14.07.2014- Nazirin işçiləri karvansarada alt paltarı sərib qurudur - (Fotofakt)

14.07.2014- Nazirin işçiləri karvansarada alt paltarı sərib qurudur - (Fotofakt)Azərbaycan özünün zəngin və qədim tarixinə, gözəl təbiətinə və qonaqpərvər insanlarına rəğmən hələ də nəinki dünyanın, hətta heç regionun da turizm mərkəzinə çevrilə bilməyib.

Azərbaycanda iqtisadiyyatın bu ən gəlirli sahəsinə dövlət tərəfindən yüz milyonlarla manat sərmayə qoyulsa da ortada heç bir nəticə yoxdur. Səbəb bu sahədə hökm sürən dərəbəylik və məsuliyyətsizlikdir.

Nümunə üçün Azərbaycana gələn turistlər arasında populyar yerlərdən biri olan və qədim Böyük İpək Yolunun üstündə yerləşən Şəki Karvansara Kompleksini götürək. Bura hər il minlərlə turist gəlir ki, orta əsrlər Azərbaycanının bu qədim ticarət mərkəzi ilə tanış olsun. Amma bəs orada nə görürlər?
Bu günlərdə sözü gedən məkanda ailəvi istirahətdən qayıdan həmkarımızın redaksiyamıza təqdim etdiyi bir fotoşəkil həmin karvansaraya baş çəkən turistlərin qarşılaşdığı dəhşətli mənzərəni bütün çılpaqlığı ilə açıb ortaya qoyur.
Belə ki, fotoşəkildən də göründüyü kimi, XVIII əsrə aid olan bu qədim tarixi karvansara kompleksini ziyarət edən turistlər orada qədim arxitekturanın və interyerin gözəllikləri əvəzinə..., qurumaq üçün karvansaranın məhəccərlərinin üstünə sərilmiş alt paltarları görüblər. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu kompleksin işçilərindən kimsə, yaxud kimlərsə tarixi binanın eyvanını zivə hesab edərək öz paltarlarını, o cümlədən alt paltarlarını oradan asıb qurudurmuş.

Beləliklə, bu murdar mənzərə ilə qarşılaşan əcnəbi turistlər nəinki təkcə Azərbaycanın XVIII əsr mühitini, həm də azərbaycanlıların hələ də elə XVIII əsrdə yaşamaqda davam etdiklərini əyani şəkildə görüblər.

Əbülfəs Qarayevin nazirliyi isə susur. Mədəniyyət və Turizm Nazirliyinin bu susqunluğu haradasa başadüşüləndir. Axı fotodan gördüyümüz mənzərədən əslində nə mədəniyyətin, nə də turizmin qoxusu gəlmir.
Mədəniyyət və Turizm Nazirliyi yazıq neyləsin?!



"AzerTaym.az"






Fikirlər