Bu gün Dünya Turizm Günüdür - muzeylərə giriş PULSUZ OLACAQ

27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur.

BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai bu əlamətdar günlə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilib. 
Qeyd edilib ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Təkcə ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. Bu il qeyd edilən Dünya Turizm Gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir. BMT Baş Assambleyası 2017-ci ili “Beynəlxalq Davamlı Turizm İli” elan edib. Bu, bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Vurğulanır ki, hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır. Müraciətdə deyilir: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.


Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən, əlamətdar tarix Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də çeşidli tədbirlər nəzərdə tutulub. 

Modern.az xəbər verir ki, sentyabrın 27-də mətbuat nümayəndələri üçün brifinq və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.

 

Bununla yanaşı, sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq. Bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir.






Fikirlər