“Pərviz Həşimlinin istintaqı yekunlaşıb, amma...”

Vəkil Yalçın İmanov: “Pərvizə deyiblər ki, sənə bir yaxşı vəkil verək, işini həll eləsin”
Bu gün Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi barədə iddiaya baxılacaq

“Pərviz Həşimlinin istintaqı yekunlaşıb, amma...”
Vəkil Yalçın İmanov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.
Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimli vəkillərindn imtina etməsi ilə bağlı MTN tərəfindən edilən təhdidlərdən danışıb “Pərvizə bildiriblər ki, o vəkillərdən imtina et, onsuz da onların sənən bir xeyri yoxdur, sənin vəkillərini məhkəmələrdə hakimlər də xoşlamırlar, onları burax getsin biz sənə yaxşı bir vəkil verərik, işini düzüb-qoşar. Pərviz isə bu təkilfdən imtina edib. Pərviz bu gün səhər milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edərək, ailə üzvləri ilə görüş və telefob danışığına şərait yaradılmasını xahiş edib. Onun digər hüquqları kimi, “Həbsdə olan şəxslərin hüquq və azadlıqları haqqında Qanun”da nəzərdə tutulmuş bu hüququ da təmin edilmir. Bundan başqa, abunə olmasına baxmayaraq, ona yalnız “Xalq Qəzeti” verilir. Abunə olduğu qəzetlərin verilməməsinə isə heç bir izah verilmir” – deyən vəkil əlavə etdi ki, Pərviz MTN-ə dəvət etdiyi deputatların cavablarını gözləyir. “Pərviz deyir məqsədim odur ki, həmin şəxslər də daxil olmaqla digər deputatların qəbul etdikləri qanunların icrasının hansı vəziyyətdə olduğunu öz gözləri ilə görsünlər. Onların cavabı isə Pərviz üçün xüsusi əhəmiyyətlidir, çünki Çingiz Qənizadə hüquq müdafiəçisidir, Rəbiyyət Aslanova parlamentin insan hüquqları komitəsinin sədridir, Azay Quliyev isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir” – deyə vəkil bildirdi.
Yalçın İmanov əlavə etdi ki, Pərviz Həşimlinin cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır: “Dekabr ayının 18-də Pərviz Həşimlinin həbsindən 3 ay keçir. Bu müddət ərzində heç bir istintaq hərəkəti aparılmasa da, müstəntiq deyib ki, prinsipcə mən istintaqı yekunlaşdırmışam və mənə nə vaxt desələr, o zaman rəsmən yekunlaşdıracağam”.
Vəkil Elçin Sadıqov isə Bizimyol.info sayhtına bildirib ki, sabah saat 11.00-da Səbail Rayon Məhkəməsində Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiaya baxılacaq.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.






Fikirlər