MƏLAHƏT
90-cı illərin ölkə teleməkanında dili dinc durmayan bir xanım jurnalist vardı - Məlahət Qüsuri. O, “Space”nin Qənirəsi idi. Harda aş, Məlahət Qüsuri orda başdı. “Space”də tənqidi jurnalistikanın dəyərli süjetləri onun əlindən, dilindən çıxırdı. Elgizin, Zaurun, Xoşqədəmin, “Iç xəbər” kollektivinin gördüyü işləri o çağlar çalışdığı telekanalda təkbaşına görürdü. Şikayətçilərin dadına çatırdı, yalançı məmurları “mənzilinəcən” qovurdı. Onu ekrandan tanıdım, sonra iş yoldaşımın bacısı olduğunu öyrəndim. Bir neçə müddət sonra ekrandan itdi.
On beş il sonra daha yaxında, həm də həbsdə olan baş redaktor Əvəz Zeynallının xanımı kimi qarşıma çıxdı. Iş yoldaşı olduq. Yaxından tanıyandan sonra gördüm ki, bu məlahətli qadın özü demiş, “hərşeyşünasdır”. Televiziya jurnalisti yanğısı canından çıxmayıb. Maraqlı ideyaları var, gözəl mətnlər yazır, aparıcılıq, diktorluq edir, tərcümələr işləyir, video, foto çəkir, montaj edir, bu zaman verilişin rejissoru, musiqi tərtibatçısı da özü olur, sosial şəbəkələrdə fəallıq göstərir, “Xural.com”un yükünü tək daşıyır. Evin qadın, kişi, nənə, baba, övlad, bacı, baldız, gəlin, bibi işləri də onun çiynindədir. Onu ora daşıyır, bunu bura. Əvəz Zeynallının adı üstündə, gözləri arxasında, sərt ismarıcları qulağında. Ən əsası, harda olur-olsun, hər gün eyni saatda, bəlkə də eyni dəqiqədə həbsdə olan həyat yoldaşının telefon zəngini gözləyir. Ev telefonunu belə çantasında daşıyır. Bir xeyli onların telefon görüşlərinin qulaq şahidi olmuşam. Qulağımda qulaqcıq ola-ola, Məlahət xanım pıçıltılı danışmağa çalışsa belə. Mən bu yaşımacan hər kəlməsinin başında ərinə “can, sənə qurban” deyən qadın görməmişəm. Mən onu əzablar içində tək qoymağa məcbur olan ərini bu qədər sevən, yaxşısına, yamanına bunca dəstək verən, bunu hər kəlməsi, hər hərəkəti ilə sübut edən şirin dilli ikinci qadın tanımıram. 2011-ci ilin noyabrından - keçmiş deputat və keçmiş məhbus Gülər Əhmədovanın şərlədib tutdurduğu Əvəz Zeynallı gedən gündən həyatının mənasını itirən, bunu hamıdan, hətta gözəl qızları Selcandan, Banudan gizlətməyi bacaran dözümlü, iradəli xanımdır Məlahət Zeynallı-Qüsuri. Əslində ona kişi adı verməliydilər: Qəhrəman, Dəyanət, Əzəmət, Daşdəmir, Qaya, Polad, Qranit, Beton daha nə bilim nə. Ən azı iki adı ola bilərdi - Iradə Məlahət. Deməli, biri fiziki o biri mənəvi dustaq olan bu iki sevgilinin hər dəfə həbsxana ilə canlı bağlantısı belə başlayır: “Can, sənə qurban, ömrüm, necəsən? Necə yatmısan? Səhər yeməyi yemisənmi? Qəzetlərin gəldimi? Elə demə, mən sənə qurban”. Təbii, dəstəyin o üzündə deyilənləri eşitmir, sadəcə təxmin edirəm. Şirin hal-əhvaldan sonra Əvəz Zeynallının “hakim” sorğularına Məlahət xanımın detallı hesabatları başlayır - “a”-dan “z”-yəcən. Inanın, hər gün xanımının, övladlarının yanında olan ərlərin heç biri ailələrinin gündəlik həyatından bunca xəbərdar olmur ki, Əvəz Zeynallı bunu bacarır. Və Məlahət xanım ərindən xəbərsiz bir addım belə atmır. Bir dəfə eşitdim, ərindən soruşurdu ki, toya hansı paltarımı geyinim? Bazara bu gün gedim, yoxsa sabah? Uşaqları şəhərə Maralla (Əvəz bəyin bacısı), yoxsa Elçinlə (Məlahət xanımın qardaşı) aparım. Sənin ürəyin nə istəyir, uşaqlara bişirim? Bir dəfə telefon davalarına şahid oldum. Əslində buna dava da demək olmazdı. Əvəz bəy hansısa məişət söhbətinə əsəbiləşmişdisə xanımı ilə acıqlı danışır, narazılığını bildirirdi. Məlahət də gözü yaşla dolu təkrar-təkrar “Əsəbiləşmə, Əvəz, qurban olum, təzyiqin qalxar, ürəyin ağrıyar. Haqlısan, düz deyirsən, sakit ol, darıxma, baş üstə”- deyirdi. Elə bil bu sözlərlə azadlığı əlindən alınmış ərinin sağlamlığını qorumağa çalışırdı. Axı hələ irəlidə qapqara altı il var. Onda ürəyimdə Məlahət xanıma acıqlanıb belə dedim: səndən yazı yazıb adını “Əvəz Zeynallıya dözən qadın” qoyacam. Amma mən yazıma bu adı qoymadım. Bilmirəm yazıya “Əvəz Zeynallıya dözən qadın” başlığı qoysaydım Əvəz bəy buna necə baxardı. Amma mən onu yox, Məlahəti düşünüb elə yazmadım. Məlahət ərinin adına kölgə düşürməyə, onu gözündəki ucalıqdan bir pillə belə endirməyə heç vaxt razı olmaz. Mən də onu qırmadım, qıya bilmədim. Allah, yardımçın olsun, Əvəz Zeynallıya dözən qadın!
Dördüncü ildir Məlahət Zeynallının cənnəti cəhənnəmə dönüb.
Amma bir dəfə gileylənməz, əyilməz. Ayın başını ayağına calamağı, min yolla Selcanın, Banunun üzünü güldürməyi bacarar, bir dəfə deyinməz. Gülüşü hər zaman üzündədir, şəkəri hər zaman dilində. Məlahət Zeynallı Əvəz bəyi heç nədə günahlandırmır, heç qınamır, heç ümidini itirmir. Yaşanan çətinliklərin, yaşanmayanların mində birini Əvəz Zeynallının adına yazmağı ağlından belə keçirmir. “Əvəz elə etməsəydi, Əvəz o yazını yazmasaydı, Əvəz o çıxışı etməsəydi, Əvəz ailəsini düşünsəydi”- demir. Gülər Əhmədovanı Allaha tapşırmağa belə ürəyi gəlmir. Əvəz bəyin həbs hökmünü verənlərə, onun azadlığa çıxan yolunu bağlayanlara qarğış eləmir. Taleyinə yazılan ömrü yaşayır, sevgisini içində yaşada-yaşada yanır.
Allah sənə insaf versin, Əvəz Zeynallı! Məlahəti bunca dəmirə döndərməkmi olar?
Bir ərizə nədi ki, at deyil, dəvə deyil. Allah Zeynallının qapısını bağlayanlara da insaf versin. Dözür deyə bir qadına bu qədər zülm eləməkmi olar? Şahidəm, hər əfv söhbəti ortaya çıxanda Məlahətin gözləri parlayır. Sərəncam oxunan gün o parıltı yox olur. Yenə əfv zamanı gəlib. Bir imza nədi ki, yeni il qabağı bir qadını, bir ailəni, bir ocağı, bir nəsli sevindirmək üçün? Heç nə, at deyil, dəvə deyil, sadəcə insanlıqdı!
Fimar