17.09.2014- P.Həşimlinin həbsindən bir il ötür

17.09.2014- P.Həşimlinin həbsindən bir il ötürJurnalistin işi hazırda apellyasiya mərhələsindədir; vəkil bəraət tələb edir Bəhruz Bayramov: «Hazırda Pərvizin ən böyük problemi ona ailə üzvləri ilə açıq görüş verilməməsidir»
Bu gün "Bizim Yol" qəzetinin əməkdaşı, tanınmış jurnalist, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimlinin həbsindən bir il ötür.
O, 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş yerlərində axtarış aparılıb.

Sentyabrın 18-də istintaq orqanı Pərviz Həşimli barəsində 3 ay müddətində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat versə də, Səbail rayon məhkəməsi 2 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb. Məhkəməyə gətirilərkən jurnalistin başına torba keçirilib. Pərviz Həşimli məhkəmədə ittihamları rədd edib və həbsinin jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Elə həmin ərəfədə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayaraq bildirib ki, həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb və Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 26-da Pərviz Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılsa da təmin edilməyib. Pərviz Həşimli məhkəmədə çıxış edərək, həbsinin qanunsuz olduğunu, onun üçün əməliyyat hazırlandığını bildirib. O, hüquq müdafiəçisi və jurnalist olduğunu, 10 ildir parlament müxbiri kimi fəaliyyət göstərdiyini deyərək qeyd edib ki, onun istintaqdan qaçmaq, yayınmaq fikri yoxdur. Məhkəmədən bunları nəzərə alaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib, hətta vurğulayıb ki, ən ağır şərtlərlə ev dustaqlığında qalaraq öz hüquqlarını müdafiə etməyə hazırdır. Ancaq məhkəmə onun dediklərini nəzərə almayıb.

Noyabrın 4-də Səbail rayon Məhkəməsində Pərviz Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz edilməsi barədə vəsatət təmin edilməyib. Bu qərardan verilmiş apellyasiya şikayəti də təmin edilməyib. Apellyasiya məhkəməsinin bu qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib.

Pərviz Həşimli oktyabrın 22-də Amnesty İnternational təşkilatı tərəfindən "vicdan məhbusu" elan olunub.
Noyabrın 7-də Pərviz Həşimlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə ittiham tərəfinin verdiyi vəsatət təmin edilib. Pərviz Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbiri 3 ay müddətinə - 17 fevral 2014-cü ilədək uzadılıb.

14 noyabrda Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilmiş şikayəti təmin etməyib. Vəkil bildirib ki, Pərviz Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı bütün qərarlar əsassız olub. Çünki onun cinayətdə təqsirləndirilməsinə dair əsaslı şübhələr olmadığı üçün barəsində həbs-qətimkan tədbirinin seçilməsinə yol verilmir.
Vəkillərin bildirdiyinə görə, MTN təcridxanasında saxlanılan zaman Pərviz Həşimlinin bir sıra hüquqları pozulub. Ona ailəsi ilə görüşməyə, telefon əlaqəsi saxlamağa, mətbuatla tanış olmağa, vəkilləri ilə konfidensial görüşlərinə əngəllər yaradılıb. Tez-tez kamerasında axtarışlar aparılıb, əlyazmaları və qeydləri götürülüb. Pərvizlə görüşə getdikləri zaman üzərlərində axtarış aparılıb, mobil telefon və qeyd kitabları əllərindən alınırmış.

Bunlara etiraz edən jurnalist noyabrın 24-ü 2 günlük aclıq aksiyası keçirib. Bununla o, ombudsmanın gəlməsi və digər problemlərinin həll edilməsini tələb edib.

Dekabrın 14-də Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, MTN-in İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddia qaldırılsa da, məhkəmə təmin etməyib.

