“Oğul axtarıram ki, gəlib ağzımı tiksin” – ELZA

Image result for elza seyidcahan

Kəramət Böyükçölün Elza Seyidcahanla müsahibəsini publika.aza istinadən təqdim edirik:

- Elza xanım, bir bənd şeir yazıb aləmi bir-birinə qatmısınız, özünüz də Novxanıda oteldə istirahət edirsiniz…

– Neyləmişəm ki? (gülür) “Nəsimi” filmində bir yer var, soruşur, günahım nədir, şahım? Aləmi bir-birinə qatmaq yox, əksinə, mən sülh yaratmaq istəmişəm. Həmişə odun üstünə su səpmişəm. Son zamanlar özün də bilirsən ki, məni bir çox layihələrə münsif kimi dəvət edirlər. Münsif kreslosunda oturmağım isə bəzi uğursuzları narahat edir…

- Sizin münsif olmağınız, məsələn, Baba Vəziroğlunu niyə narahat eləsin ki? Özünün ad-sanı, şöhrəti…

– Kəramət, yaradıcı insanlar çox həssas olur. Mən həm gözümlə görürəm, həm də hiss edirəm. Bəzi insanlar “Xalqın şairi” layihəsini şou adlandırdı. Guya Elza Seyidcahan ora dəvət olunubsa, deməli, müsabiqə şou hesab olunur. Xeyir, Elza Seyidcahan şou deyil. Sadəcə, onun əsərlərindən şou kimi istifadə edib pul qazanırlar. Elza Seyidcahanın sənəti o qədər böyükdür ki, orda hər bir insana pay var. Şoumenlərə də, sənət insanlarına da, jurnalistlərə də, fəlsəfəyə də!

Bəzilərinə hörmət eləyirəm, elə bilirlər onlardan əskiyəm. Bilmirəm, mən yaradıcılıqda kimdənsə əskikəm, yoxsa şəxsiyyətimdə? Mən xalqın hörmətini, dövlətimin ehriramını, diqqətini dırnaqlarımla qazanmışam. Haqqımda artıq-əskik danışan şairlərin yaradıcılığını isə çox gözəl tanıyıram. Hətta təhlil də edərəm. Sadəcə, hərə özünə hörmət eləsin. Hədlərini, yerlərini bilsinlər və ehtiyatlı olsunlar. Şouya qalanda, özləri ən böyük şoumendirlər. Onların harada və necə şou çıxardıqlarını çox yaxşı bilirəm. Bir-iki fakt desəm, kifayət edər. Mən öz şəxsi həyatımda şou göstərməmişəmsə, yaradıcılığımda heç vaxt göstərmərəm. Mən qadın kimi şou göstərməmişəmsə, sənətimdə niyə şou göstərməliyəm ki? Öz yazıları ilə gündəmə gələ bilmirlər, Elzanın şeiri ilə özlərini gündəmə gətirirlər. Ay yazıqlar! Abşeron küləkləri kimi hər gün bir tərəfə əsirsiniz! Amma Elzanın bir əqidəsi var. Vətənini sevir, dövlətini sevir, prezidentini sevir, partiyasını sevir!

Mən 5-6 il bundan qabaq Baba Vəziroğlunun yaradıcılıq gecəsində iştirak etdim. Yoldan keçən şoumenlərin, tumanı qısaların hamısını doldurmuşdu Müqəddəs Flarmoniyanın səhnəsinə. Baba Vəziroğlu həmən gün şou göstərdi. Amma indi özü mənə şou adamı deyir.

- “Xalqın şairi” layihəsi demək olar ki, sizin hesabınıza tutdu, bu qədər reklam oldu, söz-söhbəti kəsib-kirimək bilmir…

– Düzü, ARB kanalından zəng vurub məni bu layihəyə münsif kimi dəvət edəndə həmən razılıq vermədim. Qonarar istədim, sonra isə soruşdum ki, digər münsif kimlərdir? Yəni görüm səviyyəli adamlardımı?

