Peyğəmbərimizin sağlamlıqla bağlı TÖVSİYƏLƏRİ
Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir. Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar. Hər mövzuda olduğu kimi sağlamlıq mövzusunda da bütün aləmlərə örnək olan Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) gündəlik vərdişlərinin təkcə ruhi və mənəvi cəhətdən deyil, həm də sağlamlıq – fiziki cəhətdən olan faydaları müasir dövrün sağlamlıq mütəxəssisləri tərəfindən elmi cəhətdən sübüt olunmaqda və tətbiq edilməkdədir. Günümüzə qədər gəlib çatan belə sağlamlıq vərdişlərindən bəzilərini təqdim edirik: Erkən oyanmaq Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) hər gün axşamdan erkən yatıb sübh namazının azanı ilə oyanardı və namazdan sonra yatmazdı. Elm sübut edir ki, erkən oyanmaq insanı daha da məhsuldar və eləcə də ruhi sağlam edir. Ola bilər ki, ilk vaxtlar tezdən oyanmaq çətin olsun, lakin uşaqlıqdan hətta ən azı 15 dəqiqə daha tez oyanmağı vərdiş etməklə siz özünüzün və övladınızın həyat keyfiyyətini artırmış olarsınız. Erkən durmağın faydalarından əlavə günorta yuxusunun da insan, xüsusən, uşaq sağlamlığına və inkişafına əhəmiyyəti sübuta yetirilmişdir Az yemək Həqiqətən də, çox yeməyi insanın özü-özünü zəhərləməsinə bənzədirlər. Alimlər çoxsaylı araşdırmalardan sonra əmin olmuşlar ki, insanın mədəsi dolu olmayanda dərindən və lazımi qaydada nəfəs almaq olduqca asanlaşır və oksigen maddələrin normal mübadiləsi və ciyərlərin tam təmizlənməsi üçün kifayət qədər orqanizmə daxil olur. Dərindən alınmayan nəfəs isə insan ömrünü qısaldır. Peyğəmbəri yanaşma olan “mədənin üçdə biri yemək, üçdə biri maye, üçdə biri nəfəs üçün” konsepti isə hal-hazırda dünya dietoloqları tərəfindən geniş şəkildə tətbiq edilməkdə olan yaponların “hari haçi bu” konseptinə uyğun gəlir ki, bunun da mənası “mədənin 80%-i dolana qədər ye” deməkdir. Təəccüblü deyil ki, bu yemək qaydası dünyada ən uzun ömürlü insanların yaşadığı Yaponiyanın Okinava adasından qaynaqlanmışdır. Tələsmədən yemək Biz yenicə öyrənmişik ki, vücudumuzun beyninimizə “doyma” siqnalını ötürməsi üçün 20 dəqiqəlik vaxta ehtiyacı vardır. Tələsmədən yemək az miqdarda qida qəbul etməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Bizim Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) də bu yemək qaydasına riayət edib və ümmətinə tələsmədən yeməyi tövsiyə etmişdir. Həmçinin yeməyi sağ ilə yeyib, mayeni də eyni əl ilə qəbul etməyi bizə məsləhət bilmişdir. Birlikdə yemək Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) yeməyi təkbaşına deyil, başqaları ilə bölüşərək yeməyi tövsiyə etmişdir. Mütəxəssislər qeyd edir ki, birlikdə yemək və yeməyi paylaşmaq insanlarda stressi azaldır, ailə münasibətlərini möhkəmləndirir, uşaqlarda özünə inam və ailəyə bağlılıq hissini artırır və onlarda sağlam qida vərdişlərini yaradır. Həmçinin Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə isə tənqid etmədən, susaraq yeməzdi. Su içmək Mötəbər qaynaqlarda bildirilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) su içərkən üç dəfə nəfəs alıb, verərdi. Müasir elmi araşdırmalar göstərir ki, insan çoxlu miqdarda suyu qısa vaxt ərzində birbaşa içirsə, onda baş ağrısı, qanda elektrolitlərin disbalanslığı, bəzi hallarda isə başgicəllənmə müşahidə olunur. Suyu fasilə ilə qəbul etmək onu həzm etməyə və faydalarını əldə etməyə kömək edir. Ballı su içmək Qeyd olunur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) soyuq su ilə qarışdırılmış bal içməyə vərdiş etmişdir. Bir çay qaşığı balı bir stəkan su ilə qarışdırdıqda 30% bal qarışımı alınır ki, bu da inanın qan plazması ilə eyni qatılıq deməkdir. Ballı su tez bir zamanda orqanizm tərəfindən qana sovrulur və bədəndə toplanan toksinlərin atılmasına kömək edir. İmuniteti yüksəldir, bədənə enerji verir, beynin daha iti çalışmasına yardım edir. Məhz bu səbəbdən uşaqlara (bala allergiyası olmayanlara) səhər dərsə getməmişdən öncə ballı su içməyi vərdiş halına salmaq gözəl olardı. Bir araşdırma ballı suyun yüksək xolesterinə sahib olan insanların xolesterin səviyyəsini 2 saat içərisində 10%-ə qədər azalda bildiyini sübut etmişdir. Su və bal ürək xəstəlikləri və qan dövranı problemləri ilə mübarizədə çox yaxşı təbii vasitədir. Üzü üstə yatmamaq Həkimlər tövsiyə edir ki, onurğa sütununun çəkisinə görə təkcə böyüklər deyil, hətta kiçiklər də qarınları üzərində yatmamağa vərdiş etməlidirlər. Çünkü bu tərzdə yatmaq daxili orqanlara və onurğa sütununa mənfi təsir göstərir. Bu cəhətdən də analar onurğa sütünü tam inkişaf etməmiş uşaqlarına qarşı daha diqqətli olmalı və uşaqlıqdan övladlarını üzü üstə yatmamağa alışdırmağa çalışmalıdırlar. Təmizliyə diqqət yetirmək Məlumdur ki, təmizlik sağlamlığın vacib ünsürlərindəndir. Şəxsi gigiyenaya fikir vermək bir çox yüngül və ağır xəstəliklərin ən effektiv üsullarından biridir. Təmizliyə riayət etmək ciddi profilaktik mahiyyət daşıyır. Uşaqları kiçik yaşlardan ən azından Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) aşağıdakı tövsiyyələrinə alışdırmaq gərəkdir: Yeməkdən əvvəl və sonra həmçinin yuxudan oyanan kimi əlləri yumaq. Yeməkdən sonra ağızı yaxalamaq. Dırnaqları kəsmək. Dişləri gündə dəfələrlə təmizləmək. Gördündüyü kimi, mükəmməl texnoloji tibbi avadanlıqlar və investisiyalar hesabına əldə edilən müasir sağlamlıq bilikləri bütün bu şərtlərin və texnoloji imkanların olmadığı bir zamanda – təqribən 1400 il əvvəl Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun) Allahın ona bəxş etdiyi ağıl və vəhy sayəsində bildirilmişdir. Biz də bir ümmət olaraq Onu (Allahın ona salavatı və salamı olsun) özümüzə örnək bilməliyik.