27.04.2014. - Zakir Qaralov bu dəfə ağac əkdi
Belə ki,"AzerTaym.az" saytı məlumat verir ki, virtualaz.org-un əldə etdiyi xəbərə görə, Baş Prokurorluğun əməkdaşları bu gün şəxsən baş prokuror Zakir Qaralovun rəhbərliyi altında iməciliyə çıxıblar.
Onlar adi günlərdən fərqli olaraq cinayətkarları tutub dama basdırmaqla yox, ağac basdırmaqla məşğul olublar. Bu aksiya mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunub.
Xəbərdə deyilir ki, prokurorluğun əməkdaşları bu gün şəhərə çıxaraq bir neçə yüz ədəd ağac əkiblər. Qeyd edək ki, Zakir Qaralov belə tədbirlərdə ilk dəfə deyil iştirak edir. Bu dəfə o özü də şəxsən ağac əkib. Bunu virtualaz.org saytına açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, prokurorlar 1500-dən çox ağac əkiblər.
Nə demək olar?! Prokurorlar çox yaxşı ənənə yaradırlar. Digər güc strukturları da bundan nümunə götürsələr, yaxşı olar. Adi günlərdə korrupsionerləri dama basdırmaq, istirahət günü isə ağac basdırmaq ümumi ab-havaya da faydalıdır: ölkədə oksigen çoxalar, korrupsioner azalar.