- Qulu Ağsəsi tanıyırsınız?

– Qulu Ağsəsi indiyə kimi tanımırdım. Heç adını da eşitməmişdim. İlk dəfə “Xalqın şairi” layihəsində gördüm, tanıdım. Bildim ki, “Ulduz” jurnalının baş redaktorudur, hətta şeirlər də yazır. Qulu Ağsəsin müsabiqədə şeir haqqında fikirlərini çox bəyənirəm. Şeiri yaxşı təhlil edir. Fikirlərimiz də üst-üstə düşür. Hətta mənim fikirlərim Mirzə Ələkbər Sabirlə də üst-üstə düşür.

- Əsas məsələ… “Tikim” şeirinizdən danışaq.

– Bu, çox uzun bir şeirdir. Şeir konkret kiməsə yox, kimlərəsə ünvanlanıb. Çox danışanlara yazılıb. Balaca vaxtı nənəmiz də, müəllimlərimiz də deyirdi ki, çox danışırsınız, neyləyək, ağzınızı tikək?

- “Tikim sizin ağzınızı…” Bu misra insanlarda başqa cür assosasiya yaradıb. Söyüş kimi yozulur.

– Hər bir insan mənim şeirimi öz daxili dünyasına uyğun başa düşüb. Ona görə də şeiri məhz cahillərə həsr etmişəm. Adı da “Cahillərə”dir. İkincisi, kim mənim şeirimi pis mənaya yozursa mən onu məhkəməyə verə bilərəm. Necə yəni, mən tikim sözündə pozğun nəsə demək istəmişəm? Ev tikilir, paltar tikilir… Bəli, ağız da tikilir. Çox danışarsınız, ağzınızı tikərlər! Onda görərsiniz tikmək necə olur.

Axı sən nə ixtiyarla mənə deyirsən ki, Elza tərbiyəsiz söz yazıb. Tərbiyəsiz sənsən ki, şeirimi başqa mənaya yozursan. Bunun fəlsəfəsini də açmışam. Ağızı tikəndə qırxayaq kimi olur. Mən şeirimi yazmışam, arxasında da dururam. Bəs sənin içini niyə qurd yeyir? Niyə paxıllıq edirsən? Nədi-nədi bu ifadəni indiyə kimi sən tapmamısan, Elza tapıb? Uğursuz bəstəkarlar məni dahi bəstəkar etdilər, belə getsə uğursuz şairlər də məni dahi şair edəcəklər.

- Birdən kimsə sizin ağzınızı tikmək istəsə, ona nə deyərdiniz?

– Oğul axtarıram ki, gəlib mənim ağzımı tiksin. Özü də sözü, sənəti ilə tiksin. Mən hamının ağzını öz sənətimlə tikirəm. Bu, sağlam bir rəqabətdir. Bacarırlar, tiksinlər. Mən bacarıram, tikirəm… Fikirimi deyirəmsə, şeirimi yazıramsa, heç kim mənim ağzımı tikə bilməz! Amma mən konkret demişəm ki, tikim sizin ağzınızı.

- Kitab planlaşdırırsınız?

– Hə, kitabım demək olar ki, tamamilə hazırdır. Yaxınlarda çap olunacaq.

- Ön söz yazdıracaqsınız?

– Ön sözü özüm yazacam. Xoşum gəlmir kiməsə deyim ki, mənim kitabım haqqında fikirlərini yaz. Mənə ön söz yazmaq istəyən çoxdur, hətta özləri xahiş edirlər. Amma istəmirəm. Nəyə lazımdır? Mən bir ampluada olan insan deyiləm. Ona görə də mənə qarşı çox qısqanclıqlar var.

- Necə yəni bir ampluada olan insan deyiləm?

