Azərbaycanlı aparıcı: “Bu, mənim cavanlıq səhvimdir” - MÜSAHİBƏ

AzerTaym.az tanınmış teleaparıcı Rövşanə Ağasəfqızının Ailem.az-a müsahibəsini təqdim edir.

 - Rövşanə, whatsapp işlətmirsən. Maraqlıdır, niyə?

 - Həyatımı rahat istəyirəm. Sosial şəbəkə həyatımıza daxil olduqca yaşam tərzimizə, şəxsi həyatımıza çox təsir edir. Whatsapp-sız, instagram-sız da rahatam. Təkcə facebook profilim var, onu da yalnız axşamlar bir saat dostlarımın yazdıqlarını oxuyub like etməklə məşğulam. Mənə lazım olan, sevdiyim və məni sevən insanlar lazım olsa, telefonla axtarıb tapacaqlar. Bir sosial şəbəkənin həyatımda olmağı mənə yetir. Sosial şəbəkələrə yüklənsəm, bəs mənim başqa həyatım?! İnsanlar var, saatlarla sosial şəbəkələrdə olurlar, həyatlarını virtual yaşayırlar. Sosial şəbəkə canlı ünsiyyətin düşmənidir. Mən insanla virtual yazışmada hal-əhval tuturamsa, artıq canlı görüşməyə ehtiyac qalmır. Bu gün insanlar arasında sevgi, ünsiyyət azalıb. Hər şeyi virtuallaşdırıblar. Metroda, avtobusda hamının başı telefonun içindədir. Nə həyatın gözəlliyini, nə də problemlərini görürlər. Süni dünyanın içinə o qədər giriblər ki, real dünyadan xəbərləri yoxdur.

  Sosial şəbəkələr müasirliyin ixtirasıdır. Demək müasirliyə meylli deyilsən?

 - Baxır harada, necə. İnternetin necə əleyhinə ola bilərəm? Dünyanı ovcumuzun içinə gətirir. Müasir avtomobili kim idarə etmək istəməz və ya son model məişət texnikasını  evində kim arzulamaz? Mən sosial şəbəkələrə aludəliyin əleyhinəyəm. Hər şey qədərindən artıq olanda ziyan verir. Bəzən bizə yenilik təqdim edəndə onu elə şişirdirik və acgözlüklə tamah salırıq ki...  Avropa, Avropa deyirik. Vallah, orda gənclər bizdəki kimi telefon aludəçisi deyil. Mən Avropa ölkələrində çox olmuşam. Küçələri o baş-bu baş gəzmişəm. Bu qədər başını telefona salıb gəzən gənc görməmişəm.

 - Uşaqlar da telefon, planşet, kompüterə çox meylli olublar. Bu baxımdan qızını qoruya bilirsənmi?

 - Qadağa ilə olmaz. 6-cı sinfi bitirir, böyük qızdır. Sözsüz ki, onun da marağı var. Çalışdığım qədər mübarizə aparıram. Qadağan etsəm, başqasında telefon, ya planşet görüb daha çox tamah yaranacaq və gizlin baxmaq istəyəcək. Sadəcə izah edirəm ki, bunun xeyri yoxdur, zamanını daha çox kitablara ayır.

 -  Bir qızın var. Ana-bala münasibətiniz necədir?

 - Həm rəfiqəyik, həm sirdaşıq, həm yoldaşıq. Mən həyatımı onsuz təsəvvür edə bilmirəm. Aylindən öncə həyatı necə yaşadığımı düşünəndə qəribə gəlir mənə. Fikirləşirəm ki, bu gün-sabah böyüyəcək, ailə quracaq, onda mən nə edəcəm? Biz çox yol gəldik, ağrılı-acılı. Həyatın enişini-yoxuşunu bir addımladıq. Hər şeyi artıq adladıq. O, mənim güc mənbəyimdir, var olma, yaşama səbəbimdir.

 - Deyirlər ki, müasir dövrdə qız böyütmək çətindir. Qız anası kimi nə deyə bilərsən bu barədə?