Jurnalistin məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlər əlindən alınıb. Buna etiraz olaraq vəkili prosesi tərk edib. Vəkilin sözlərinə görə, Pərviz də etiraz olaraq kürəyini məhkəməyə çevirdiyi üçün hakim onu da zaldan çıxarıb. Vəkil qeyd edib ki, Pərviz məhkəmədə mənəvi-psixoloji təzyiqlərə etiraz olaraq özünə qəsd etmək istədiyini açıqlayıb.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bununla bağlı bildirib ki, MTN-in Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında hər hansı işgəncə faktının olması barədə deyilən fikirlərin heç bir əsası yoxdur, həqiqəti əks etdirmir və ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

Dekabrın 24-də Pərviz Həşimlinin işgəncəyə məruz qalması və saxlanma yerinin dəyişdirilərək, MTN-in İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı şikayəti Apellyasiya instansiyasında təmin edilməyib. Vəkil Yalçın İmanovun bildirdiyinə görə, Pərviz məhkəmədə "karsa" salınması və qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumat verib.

Dekabr ayından başlayaraq Pərviz Həşimli diş, ürək və göz ağrılarından əziyyət çəkməyə başlayıb. Vəkilləri onun psixoloji durumunda da problemlər olduğunu bildiriblər.

Yanvarın 17-də vəkil Elçin Sadıqovun Pərviz Həşimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qaldırdığı vəsatət təmin edilməyib. Bu qərardan verilmiş şikayəti də yanvarın 24-də Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

Fevralın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Pərviz Həşimli ilə görüşüblər. Pərviz onlara həbsi, saxlanma şəraiti və digər məsələlərlə bağlı məlumat verib. Vəkil Fariz Namazlı bildirib ki, BQXK-nın xanım nümayəndəsi eşitdiklərindən dəhşətə gələrək göz yaşlarını saxlaya bilməyib.

Fevralın 4-də Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə) maddəsi ilə yeni məzmunda ittiham irəli sürülüb.
Fevralın 6-da isə cinayət işi üzrə istintaqın yekunlaşması barədə qərar rəsmən vəkillərə elan edilib və fevralın 13-də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə hökm oxundu. Hakim Novruz Kərimov P.Həşimlini 8 il azadlıqdan məhrum etdi. Onunla birgə həbs edilən və Pərviz Həşimliyə qarşı ifadə verən Təvəkkül Qurbanova isə 8 il 6 ay həbs cəzası verildi.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunya Miyatoviç Pərviz Həşimliyə çıxarılan hökmdən hiddətləndiyini bəyan edib: "Məhkəmənin qərarından dəhşətə gəldim. Hakimiyyəti jurnalistləri susdurmaq üçün onları həbsxanaya atmağı dayandırmağa çağırıram". Xanım Miyatoviç bu barədə mayın 15-də yaydığı açıqlamada bildirib. Dunya Miyatoviç məhkəmə qərarını Azərbaycanda media azadlığı mühitinin pisləşməsinə daha bir sübut adlandırıb.

ATƏT nümayəndəsi bildirib ki, hazırda Azərbaycanda 10-dan çox jurnalist həbsdədir, onlar ya məhkum olunub, ya da məhkəməsini gözləyirlər: "Bu, mənim ofisim yaradılandan bu ölkədə müşahidə edilən ən böyük rəqəmdir. Bu narahatedici cərəyan araşdırıcı jurnalistikanı çəkindirir, hədə və qorxu mühiti yaradır" - deyə, Miyatoviç bildirib.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov "Bizim Yol" qəzetinə bildirdi ki, apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət vermişdilər. Lakin həmin vəsatət məhkəmənin ilkin baxış iclasında rədd edildiyindən, hazırda Ali Məhkəməyə qərardan kassasiya şikayəti veriblər: "Əminik ki, Pərviz günahkar deyil, təqsirsizdir. Əgər verdiyimiz vəsatət təmin olunarsa, istər Ağır Cinayətlər Məhkəməsində, istərsə də Apellyasiya Məhkəməsində proseslər obyektiv aparılarsa, Pərvizə bəraət verilməlidir. Təəssüf ki, məhkəmə qeyri-obyektiv olduğundan biz buna nail ola bilmirik. Hazırda onun ən böyük problemi ailəsi ilə açıq görüş problemidir ki, onlar ancaq şüşə arxasından danışa bilirlər. Bu da böyük problemlər yaradır. Eyni zamanda son günlərdə onun psixoloji durumu normal deyil. Çünki ailəsinə ağır itki üz verib. Həyat yoldaşının qardaşı faciəli şəkildə dünyasını dəyişib. Bütün bunlar da öz növbəsində Pərvizə çox böyük psixoloji sarsıntı yaşadır".(bizimyolinfo)






Fikirlər