Rektorla sabiq deputatın qalmaqalı böyüyür: “Özünə hörmət qoysun”

Rektorla sabiq deputatın qalmaqalı böyüyür: “Özünə hörmət qoysun”Sabiq millət vəkili Nazim Məmmədov ilə Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli arasında yaranan “qaz qalmaqalı” böyüyür.

Belə ki, N.Məmmədov deputat olduğu vaxtda Gədəbəyin Düzrəsullu, Şınıx kəndlərinin qazlaşdırılmasını həyata keçirdiyini, lakin rektorun bu işi öz adına çıxardığını iddia etmiş və onu yalançı adlandırmışdı.

Sabiq deputatın rektoru yalançılıqda ittiham etməsindən sonra universitetin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Əliyev N.Məmmədova qarşı sərt sözlər işlətmişdi.

Bildirmişdi ki, sabiq deputat küçə söhbətləri edir, o iştirak etdiyi sünnət toylarında, başıdumanlı adamların qeyri-ciddi dedi-qoduları ilə təlimatlanır.

Nazim Məmmədov Ş.Əliyevin səslədirdiyi ittihamlara AzNews.az-da aydınlıq gətirib. O, ümumiyyətlə belə bir adam tanımadığını deyib:

"Mən bilmirdim ki, Nazim Hüseynlinin "kollec" adı ilə tanınan Universitetində ictimaiyyətlə əlaqələr üzrə xidmət rəhbəri var imiş. Ünvanıma səsləndirilən fikirlərə isə ancaq onu deyə bilərəm ki, mənə qarşı qərəzli münasibət rektor tərəfindən 2000-ci ildən, hətta mən deputat seçilən vaxtdan başlayıb.

Çünki sözügedən rektor 1995-ci ildən mütamadi olaraq Gədəbəydən namizədliyini irəli sürür, amma seçilmir”.


N.Məmmədov hazırda rektorun kəndində olduğunu, N.Hüseynlinin ona qarşı anti-təbliğat apardığının şahidi olduğunu bildirib:

“Mənə qarşı "qaz və yol" çəkdirmək məsələsi ilə, guya bu işləri o gördürübmüş deyə "anti təbliğat" aparır. Onun yaxınlarının facebookda məni izlədiklərini nəzərə alaraq bir status yazdım ki, özünə hörmət qoysun. Görünür, yenə öz ampluasındadır. Ona görə xatırlatmaq istəyirəm ki, cənab rektor ola bilər ki, mənim cənab prezidentin bölgələrə səfərləri zamanı onunla müzakirə etdiyim məsələlər barədə məlumatsız ola bilər. Yəqin rector mənim Milli Məclisdə seçicilərimin problemləri ilə bağlı çıxışlarımı dinləməyib, hökumət qurumları ilə görüşlərimdən xəbəri olmayıb, büdcə müzakirələri ilə bağlı komitəmizdə mənim təbii qazla, yolla bağlı təkidlərimi də görməyib.

Ancaq 1995-ci ildən hər dəfə namizəd kimi seçkilərə qatıldığı MM-in deputatının statusu ilə özəl universitet kollecinin rektoru vəzifəsinin fərqini də bilmirmi? Kimin bu məsələlərə təsiri nə qədər ola bilər, onu ayırd etmək intelekti də yoxdur”?


N.Məmmədov Şəfayət Əliyevə onun tərcümeyi-halı ilə yaxından tanış olmasını məsləhət bilib.

Xatırladaq ki, tərəflər arasında qalmaqal Gədəbəyin Düzrəsullu, Şınıx kəndinin qazlaşdırılması üstündə düşüb. Nazim Məmmədovun iddiasına görə, kəndlərin qazlaşdırılması onun əməyi hesabına başa gəlib, lakin sonradan Avrasiya Universitetin rektoru Nazim Hüseynli onun işinə kölgə salaraq məsələni öz adına çıxarıb. Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin sözçüsü Şəfayət Əliyev isə sabiq deputatın çıxışını küçə söhbəti adlandırıb
.






Fikirlər