“Telman ağlaya-ağlaya necə oxudusa, ROLU UNUDUB...”

Mərhum Xalq artisti, peşəkar kino, teatr və televiziya aktyoru Telman Adıgözəlovun ölümündən 7 il ötür. 1953-cü ildə anadan olan aktyor 2010-cu ilin bugünündə, 56 yaşında dünyasını dəyişdi.

Kult.az aktyorun ən yaxın dostu, xalq artisti Ramiz Novruzun Telman Adıgözəlovla bağlı düşüncələrini Moderator.az-a istinadla təqdim edir:

- Telman elə bir aktyordu ki, onun yeri hər zaman görünür və görünəcək. Xüsusən də, televiziya və teatr sahəsində Telmanın boşluğu çox hiss olunur. Hər yeni tamaşaya baxanda peşəkar, intellektual komediya oynaya bilən Telmanın çatışmazlığı duyulur. Aran zonasında bir “lələyön” sözü var, biz də elə lələyön qaldıq. Hər dəfə onun oynaya biləcəyi rollara aktyor tapılmayanda pis oluruq. İmkanları sona qədər açılmadı. Həm klassik komediya, həm də estrada komediyasının gözəl ifaçısı idi. Azərbaycanda estrada teatrının, stend-ap janrının yaradıcılarından biri də odur. Həm də tragikomedik rolları çox əla oynayırdı.

Kinoda isə çox da böyük rollar oynamadı. Bəlkə də zaman buna imkan vermədi. Böyük rollar oynadığı filmlər də üzə çıxarılmadı, təbliğ olunmadı. Məsələn, “50 dərəcə isti altında” adlı filmdə çox gözəl obraz yaratmışdı. Qalan rolları epizodik idi.

Telmanın əsas fəaliyyəti televiziya ilə bağlıdır. İstər Novruz, digər bayramların çəkilişləri olsun, istər “Kinoklubda görüş” olsun, Telman o layihələrdə çox əziyyət çəkdi. Çünki ona bütün qapılar açıq olduğundan təşkilati işləri öz üzərində götürərdi. Bu mənada da Telmanın yeri həmişə görünür.

Elə mənim həyatımda da onun yeri çox hiss olunur. Bir dəfə demişdim ki, Telmandan sonra teatrın üzündəki təbəssüm silindi. Telman Adıgözəlov teatr aləminin təbəssümü idi”.

Xalq artisti yaxın dostu ilə bağlı heç zaman unutmadığı və ona bu gün də pis təsir edən bir əhvalatı xatırlayır:

“Xatirələr əlbəttə ki, çoxdur. Amma mənə ən çox təsir edən bir əhvalat var: teatrda “Hələ “sevirəm” deməmişdilər” pyesini səhnədə oynayırdıq. Telmana düşmənə əsir düşən bir azərbaycanlı obrazını yaratmaq həvalə edilmişdi. Həmin obraz yayda da soyuqdan qorxurdu, düşmən onunla birgə başqa əsirləri güllələməyə aparanda tibb bacısına qayıdıb deyirdi ki, ay nənə, bunlar bilmirlər, mən soyuqdan qorxuram axı. Həm də bir növ psixi pozuntusu olan obrazı yaradırdı Telman. Belə bir ağırlı səhnədə mən də rol oynayırdım. Aktyor xəstələndiyi üçün həmin əsirləri güllələməyə aparan erməni rolunu mən ifa etməli oldum. Onda Telman gözünün içindən yaş axa-axa “Şuşanın dağları”nı elə oxudu ki, mən də özümü itirdim. Yadımdan çıxdı ki, düşmən obrazını oynayıram, başladım Telmana ürəkdən əl çalmağa. Başqa aktyorlar da az qala, mənə qoşulacaqdılar. Amma özlərini saxladılar. Bax, bu səhnə heç zaman yadımdan çıxmır. Aktyorun vətənpərvərliyi də elə məqamlarda görünür. Necə içdən oynadısa, rolu tamamilə unutduq”.






Fikirlər