Həkim-dietoloqdan oruc tutanlara vacib TÖVSİYƏ - İmsaq və iftarın ƏSAS YEMƏKLƏRİ...

Artıq Ramazan ayının ilk həftəsini geridə qoyduq. Bu gün orucluğun 8-ci günüdür.

Müsəlman dünyasının inanclı insanları “11 ayın sultanı” adlandırılan müqəddəs ayın tələblərini layiqincə yerinə yetirməyə çalışırlar.

Oruc tutmaqla nəfsinə hakim olanlar təbii ki aclığa davam gətirməlidirlər. Bəzən aclıqdan çətinlik çəkən insanların olduğunu görürük.

Bəs bu halın qarşısını almaq üçün nə edilməlidir?

İmsaq vaxtı hansı qidalardan istifadə olunmalırdı ki, gün ərzində mədəni tox saxlamaq mümkün olsun.
Modern.az bu sualın cavabını həkim-dietoloq Şəhriyyə Əhmədovadan öyrənib.

“Oruc tutan insanlar imsaq vaxtını ötəri keçirdikləri üçün günün ikinci yarısını,  yəni iftarı açmağa az qalmış, özlərini daha aqressiv və yorğun hiss edirlər. Ancaq onlar səhər imsaq vaxtında kalorili qidalar qəbul etsələr, axşama kimi daha gümrah olarlar”.
Dietoloq gün ərzində orqanizmi tox tutan yeməkləri sadalayıb:

“Bu qidaların sırasına daxildir: kəpəkli yulaf, yumurta, kəpək çörəyi və bəzi çeşid sıyıqlar. İnsanlar bu qidalardan istifadə etsələr, gün ərzində özlərini daha enerjili hiss edəcəklər. Yorğunluq, halsızlıq kimi istənməyən hallar aradan qalxacaq. Bundan əlavə, rasionda mütləq qaydada, yağ qrupundan hansısa bir çeşid olmalıdır. Bu ya zeytun, ya da qoz ola bilər”.

İftarda əsas yeməkdən öncə duru xörəyin olmasını ən vacib şərt hesab edən Ş.Əhmədova deyir ki, qızardılmış qidalardan mümkün qədər qaçmaq lazımdır:

“Gün ərzində uzun müddət ac qalırıq, yəni mədəmiz boşalır. Bu baxımdan iftarı açarkən əvvəlcə tərəvəzli şorbaya yer vermək lazımdır. Yaxşı olar ki, hazırlanan şorbaya bir qaşıq zeytun yağı əlavə olunsun. Sözsüz ki, duru yemək xoşlamayan  insanlar var, lakin kiçik porsiya da olsa, yağlı şorba yemək lazımdır. Çünki, mədə uzun müddət ac qalır, onu quru yeməklə yükləmək olmaz”.

 Həkim-dietoloq iftardan sonra ağırlıq hissinin olmaması üçün, əsas yeməyin menyusunu düzgün təşkil etməyi vacib sayır: 

“Əsas-ana yeməkdə ət və tərəvəzlərə üstünlük vermək düzgün seçim olar. Bunlar isə qızartma halında olmamalıdır. Sobada bişirilə bilər. Uzun müddətli aclıqdan sonra qızartma yeməyin həzmi çətin olur. Mədə-bağırsaq sistemində problemi olan insanlar isə bu baxımdan ikiqat narahatlıq keçirəcək”.

Müsahibimiz oruc tutan insanlara, şəkərin stabil qalması üçün maraqlı tövsiyə verib:

“İnsanlarda şirniyyata yetərincə tələb var. Bu istəyi azaltmaq üçün rasionda darçın olmalıdır. Darçın və quru xurma. Əgər imsaq vaxtı, südün içinə bir çay qaşığı şor darçın əlavə edib içsələr, gün ərzində və ya axşam saatlarında şirniyyat istəkləri olmaz. Bununla yanaşı, say həddini aşmadan, iftardan 1-2 saat sonra xurma ilə bitki çayı içsələr, orqanizmdə olan şirni tələbatı ödənmiş olacaq. Uzun müddət ac qaldıqda qan şəkərimiz ani enir, təzyiq düşməsi və göz qaralma halları olur. Ancaq bayaq qeyd etdiyim kimi, səhər vaxtı darçın əlavə olunmuş südü qəbul etsək, gün ərzində şəkərimiz stabil qalacaq. Onu da deyim ki, oruc tutan insanların yuxuları rahat olsun deyə, iftarı açdıqdan bir qədər sonra gəzinti olmalıdır. Təxmini olaraq, 30-35 dəqiqə yürüyüş etsələr, həzm daha yaxşı gedəcək. Nəinki yeməkdən sonra uzanıb televizora baxanda”.AzerTaym.az

 






Fikirlər