 - Müasir dövrdə elə oğlan böyütmək də çətindir. Bizim dövrümüzdə uşaqları təəccübləndirəcək çox şey vardı. İndi bilmirsən uşağı nəylə sevindirib təəccübləndirəsən. Hər şey adiləşib. Biz təzə alınan geyimin sevincini bir həftə yaşayırdıq. Məktəbdən bir gün də qalmaq istəmirdik. İndi uşaqları məktəbə zorla göndərirsən. Mən həmişə deyirəm - bir valideyn olaraq təhsildən yerdən-göyə qədər narazıyam. Bugünkü təhsil məni qane etmir. Biz oxuduğumuz dövrdə müəllimlər bizə təkcə dərs keçmirdilər, dünyanı başa salırdılar. Bizə ədəb-ərkan öyrədirdilər, tərbiyə verirdilər. Mən bu gün onu görmürəm. Baxmayaraq ki, qızım şəhərin mərkəzində ən məşhur məktəblərdən birində oxuyur. Uşaq vaxtı bizim çox saf, təmiz oyunlarımız vardı, amma bu gün internetdə uşaqların qətli ilə nəticələnən oyunlar yayılıb. Cizgi filmlərində qan, savaş, dava, ölüm təbliğ olunur. Bu, birbaşa uşaq beyninə təsir edir. Uşaqları bu mühitdən uzaqlaşdırmaq hər valideynin gücü daxilində deyil. Nə qədər qadağa qoymaq olar? Televizoru açırsan qan-qada. Hətta internetdə uşaqlar üçün olan məlumatı açanda belə, sağda əxlaqa sığmayan videolar çıxır. Uşaq üstünə tıkladı və açdı. Onda nə olacaq? Uşağa nə qədər qadağa qoya, planşeti əlindən ala bilərsən? Uşağı bütünlüklə qapalı cəmiyyətdə böyütmək də mümkün deyil. Bacardığım qədər onu qoruyuram, izah edirəm, pisi yaxşını başa salıram. Qızımı başa salıram ki, bugünkü yanlış addımı sabah ona ağrı verməsin.

 - Bəs qızının ailə qurmasına nə dərəcədə müdaxilə edəcəksən?

 - Çalışıram ki, özümü daha demokratik göstərim. Amma qarışmayacam desəm də, yalan olar. Mənim gözümün ağı-qarası bir övladım var. Mən onun həm təhsilinə, həm gələcəkdə peşə, ailə seçiminə mütləq müdaxilə edəcəm. Çünki gənclik enerji doludur, beyin alovlu olur. İnsan yanlış addım ata bilər, səhv seçim edə bilər. İstəmirəm, alovlu beyinlə atdığı addımın acısını qızım və mənim ailəm yaşasın. Ən azı mənim həyat təcrübəm, yaşadıqlarım, gördüklərim ona doğru yol göstərməyə imkan verir. Mən övladımla rəfiqə olmağa, onu səbrlə dinləməyə, səhvinə emosional yanaşmamağa çalışıram ki, onu hər zaman yanımda görüm, qarşımda yox. O, mənə hər mənada  güvənə bilər. Çox istəyirəm  ki, qızım həkim olsun. Bu, mənim atamın da arzusu idi. Özü də bunu istəyir. Hər zaman hayqıraraq söyləyirəm ki, varınızı-yoxunuzu qoyun, boğazınızdan kəsin, övladlarınızı oxutdurun, təhsil verin ki, kimsəyə möhtac olmasınlar. Özümdən, geyimimdən, gəzməyimdən kəsib övladımın təhsilinə pul xərcləyirəm ki, onu cəmiyyətə yararlı vətəndaş kimi yetişdirə bilim. Ən gözəl investisiya elə təhsilə qoyulan investisiyadır.

 Ailədə bir övlad olanda valideynlər gözünü ona dikir. Bu baxımdan başqa uşaqlarının olmamasına təəssüflənirsənmi?

 - Həmişə deyirəm - həyatda ən böyük səhvim odur ki, bir neçə uşaq dünyaya gətirmədim. Dəfələrlə düşünmüşəm ki, kaş bir neçə övladım olardı. Bu, mənim ən böyük yanlışımdır. Cavanlıq səhvi. Amma yenə də şükür, sağlam, ağıllı, savadlı bir övladım var. Onu azad böyütmək istəyirəm. Mənim ailəm, anam, qardaşım var. Amma onun həyatda güvənə biləcəyi ən böyük dayaq mənəm. Qızımın sınmasını, əzilməsini, hardasa büzüşməsini, kimdənsə çəkinməsini, utanmasını istəmirəm. Qoy, qızımın içi, ruhu, düşüncələri azad olsun. Mən ona “kefin istəyən addımı at, mən sənin yanındayam”, - deməyəcəm. Mən hər zaman onun yanında olub ağıllı yolu göstərməyə çalışacam. Həyatımı bütünlüklə qızıma qurban vermişəm. Hər şey onun üçündür. Bu gün çalışıb-vuruşmağım onun təhsili, tərbiyəsi, sağlamlığı və xoşbəxt böyüməsi üçündür.