– Birincisi, şükürlər olsun ki, Allah məni zahirən də, daxilən də gözəl yaradıb. Amma insanlar var, nə qədər çalışsalar da, bu gözəlliyə nail ola bilmirlər. Yenə də şükürlər olsun ki, gözəl ailəm, bəstəkarlığım, qeyri-adi, heç kimə oxşamayan şairliyim var. Müğənniliyim, aktrisalığım, geyimim, obrazım… Hər şeyim gözəldir.

Bu gün kim bəstəkarlıq etmir ki? Kim şeir yazmır ki? Amma onların hansı mən qədər tanınır, qəbul olunur, sevilir, müzakirə olunur? Yox! Deməli, mənim yazılarım, əsərlərim qiymətlidir ki, bu qədər söz-söhbət yaradır, elə deyil? Bir bənd şeirimi paylaşmışam, üç gündür telefonum susmur, jurnalistlər zəng edir, müsahibə istəyir, efirə, verilişlərə çağırırlar. Heç birinə getmirəm. Çünki istirahət edirəm. O deyir, birinci müsahibəni bizə ver, bu deyir, bizə ver.

İnan, Kəramət, sənin xətrini çox istəyirəm deyə görüşdüm…

- Xətriniz əziz olsun… Mən də sizi çox istəyirəm.

– Bəzi uğursuz şairlər də paxıllıq edirlər, gözləri götürmür. Niyə? Çünki onların altı, yeddi, səkkiz kitabını evdə toz basıb, oxuyan yoxdur. Amma mənim bir bənd şeirim yenə deyirəm, həftələrlə müzakirə olunur. “Xalqın şairi” layihəsində bəzi münsiflər mənə görə saytlara gəldilər, adları bir-iki yerdə çəkildi. Onların da şəkilləri mətbuat üzü gördü. Savaba batdım. (gülür)

- Elza xanım, siqaret çəkirsiniz?

– Mən siqaret çəkmirəm, çəkdirirəm. Çox şairlər qəmdən, kəndərdən siqaretə içkiyə qurşanıblar ki, niyə Elzanı oxuyurlar, bizi oxumurlar?

- İçki də içmirsiniz?

– Heç bir zaman! Mən seyid nəvəsiyəm. Mənim ocağıma heç vaxt içki gəlməyib.

- Maraqlıdır, şeir yazarkən ilhamınızı kimdən, nədən, hardan alırsınız?

– İlhamı Allahdan, onun gözəl və müqəddəs kəlamlarından alıram. Sonra anamdan, onun mənə verdiyi tərbiyədən ilham almışam. Ailəmizdən, dayılarımdan, bacılarımdan, övladlarımdan, qonşularımdan, dostlarımdan… Əlbəttə, nə qədər həyat davam edir, bizə ilham verən, yazdıran səbəblər çox olacaq.

- Bir dəfə Nəsiminin şeirini öz imzanızla paylaşmışdınız. Məqsədiniz nə idi?

– Mən Nəsimidən öyrənirəm. Camaat məni çoz gözəl qəbul edir, sevir də. Amma paxıllığından partlayan bəzi uğursuzlar haqqımda anonim yazırlar, tənqid edirlər, bəyənmirlər. Mən də götürüb Nəsimin şeirin paylaşdım, bilərəkdən imzasını yazmadım. Öz-özümə dedim ki, Nəsimini tərifləyərlərsə, vəssalam, qırağa çəkiləcəm, daha yazmayacam. Yaza bilmirəmsə, insanların niyə əsəbiləri ilə oynayım? İnanın, heç kimə yazılmayan sözlər o gecə Nəsimiyə yazıldı, elə bilirlər mənim şeirimdir. Nəsimiyə ağızlarına gələni yazdılar. O gecə Nəsimidən üzr istədim ki, onun qəbirdə atasını, anasını söydürdüyümə görə məni bağışlasın.

