23.05.2014. - “O, əsl Azərbaycan kişisidir” -Aybəniz Haşımova (FOTO)

23.05.2014. - “O, əsl Azərbaycan kişisidir” -Aybəniz Haşımova (FOTO)Xalqımızın dəyərli səsi və ifaçısı Zakir Əliyevin 22 may doğum günü və sənətdə olmasının 35-ci ilidir.

"Sevindirici hal odur ki, böyük ifaçı yubileyi ərəfəsində dövlət başçımız cənab İlham Əliyev tərəfindən yüksək dövlət statusu - əməkdar artist fəxri adı ilə təltif olundu". ANS-in məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə paylaşdığı təbrik yazısında qeyd edib.
Sevilən sənətçi bidirib ki, bu addım əsl sənətkarlara böyük mükafatdır.
"O gün olsun ki, "Heydər Əliyev" ordeninə layiq görülsün. Çünki Zakir Əliyevin misilsiz ifaçılığı və xalqının musiqisinə hələ körpə yaşlarından təmannasız, yorulmaz xidməti onu bu zirvəyə aparır.
Zakir Əliyev Azərbaycan kişisinin bariz nümunələrindəndir. Reklam, var-dövlət xətrinə Zakir müəllim daşıdığı sənət adına heç zaman xələl gətirmədi, yalnız xalqının imicini, adını, sənətini düşündü. Onun sənət ustadları Şövkət xanım Ələkbərova, Arif Babayev onunla hər zaman fəxr etdilər.

Zakir Əliyev hələ körpə yaşında ikən böyük Üzeyir Hacıbəyovun 100 illik yubileyində Moskvada - Böyük Teatr səhnəsində “Leyli və Məcnun” əsərini oxumaq və yüksək alqışlar şərəfinə nail oldu. Zakir Əliyev ulu öndər Heydər Əliyevin 1980-ci ildə imzası ilə açılmış sinfin qaliblərindəndir.

Əvəzolunmaz ustad sənətkar və mənim ustadım Şövkət xanımın Zakir Əliyevin ünvanına dediyi “Zakir oxuyur, elə bilirəm Zülfü oxuyur. Zakir bala Zülfüdür” kəlmələri hələ də xatirimdən getməyib.

Zakir Əliyev hələ körpə yaşlarından əsl sənətkar ifaçı idi. Bu gün də yüksək sənət göstəricisi ilə musiqimizə xidmət edir. Allahdan ona can sağlığı, uzun ömür arzu edirəm.

Mən Zakir müəllimlə və digər uşaqlıq dostlarımla həmişə fəxr etmişəm, edirəm də. Allah onları mənə və xalqımıza çox görməsin. Doğum günün mübarək, əziz və əvəzolunmaz dost!” - deyə, daha sonra A.Haşımova sözlərinə əlavə edib.






Fikirlər