 Maraqlıdır, sənin ananla münasibətin necə olub?

 - Mənim nəslimin qızlarının anları ilə aralarında bir pərdə var idi. O dövrün anaları bir az konservativ idilər. Bu gün anamın mənim qızımda irad tutduğu şeyi mən irad tutmuram. Bizim dövrümüzdə qızların adicə qaş almağını qəbul etmirdilər. Bunua əxlaq, namus çərçivəsində yanaşırdılar. Amma mən buna normal baxıram. Qaş almağın tərbiyəyə dəxli yoxdur. Bu, adi gigiyenik və gözəllik göstəricisidir. Artıq bu stereotiplər qırılıb. Bizim dövrümüzdə çox qızlar sevdiyi oğlanın olmasını anasına deyə bilərdimi? Təbii ki, yox. Bunu hər adam anası ilə bölüşə bilməzdi. Bəlkə hətta ana üsyan edərdi. Amma mən çalışıram ki, qızımla münasibətdə aramızda qalın pərdə olmasın. Çünki onun sirlərini bölüşə biləcəyi məndən yaxşı rəfiqəsi ola bilməz. Özü yaşda rəfiqələri ona yanlış yol göstərə bilər. Mən anama çox şeyi deyə bilmirdim, utanırdım. Amma qızımla açıq və səmimiyəm. O, dərdləşə biləcəyi ünvan axtarmamalıdır, qoy, hər zaman mənə sığınsın.

 Bəs anan sənin ailə qurmaq məsələnə müdaxilə etdimi?

 - Bütün analar kimi. Analar çalışır ki, qızlarını vaxtında ərə versin, cehizini alsın. Mənim anam da müdaxilə etdi, amma seçim mənim idi.

 - Həqiqətənmi ailə qurmağın vaxtı var?

 - Deyirik ki, avropalaşırıq. Avropada 40 yaşında, öz ayaqları üzərində dayandıqdan sonra ailə qururlar. Mən nə qədər müasir düşünsəm də, bu fikirlə razı deyiləm. Ailə qurmağın da, övlad dünyaya gətirməyin də bir zamanı var. Ailə iki nəfərin əl-ələ tutub aya-ulduza baxması, yağışda islanması, dənizdə çimməsi, dağa dırmanması deyil. Ailə kiçik dövlətdir. Orada cəmiyyətə gərək olan sağlam düşüncəli övladlar yetişdirilməlidir. Ola bilər ki, Avropada mənim yaşda olan xanımlar hələ ailə qurmayıblar. Amma mənim bu yaşda uşaq dünyaya gətirib onu böyütməyə həvəsim və səbrim yoxdur. Yaşın da gətirdiyi nüanslar var. Hesab edirəm ki, gənc yaşında qurulan ailələrin övladları daha sağlam olur. Çünki 40 yaşda qadınla, 25 yaşda qadının dünyaya gətirdiyi uşaq və 40 yaşlı qadının orqanizmi ilə 25 yaşlı qadının orqanizmi eyni deyil. Bizdə Avropadakı kimi deyil ki, istədiyimiz vaxt uşaq dünyaya gətirək. Bizdə hər şey qanun çərçivəsində, nikahla olmalıdır. Ailə qurmağın zamanı var, 30 yaşa qədər çalışıb ailəni qurmalısan. Amma 20 yaşdan da tez ərə gedib, evlənməyin tərəfdarı deyiləm. Bizim bir problemimiz var ki, qızlar qismətlərini gözləməlidirlər. Oğlan üçün daha asandır, qızdan çox qız, gedib seçir, birini alır. Bizim mentalitetdə seçim oğlanlarındır. Qızlarımızın da nikah olmadan uşaq dünyaya gətirməsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Şəxsən mən də müasirlik deyib nikahdankənar uşaq dünyaya gətirməyin tərəfdarı deyiləm. Düşünürəm ki, hər bir övlad atasının kim olduğunu bilməlidir. Amma həyatdır, hər üzü var. Ailə qura bilməyən, qisməti açılmayan qadınların da övlad arzusunda olması başa düşüləndir və məncə, cəmiyyət buna bir az tolerant yanaşmalıdır.

