibə başlandıqda, hərbi-tərcüməçilik məktəbini bitirib cəbhəyə göndərilir. 1942-ci ilin əvvəllərində Xarkov ətrafında gedən döyüşlərdə yaralanır. Sağaldıqdan sonra Bakıya qayıdır və təhsilini davam etdirir. Eyni zamanda Azərbaycan Radio Verilişləri Komitəsində çalışır. 1945-1946-cı illərdə Əkbər Babayev Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk şöbəsi" nəznindəki aspiranturaya daxil olur. Eyni zamanda Moskva Radio Verilişləri Komitəsində çalışır və bir çox türk yazıçılarının əsərlərini rus dilinə tərcümə edir. Atasının həbs olunması Əkbərin təhsilinə də öz təsirini göstərməyə bilməzdi. Onun aspiranturada təhsil almasına maneələr yaranır. Nazim Hikmətlə tanışlıqdan sonra isə hər şey dəyişir. Görkəmli türk şairinin Moskvaya gəlişi onun aspiranturaya bərpa olunmasına böyük köməklik edir. Məhz, böyük türk şairinə olan hədsiz sevgisi sonralar, 1951-ci ildə Əkbər Babayevi Nazim Hikmətin yaradıcılığı mövzusunda "Nazim Hikmət-Sülh uğrunda mübarizdir" namizədlik dissertasiyasını müdafiə etməyə sövq edir və görkəmli alimlərin təklifi ilə bu sahədə tədqiqatlarını davam etdirir. Əkbər Babayev Moskvada yaşasa da Gəncəni də unutmurmuş. Ömrünün son illərində Moskvanın müxtəlif nəşriyyatlarında Əkbər Babayevin 8 kitabı çap olunub. Bunların sırasında Nazim Hikmətin yaradıcılıq yolunu işıqlandıran sanballı monoqrafiya xüsusi qeyd edilir. Həmin əsər həmçinin Türkiyədə, Polşada, Rumıniyada, Yuqoslaviyada, İraqda da nəşr olunub və Nazim Hikmət haqqında ən dəyərli, etibarlı bir tədqiqat əsəri kimi yüksək qiymətləndirilir. Əkbər Babayev Nazim Hikmətin 8 cildlik əsərləri toplusunun Bolqarıstan nəşrinə bilavasitə rəhbərlik edib. Səmərəli elmi-tədqiqat və ədəbi yaradıcılıq fəaliyyəti ilə yanaşı, Türkiyə ilə ədəbi və mədəni əlaqələrin genişlənməsində də Babayev faydalı xidmət göstərib. Şərqşünaslıq institutunda apardığı elmi işlə yanaşı Əkbər Babayev istedadlı tərcüməçi kimi də fəaliyyət göstərirdi. Nazim Hikmətin, Əziz Nesinin və başqa türk yazıçılarının ən gözəl əsərlərini rus dilinə tərcümə edir, başqa tərcüməçilərə dəyərli məsləhətlər verir və bir sıra tərcümə əsərlərini redaktə edirdi. O, Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsi, Moskva nəşriyyatlarında çap edilib geniş yayılması sahəsində də xeyli əmək sərf edib. O, "Azərbaycan poeziyası antologiyası" adlı kitabını Moskvada rus dilində xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə çap etdirib. Qayıdaq Altay Məmmədovun xatirələrinə, Nazim Hikmətin Gəncə səfərinə. Altay Məmmədov yazır: “Tutqun payız səhəri. Səbrimiz tükənirdi. Nəhayət, qatar gəldi. Qatar adəti üzrə üçüncü yola qəbul olunurdu. Qəzəbli idik... Niyə Nazim Hikməti gətirən qatar birinci yola qəbul edilmir? Vaqondan Nazim Hikmət, Süleyman Rüstəm, Mehdi Hüseyn, Əkbər Babayev, bir də şairin həkimi Qalya düşdülər. Nazim Hikmət təsəvvürümdəki kimi əzəmətli deyildi, elə bil sıxılmışdı. Makentojunun yaxalığını qaldırmışdı, asta addımlarla (hava sakit idi, amma o elə bil küləyə qarşı gedirdi) relsləri keçirdi. Hamı ilə bir-bir görüşdü. Əkbər təqdim eləyirdi”. Xatirələrdə çox maraqlı və bizə elə gəlir ki, çox mühüm bir yer var. Nazim Hikmət görkəmli Azərbaycan şairi Hüseyn Cavid yaradıcılığı haqqında maraqlı məqama toxunur: “...Açığını deyim ki, mən əvvəlcə Nazim Hikmətin dediklərini çətin anlayırdım. O, İstanbul dialektində, xalis ədəbi dildə danışırdı. Görünür çox həyəcanlı idim və mənə elə gəlirdi ki, o da mənim suallarımı dəqiq başa düşməz. Burada ən münasibi Əkbərə müraciət idi. Mən Əkbərə müraciət elədim, narahat bir sualla: - Əkbər, ustad Hüseyn Cavidin yaradıcılığı ilə tanışdırmı, fikri nədir, necə qiymətləndirir? ( sual təxminən belə qurulmuşdu). Əkbər sualı aydınlaşdırmağa macal tapmamış Nazim Hikmət əsəbiliklə dilləndi, dodaqları səyriyirdi: - Mən ilk dəfə Bakıda olarkən Hüseyn Cavid haqqında sözlərimi dedim. Görünür, bəziləri bundan düz nəticə çıxarmayıb. Mən Cavidin dilini tənqid etdim. O çox böyük, qüdrətli sənətkar idi. Lakin mütəfəkkir əgər istəyirsə ki xalq onu başa düşsün, gərək onu dilində qounşmağı bacara, onun İstanbuldakı arkadaş və müəllimləri öz dillərini artıq dəyişmişdilər. Hüsyen Caviddə bu dəyişmə mənə ləng göründü. O, köhnə, ərəb, fars tərkibli dildə yazmaqda davam edirdi. Mənim Cavidə iradım bu idi. Təkrar deyirəm: mən Cavid dramaturgiyasını çox bəyəndim. Cavid müqtədir, filosof, peyğəmbər bir şair...”