Deputat: “O şəkil çəkiləndə Elçin Şıxlıya deyirdim ki, İsmayıl əmidən sonra Kür yetim qalıb”
Deputat Aqil Abbas zaman-zaman müxtəlif mövzularla bağlı sosial şəbəkələrin gündəminə çevrilir. İnsanlar sosial şəbəkələrdə Aqil Abbasın səsləndirdiyi fikirləri bəzən günlərlə müzakirə edirlər.
Məsələn, ötən ilin yanvar ayında Ağcabədidə iş və ucuzluq istəyən əhalinin etirazları ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandıran deputat rayondakı işsizliklə əlaqədər “Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha, bunu. Mən də istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar”,-deyə bildirmişdi.
Sosial şəbəkələrdə isə deputatın “soğan ək, ailəni saxla” ifadəsi birmənalı qarşılanmamışdı və nəticədə istifadəçilər günlərlə bu məsələni müzakirə etmişdilər. Onu hətta təhqir etməkdən belə çəkinmirdilər. Bu məsələ indi də ara-sıra gündəmə gətirilir.
Milli Məclisdə çıxışı zamanı Aqil Abbas, yarızarafat da olsa, bu kimi hallara öz münasibətini aşağıdakı kimi bildirmişdi:
“Bu gün Azərbaycan parlamentinin ən çox söyülən deputatları mən, Fazil Mustafa və Hadı Rəcəblidir. Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü”...
İki gün öncə isə Aqil Abbasın sosial şəbəkələrdə tanınmış jurnalistlər Elçin Şıxlı və Qulu Məhərrəmli ilə fotosu paylaşılıb. Fotoda Aqil Abbas Elçin Şıxlıya tərəf əlini uzadaraq nə isə deyir. Bu məqam istifadəçilərin marağına səbəb olub və Aqil Abbasın burada hansı fikri söyləməsi müzakirə obyektinə çevrilib.
Aqil Abbas “Yeni Müsavat”a bildirib ki, sosial şəbəkələrdə hər zaman onu tənqid edirlər: “Hələ indiyə qədər görməmişəm ki, sosial şəbəkədə kimsə mənə rəğbət göstərsin. Ancaq bəlkə də ən azı mindən çox adama köməyim dəyib. İndi də haqqında danışılan şəkil çəkiləndə mən Elçin Şıxlıya deyirdim ki, İsmayıl əmidən sonra Kür yetim qalıb. İnanın ki, bax belə də deyirdim həmin vaxt. Mən Kürün sahilinə tez-tez gedirəm. İsmayıl əmidən (İsmayıl Şıxlı-red.) sonra həqiqətən də Kür yetim qalıb. Onun dəliliyi gedib”.
Aqil Abbas bildirib ki, sosial şəbəkədə Azərbaycanın həqiqi söz deyən adamlarını xaricdən maliyyələşən bir qrup şəbəkə istifadəçisi susdurmaq istəyir:
“İstəyirlər ki, danışmasınlar. Çünki düşünürlər ki, doğru sözü, həqiqəti söyləyən adamları susdurmaq lazımdır. Onlar buna çalışırlar və müəyyən mənada da susdura bilirlər. Çünki adamlar abır-həyalarına qısılırlar”.