 - Amma boşananların əksəriyyəti də gənc yaşda ailə quranlardır?

 - 35 yaşında ailə qurub ayrılanlar da var. İnsanların ayrılmasına müxtəlif hallar səbəb olur - ya sevgi tükənir, ya sosial problemlər olur, ya xarakterlər uyğun gəlmir. Amma xarakterin uyğun gəlməməyinin arxasında da çox məqamlar var. Biz nişanlı qalırıq, 3 aydan sonra qız evi xəbər yollayır ki, toyunuzu vaxtında edin, çox nişanlı qalmağını istəmirik, söz-söhbət çıxır. Ailələrdə hələ də bu stereotiplər qalır. Biz ailə quracağımız insanı rahat şəkildə tanıya bilmirik. Nişanlılıq dövründə də bir-biri ilə yaxın ünsiyyətdə ola bilmirlər. Buna bizim mental dəyərlər imkan vermir. Deyirlər, qız çox nişanlı qalmasın, qonum-qonşu nə deyər? Amma düşünmürlər ki, qızım bu oğlanı hara qədər tanıdı, bir-birinin qüsurlarını nə qədər gördülər. Bir kişi sabah evlənəcəyi qadına nə qədər sahib çıxmaq, dəyər vermək, bir ömür yoldaş olmaq iqtidarındadır, buna çox önəm verən yoxdur. Əsas odur ki, işi, beş manat qazancı olsun qızı verək getsin. Üstəlik, nişanı qayıtmış qıza münasibət də təəssuf ki, hələ birmənalı deyil.

 - Bizdə nişan qaytarmaq qədər, boşanmaq da hər qadının işi deyil. Söz-söhbətlərdən, övladı varsa, onu tək böyütməkdən qorxurlar. Cəmiyyətdə tək qadına münasibət  fərqlidir.

 -  Hər zaman deyirəm ki, övladlarınıza təhsil verin, iş-güc sahibi edin. Bizim qadınlar kişilərdən maddi tərəfdən asılı olurlar və dözmək məcburiyyətində qalırlar. Amma bu gün öz ayaqları üzərində dayana bilən qadınlarımız şəhərdə çoxdur, bölgələrdə azdır. Onlar da pis olsa belə, ailəsinə dözmək məcburiyyətindədirlər. Lakin əgər kişidən ayrılıb həyatı daha keşməkeşli keçəcəksə, çörək pulu qazanmaq üçün müxtəlif yollara düşəcəksə, ondansa ərinə dözsün. Yox, əgər qadın halal zəhməti ilə çörək pulu qazanıb övladına gətirə bilirsə, dözmək məcburiyyətində deyil. Həyat insana bir dəfə verilir. Niyə onu kişinin zorakılığı ilə, döyülərək, söyülərək yaşayasan? O zaman qadınlar ayrılsınlar. Bu fikrimə görə yalançı qeyrət-namus sahibləri ayağa qalxa bilərlər. Amma qadın niyə dözməlidir? Kişilər çox rahat şəkildə həyat yoldaşlarını evdə qoyub başqa yerdə həyatlarını qurur, səfalarını başqa qadınlarla keçirirlər. Amma qadınlar bu addımı ata bilmirlər, qeyrətlərinə, namuslarına sığınıb göz yaşı içində ərlərinin evə gəlməsini gözləyirlər. Gözləməsinlər.

 - Sənə də özgüvəni verən ayaqların üzərində durmağın, işləyib pul qazanmağın oldu?

 - Təbii ki. Mən 20 ildir işləyirəm. Bakı Dövlət Universitetini bitirmişəm, elmi iş müdafiə etmişəm, neçə illərdir pedaqoji fəaliyyətlə məşğulam, təminatlı ailədə böyümüşəm. Bütün bunlar sözsüz ki, mənə özgüvən verib.

 Sənin kimi gözəl xanıma sevgi etirafları çox olurmu?

 - Olub təbii. Sadəcə cavabım “yox”dur.

 - Üzdə olan, tanınmış xanımlar arasında vətəndaş nikahında yaşayanlar az deyil. Sənə belə təklif gəlib heç?

