FİTRƏ ZƏKATI HAQQINDA HƏR ŞEY!

Fitrə zəkatı bayramın ilk gecəsi girməklə hər bir müsəlmana vacibdir.

Əgər kimsə günəşin batmadan öncə ölərsə və ya müflis olarsa, fitrə zəkatı ona vacib olmaz. Günəş batdıqdan sonra isə, öhdəliyində (vacib olaraq) qalacaq. İbn Ömər deyir ki, «Peyğəmbər (Ona salam olsun) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (2,5-3 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir.» (Əbu Davud).

 

Fitrə zəkatının hikmətləri bunlardır: Orucda olan nöqsanları tamamlamaq, fəqirləri bayram günündə dilənməkdən qurtarmaq və s. Vaki b. Cərrah (Allah ona rəhmət etsin) bu mövzuda belə demişdir: “Ramazan ayı üçün fitrə zəkatı, namaz üçün olan səhv səcdəsi kimidir. Səhv səcdəsi namazda olan əskikliyi tamamladığı kimi, fitrə zəkatı da orucda olan əskiklikləri tamamlayar.” Bir hədisdə belə buyurulur: Bu gündə (Bayram günü) fəqirləri gəzib istəməkdən (dilənməkdən) qurtarın. Yəni, fəqirlərin bayram günündə ehtiyaclarını aradan qaldırın ki, başqalarından istəmək (dilənmək) məcburiyyətində qalmasınlar.

İbn Abbasdan (Allah ondan razı olsun) gələn başqa bir hədisdə belə deyilir: «Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını oruc tutanın pis və boş-boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də ki, namazdan sonra çıxararsa sədəqələrdən bir sədəqədir.» (Əbu Davud və İbn Məcə).

 

Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir azad müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq, müsəlman xidmətçilər, anası, atası və s. bura daxildir. Ana bətnində olan uşağın əvəzinə fitrə zəkatı çıxarmaq bəyəniləndir. İbn Ömər deyir ki, «Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir.» (Darəqutni).

 

Fitrə zəkatının çıxarılan miqdarı isə, hər bir insanın boynuna 2,5-3 kq xurma, kişmiş, düyü, makaron, qreçka (qarabaşaq), noxud, bulğur və s. bu kimi qida məhsulları çıxarılır.

 

Fitrə zəkatının çıxarılma vaxtı:

Onu bayram günündə bayram namazından öncə çıxarmaq daha əfzəldir. Ondan sonra isə bəyənilmir. Qadir olduğu halda onu bayram günündən sonraya təxirə salmaq haramdır. Bayram günündən iki gün öncə çıxarmaq keçərli sayılır. Bundan əvvəl çıxarmaq keçərli deyildir.

İbn Ömər deyir ki, «Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir (Buxari, Muslim).

Fitrə zəkatını toplayan xeyriyyə fondları və məscidlər fitrəni bir-iki gün əvvəlcədən toplaya bilərlər ki, toplanan fitrəni kimə lazımdırsa ona çatdıra bilsinlər.

Nafi deyir ki, «İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər.»(Buxari).

 

Fitrə zəkatı kimlərə verilməlidir?

Fitrə zəkatı yalnız kasıblara verilməlidir. İbn Abbasın hədisində deyildiyi kimi Peyğəmbər (Ona salam olsun) demişdir: «… miskinlər üçün toxluq olsun deyə vacib etmişdir

Bir toplum insanın fitrə zəkatlarını bir nəfərə vermələri və bir nəfərin isə fitrə zəkatını bir toplum insana verməsi icazəlidir.

islamevi.az

 

    






Fikirlər