Əvəz Zeynallının həbsindən 3 il ötdü…
Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin əsaslandırılmamış və sübut olunmamış iddiası əsasında həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb. 11 ay davam edən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Media Hüququ İnstitutu (MHİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı yaydığı bəyanatda deyilir:
“Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardandır. Media Hüququ İnstitutu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır. MHİ Əvəz Zeynallının susdurulmasının hökumətin tənqidə dözümünün sıfır həddinə çatmasının, tənqidçi şəxslərin böyük risk altında olmasının göstəricisi olduğunu vurğulayır.
MHİ yada salır ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabrından həbsdədir. Həbs olunmazdan öncə Əvəz Zeynallının rəhbəri olduğu tənqidi məzmunlu “Xural” qəzeti tamamilə sıradan çıxarılıb. Öncə Azərbaycan Mətbuat Şurasının müraciətindən sonra ölkədəki nəşriyyatlar “Xural” qəzetinin nəşrindən imtina ediblər. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru cənab Vüqar Səfərlinin iddiaları əsasında “Xural” qəzetinə qarşı çıxarılan qərarların icraya yönəldilməsi nəticəsində qəzetin bütün əmlakı müsadirə edilib. Bunun ardınca Əvəz Zeynallı hazırda dələduzluq və ağır cinayəti gizlətmə cinayətlərində təqsirləndirilən keçmiş millət vəkili Gülər Əhmədovanın Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayəti əsasında həbs olunub. G.Əhmədova jurnalisti rüşvət tələb etməkdə ittiham edib. Sonradan jurnalistə qarşı ittihamların sayı artıb. Əvəz Zeynallı rüşvət alma (Cinayət Məcəlləsi, maddə 311), məhkəmə qərarını etməmə (Cinayət Məcəlləsi, maddə 306), vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsi, maddə 213) cinayətlərində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi martın 12-də bu ittihamları təsdiqləyərək Ə.Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.
Media Hüququ İnstitutu Əvəz Zeynallıya qarşı ittihamların əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır. MHİ Əvəz Zeynallıya qarşı ittihamlar üzrə əsas şahidlərin məhkəmə dindirməsinin təmin olunmadığını qeyd edir. Əsas şahid, hazırda dələduzluqda təqsirləndirilərək həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova məhkəməyə gəlməkdən ümumiyyətlə imtina edib. Məhkəmə də əsas şahidin ifadəsini dinləməyə lüzum görməyib. İttihamların ədalətli incələnməsi üçün ifadələri çox vacib olan digər əsas şahidlərin məhkəmədə iştirakı da təmin edilməyib. Məhkəmədə iştirakı təmin olunan şahidlərsə, istintaqa verdikləri ifadələrini təsdiqləməyiblər. Əvəz Zeynallının vəkillərinin bunlarla, habelə ədalətli araşdırma üçün vacib olan digər xüsusatlarla bağlı vəsadətlərinin hamısı rədd olunub. MHİ belə bir şəraitdə – ədalətli, qərəzsiz məhkəmə araşdırması aparılmadan çıxarılan hökmün yalnız bir məqsədinin olduğunu vurğulayır: tənqidçi jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq hüququndan məhrum etmək.
Media Hüququ İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində çıxardığı ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir”.
Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur.
Xatırladaq ki, baş redaktorun həbsinə səbəb olmuş Gülər Əhmədovanın özü haqqında AR CM-nin 178.2.2 maddəsilə (Dələduzluq) cinayət işi açılıb. Keçmiş Beynəxalq Universitetinin rektoru Elşad Abdullayev onu deputat seçilməsi qarşılığında 1 milyon dollar tələb etməkdə təqsirləndirən videonu yaydıqdan sonra Gülər Əhmədova deputat mandatından imtina edib, Üzvö olduğu hakim YAP Siyasi Şurasının üzvlüyündən qovulub. Keçmiş silahdaşları onu partiyanın “üzqarası” adlandırıblar. 2013-cü il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib və o 1 il müddətində BİT-da saxlanıldıqdan sonra öhdəliyində azyaşlı uşağın olması əsas gətirilərək, həbsdən azad edilib. Qeyd edək ki, Ə.Zeynallının öhdəliyində 2 azyaşlı övladının olması məhkəmələr tərəfindən nəzərə alınmayıb.
Zəruri Qeyd: Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları, ABŞ Dövlət Departamenti “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyıb və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bildirib və hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edib.