19.06.2014.- Sabir Rüstəmxanlı İranın VHP-yə hücumundan danışdı

19.06.2014.- Sabir Rüstəmxanlı İranın VHP-yə hücumundan danışdıVətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı medianın suallarını cavablandırıb.
Qeyd edək ki, bir neçə gün öncə “Vətəndaş həmrəyliyi” qəzetinin elektron versiyası olan vhppress.az saytından bir sıra ictimai-siyasi şəxslərə partiya sədri Sabir Rüstəmxanlı və digər partiya funksionerlərinin adından mesajlar göndərilib, həmin insanların elektron poçt ünvanları, “Facebook” sosial şəbəkəsindəki səhifələrinin ələ keçirilməsinə cəhd göstərilib. Partiyanın rəsmi saytı vhp.az saytına da haker hücumu olsa da, sonradan saytın fəaliyyətini bərpa etmək mümkün olub.

- Sabir bəy, son günlər VHP-yə hücumlar nədən qaynaqlanır?
- Partiyamızın rəsmi saytı və “Vətəndaş həmrəyliyi” qəzetinin elektron versiyasına haker hücumu oldu, hətta şəkillər tamamilə yoxa çıxmışdı. Tədricən materiallar silinir. Facebook sosial şəbəkəsindəki səhifələrimizə də hücumlar olub. Bizim adımızdan müxtəlif saytlarda materiallar yerləşdirilir, guya kimsə haqqında nəsə demişik və bu barədə müxtəlif ünvanlara məktublar göndərilir. Bunların hamısı təxribatdır və arada münaqişə yaratmaq üçündür. Ona görə də saytımızı və sosial şəbəkədəki hesablarımızı müvəqqəti olaraq bağlamışıq ki, bu axın keçib getsin. - Şübhələndiyiniz kimsə varmı? Bu haker hücumu kimlər tərəfindən ola bilər?
- Yox, konkret olaraq şübhələndiyim kimsə yoxdur. Bu barədə konkret heç nə deyə bilmərəm.
- Sizin Dünya Azərbaycanlıları Konqresi (DAK) adından İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinə olan müraciətinizi İran səfiri şərh etməkdən imtina etdi. Qarşı tərəfdən cavab gözləyirdiniz?
- DAK-ın bəyanatında tələb olunurdu ki, səfir Azərbaycana qarşı diplomatik çərçivələrə sığmayan ifadələr işlətdiyinə görə Azərbaycan xalqından üzr istəməlidir. Səfir söyləmişdi ki, guya xalqın heç bir birlik istəyi yoxdur. Bu, xalqın illər uzunu yaşatdığı ideallara hörmətsizlik idi. Dövlətimizlə bağlı diplomatik ölçülərə sığmayan fikirləri də vardı. Bu bəyanatımıza normal şəkildə cavab verilməli idi. Bunların bu cür rəftarına öyrəşmişik. Ona görə də vəziyyət məni narahat eləmir. Əslində səfirin verdiyi bəyanatın özü elə cavabdır.
- Partiyanız builki bələdiyyə seçkilərinə qatılacaqmı?
- Şübhəsiz qatılacağıq.
- Hansısa partiyalarla əməkdaşlıq gözlənilir, yoxsa təkbaşına iştirak edəcəksiniz?
- Hələ o barədə qərara gəlməmişik.
- Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərini necə şərh edərdiniz? Avrasiya İttifaqına qoşulmaq üçün ölkəmizə təzyiqlər olunduğu fikirlər fonunda bu səfərə yanaşmanız necədir?
- Məncə, Azərbaycan seçimini edib. Müstəqillik qazandığından sonra aparılan siyasət Azərbaycanın Qərbə inteqrasiyası istiqamətində olub. Ona görə də SSRİ-dən sonra MDB və ya Avrasiya İttifaqı adına təşkilatların hamısı Azərbaycanı təzədən qaytarıb Rusiyanın öz köhnə hüdudlarına salmaq, keçmiş imperiyanı bərpa etmək siyasətidir. Bu mənada hesab edirəm ki, danışıqlar heç nəyi dəyişməyəcək. Sual edirlər ki, Rusiya Qarabağın qaytarılması istiqamətində real variantlar təklif edir. Məncə, buna bənzər vədlər MDB yarananda da olmuşdu. Qarabağla bağlı ciddi addımlar atılarsa, o zaman Azərbaycan qərarını verər. Öncədən heç bir şey demək olmaz.
- ABŞ səfiri Riçard Morninqstarın son bəyanatı fonunda Sizcə, Azərbaycanla ABŞ arasındakı münasibətlər hansı səviyyədədir?
- ABŞ böyük ölkədir, öz maraqları və qonşuları var. Miqyasımızı nəzərə alsaq, Azərbaycanla əslində Amerikanın çox sıx əlaqələri var. Ölkəmiz səviyyəsində o qədər ölkələr var ki, bəlkə də ABŞ-la heç bir münasibəti yoxdur. İki ölkə arasında hansısa soyuqluq hiss etmirəm. Əksinə hesab edirəm ki, ildən-ilə münasibətlər yaxşılığa doğru gedir.
- Dünən Azərbaycan Yazıçılar Birliyininə yeni sədr seçkiləri oldu. Anardan yeni sədrlik müddətində gözləntiniz nədir?
- Mən yazıçıyam. Öz işimi görəcəyəm, kitablarımı, yazılarımı yazacağam. AYB də güman edirəm ki, qurultaydan sonra daha ciddi enerji ilə işə başlayacaq.


Nərgiz






Fikirlər