Bakıda pulsuz internet olacaq yerlərin adları AÇIQLANIB
Bakıda IV İslam Həmrəyliyi Oyunlarınadək “Ağ şəhər”, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı pulsuz internetlə təchiz olunacaq. AzerTaym.az “Report”a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında qeyd edilib. “Nazirliyin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) tərəfindən istismara verilən “İctimai İnternet” şəbəkəsi IV İslam Həmrəyliyi Oyunlarınadək bir sıra ərazilərdə də aktiv olacaq. Tezliklə Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonası, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edən insanlar pulsuz “wi-fi” şəbəkəsindən yararlana biləcəklər. Artıq adı çəkilən ərazilər müvafiq avadanlıqla təchiz edilib, təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq aktiv zonalarda proqram təminatının tətbiqinə başlanılıb. “Baku loves you” brendi adı altında təqdim edilən layihənin əhatə dairəsi genişləndirilir və təkmilləşdirmə işləri aparılır. Belə ki, yaxın zamanda pulsuz “wi-fi” istifadəçiləri yeni, daha rahat qeydiyyat sistemi ilə şəbəkəni aktiv edə biləcəklər. Qeyd edək ki, hazırda mobil telefon, notbuk, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”u seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçib internetdən istifadə etmək mümkündür”, – deyə məlumatda əlavə edilib. Qeyd edək ki, Dənizkənarı Milli Park və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində 100 minə qədər istifadəçi pulsuz internet xidmətindən istifadə edib və yay mövsümünə doğru bu göstəricinin artacağı proqnozlaşdırılır. Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilərdə quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.