Təsəvvür elə, Nəsimin şeirini oxuyub yazırlar ki, ay nəsimilər, ay bəxtiyarlar, hardasınız, Elza da şeir yazır. (gülür) Bundan sonra düşündüm ki, Nəsimini də söyürlərsə, deməli, mən mütləq yazmalıyam! Elə deyil?

- Əlbəttə, doğru deyirsiniz…

– Mənim işim insanları düşündürməkdir. Bu gün də olmasa sabah mənim şeirimi oxuyub mütləq düşünəcəklər. Qara Qarayevin gözəl bir sözü var. Deyirdi ki, heç zaman kütlənin səviyyəsinə enməyin. Dinləyicini öz səviyyənizə qaldırın. Bu gün də qalxmasa, sabah qalxacaq. Hər insan öz görə bildiyi qədər görür. Mən o insanları qınaya bilmərəm. Əsas odur ki, onları düşündürürəm və tərbiyə edirəm. Düşünürlər, axtarırlar, axırda tapırlar ki, Elza nə demək istəyir. Feysbukda əyləşib bütün günü ağzına gələni yazanlar cahillərdir. Amma cahil olsalar da, onlar mənim xalqımın oğullarıdır, qızlarıdır. Ona görə də onları öz sənətimlə tərbiyə etmək istəyirəm.

Nə olsun, mən də vaxtilə Şövkət Ələkbərovanı anlamırdım, başa düşmürdüm, amma indi çox gözəl dərk edirəm. Mən də vaxtı ilə bizim dahiyanə filmlərimizə ona görə baxırdım ki, görüm kim kimi vurdu, kim kimlə dalaşdı. İndi isə anlayaraq, dərk edərəm baxıram.

- Siz Bəstəkarlar İttifaqının üzvüsünüz, elə?

– Bəli, üzvüyəm. Fəxr edirəm ki, bizim Bəstəkarlar İttifaqı gözəl-gözəl layihələr həyata keçirir. 20 yanvar şəhidlərinin ruhuna ithaf etdiyim “Şəhidlər” balladası, 2 aprel hadisələrinə həsr etdiyim “Qələbə” uvertüram var. Bəstəkarlar İttifaqının xətti ilə istər Azərbaycanda, istərsə də başqa ölkələrdə bizim çox tədbirlərimiz olur. Bəstəkarlığım mənim şairliyimdən də aktivdir, amma yazmırlar. Yazsınlar da! Deməli, mənim musiqimi hələ dərk etmirlər, başa düşmürlər.

- Elza xanım, cavan bir şairimiz var. Şəhriyar del Gerani… Şeirləri xoşunuza gəlirmi?

– O bığlı oğlanı deyirsən?

- Bəli…

– Mən Şəhriyarın şeirlərini oxumamışam. Sadəcə, ANS-də bir verilişdə olmuşduq, orda görmüşdüm. Bığı Şəhriyara çox qəşəng yaraşırdı. (gülür) Sonra mənə çoxlu zənglər gəldi ki, o bığlı oğlan niyə hörmətsizlik edir? Adını bilmirdilər, “bığlı oğlan” deyirdilər. Şəhriyarın bığı özündən çox tanınır. Verilişdə özünə də dedim ki, bığını qırxma, səni tanıtdırdı.

- Deyəsən, sonra “Bığ” şeiri də yazdınız…

– Hə… Sadəcə, “Bığ” şeirini yazmaqda məqsədim o idi ki, gənclərimiz bilsinlər ki, bığ, saqqal saxlayanda ona layiq olmaq lazımdır. Bığ, saqqal ərdən, ərənliyimizdən, kişiliyimizdən xəbər verir. Kiminsə burnunun qabağında tük olmaya bilər. O demək deyil ki, onun bığı yoxdur. Sənin bığın bilirsən nədir? Əməllərin, danışığın, sözün, hərəkətlərin! Yoxsa ki, iki metr bığ saxlayacan, amma hərəkətlərin kişiyə aid olmayacaq…

 






Fikirlər