 - Mənim üçün hər şey qanun çərçivəsində olmalıdır. Amma hər kəsdən ideal ailə həyatı arzulamaq absurddur. Hər kəsin ideal ailəsi olsaydı, onda nə qulağı kəsilən, nə gözü çıxarılan, nə döyülən, nə söyülən qadın olmazdı. Mənim illərlə televiziyada yaratdığım bir imicim, nüfuzum, xarizmatik görünüşüm var. Bəlkə kişilər çəkindikləri üçün, ya onlarla münasibətdə pərdəni saxladığım üçün mənə hələ belə təklif edən olmayıb. Hansısa tanınmış, tək xanımlar vətəndaş nikahında yaşayırlarsa, bu, onların öz seçimləridir. Amma mənim üçün dəyərlərə köklənən nikah kağızı önəmlidir, nəinki vətəndaş nikahı. Mən vətəndaş nikahını qəbul etmirəm. Həm də 18 yaşında qızlar o qədərdir ki, məni neyniyirlər? Mənim yaşım keçib (gülür). Məmurlar, varlı kişilər cavan qızlara meyllidirlər, nəinki mən yaşda olan xanımlara.

 - Belə çıxır ki, hansısa kişinin sənə sevgisini etiraf etməyi çətindir.

 - Bəli, çətindir. Axır illərdə mənə sevgi etirafları olmur. Bəlkə də çəkinirlər, qorxurlar. Efirdə çıxıb odlu-alovlu danışıram, neynirlər məni? (gülür). Kişilər başlarına artıq bəla istəməzlər. Belə səsli-küylü qadından uzaq olsalar yaxşıdır. Kişilər daha həlim, daha yatımlı, daha sakit xanımlara önəm verilər. Amma mən çox odlu-alovlu, enerjiliyəm. Ona görə də kişilər məndən uzaq gəzirlər.

 - Amma xarakterindən asılı olmayaraq hər qadının sevgiyə ehtiyacı var.

 -  Bu gün mənim üçün iş, övladımın gələcəyi, onun təhsili önəmlidir. Sevgi intim və məhrəm bir hissdir. Onu qışqırıb hər kəslə bölüşmək, hər kəslə paylaşmaq istəmirəm. Varsa da ,yoxsa da bu, mənim özümə aiddir. Qadının övladının sevinci, dostları, karyerası, uğurları da onun gözünü parıldada bilər. Sözsüz ki, sevildiyini bilən qadının da gözləri parlayır. Yəqin ki, məni də sevənlər var. Məndən xəbərsiz (gülür).  

 - Əslində çox pozitiv, şən, deyib-gülən, mehriban bir xanımsan. Amma bir çox insan sənin çox danışmağından, çağırdığın qonaqların sözünü kəsməyindən şikayət edir. Buna münasibətin necədir? 

 - Məni tanıyanlar necə xasiyyətdə olduğumu bilirlər. Bayaq vətəndaş nikahı dedin, məni tanımayan adam səncə, mənə yaxın dura bilərmi? (gülür). Qorxusundan bir köynək aralı gəzər ki, bunun səs-küyü danışmağa imkan vermir, bundan elə aralı gəzsəm yaxşıdır (gülür). Deyirlər ki, efirdə danışanın sözünü kəsirəm. Bunun səbəbləri var. Dəfələrlə bu barədə danışmışam. Məni şəxsən tanıyanlar heç vaxt aqressiya görməyib və  haqqımda neqativ fikir söyləməyib. Bəlkə də dinləmək qabiliyyəti ən çox məndədir. Bir insan danışanda onu sona qədər dinləməyi bacarıram. Efir başqa məkandır. Orda hər şey saniyələrlə hesablanıb. Gələn qonaqlar arasında zamanı düzgün bölməyi bacarmalısan. Yoxsa biri mikrafonu əlinə alıb saatlarla danışsın, olmaz. Təbii ki, buna imkan verə bilmərəm və sözünü kəsmək zorunda qalıram. Amma insanların haqqımda dediklərinə normal yanaşıram. Ən azı məni sevən də baxır, söyən də baxır. Müsahibələrimi minlərlə insan oxuyur. Bu da məni sevindirir. Deməli, insanların marağına səbəb olmuşam, diqqətini çəkmişəm. Kim nə danışır, danışsın, mən hamını sevirəm.






Fikirlər