İlahiyyatçı açıqladı: 15 MANAT FİTRƏ ZƏKATI, yoxsa?

Azərbaycanda Ramazan bayramı iyulun 6 və 7-də qeyd olunacaq. Bundan bir gün öncə isə fitrə zəkatı çıxarılmalıdır. Evdən çıxarılmalı olan fitrə barədə müxtəlif versiyalar səsləndirilir.

Bəziləri adambaşına 5 manat, bəziləri isə 15 manat civarında fitrə zəkatı çıxarılmalı olduqlarını bildirirlər. Qafqaz Müsəlmanları İdarəsinin hesablamasına görə, 3 kiloqram arpa, buğda, un, kişmiş, xurma və s. ərzaqların qiyməti hesablanaraq adambaşına evdən 10-15 manat fitrə zəkatı çıxarılılmalıdır. Bu isə ictimaiyyətdə etirazla qarşılanıb və bildirilib ki, bu, çox böyük rəqəmdir.

İlahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında deyib ki, islamda, ümumiyyətlə dində hər hansı rəqəm səsləndirmək düzgün deyil:

"Bu rəqəmi hansı əsaslarla səsləndirirlər? Konkret rəqəmin göstərilməsinin heç bir əsası yoxdur. Fitrə zəkatı 3 kq bugda və ya məbləğində pul olmalıdır. O dövrki illərə görə belə ölçülürmüş. Yəni, keçmişdə kiməsə zəkat olaraq 3 kq buğda verirdilər. İndi kiməsə buğda vermək düzgün olmaz. İndi fitrəni həmin bugdanın dəyərində gücü çatan və imkanlı şəxslər verməlidirlər. Bu, imkanı olmayan şəxslərə bu aid deyil. Fitrə sədəqəsi belə şəxslərin isə özünə verilməlidir. Amma bu məbləğ birmənalı şəkildə düzgün deyil və onu hansı əsaslarla belə müəyyən edirlər deyə bilmərəm. O 15 manatı haradan çıxarıblar? İndi birinin evində 10 nəfər varsa, belə çıxır ki, 150 manat verməlidir? Heç əmək haqqı 150 manat deyil. Bu, real bir fikir deyil. Ola bilər ki, adambaşına 15 manat fitrə pulu təyin edənlərin özləri imkanlıdır və bunu verə bilirlər. Amma digərlərinə bunu şamil etmək doğru deyil. Bunun heç bir dini əsası yoxdur. Onu deyə bilərəm ki, şəriətdə konkret olaraq 5, 10, 15 manat deyə məbləğ göstərilmir”.

Ekspertin sözlərinə görə, fitrə zəkatının evdən çıxarılması şəriətdə dənli bitkilərə aid edilir:

“İmkan daxilində hansı ölkədə ailənin orta əmək haqqı ailənin dolanışığından və 1 illki büdcəsindən artıq qalırsa o istəsə lap 5, 10 min manat da verə bilər. Artıq sədəqənin heç bir ziyanı yoxdur. Konkret olaraq kiminsə boynuna minnət, borc qoymaq ki, sən bu 15 manatı verməlisən, bu, tamamilə yalnış bir məsələdir. Kimin nəyə imkanı çatırsa, onu zəkat kimi evdən çıxarmalıdır. İmkanı çatmırsa, hətta “Quran”ın Bəqərə surəsində də qeyd olunur ki, Allahdan bağışlanma dilənməlidir. Təbii ki, Allah hər şeyi görür. Yəni, konkret məbləğ qoyulmamalıdır. Heç digər ölkələrdə də belə deyil. Ümumiyyətlə, bu məsələdə hansısa ölkəni Azərbaycanla müqayisə etmək düzgün deyil. 15 manat fitrə pulunu səsləndirənlər bunu yanlış olaraq ortaya atıblar”.






Fikirlər