“Mir Cəfər Bağırovun cavabı Qarabağı xilas etmişdi”

“Mir Cəfər Bağırovun cavabı Qarabağı xilas etmişdi”92 il öncə artıq Rusiyanın və digər beynəlxalq güclərin təzyiqi ilə İrəvan, Göyçə, Zəngəzur və s. torpaqlardan məhrum olmuş Azərbaycanın bətninə daha bir “gec partlayan mina” basdırıldı -1923-cü il iyulun 7-də ermənilərin sifarişi və sovet bolşevik imperiyasının təzyiqi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qondarma bir qurum yaradıldı.

DQMV “mina”sının 65 il sonra – 1988-ci ildə partladılması 6 il ərzində daha 20 faiz torpaqlarımızın işğalına, on minlərlə insanın amansızılıqla qətlinə, minlərlə uşaq, qoca və qız-gəlinimizin əsir götürülməsinə, yüz minlərlə soydaşımızın didərgin düşməsi və bu günədək qaçqın həyatı yaşamasına səbəb oldu.
Hazırkı faciələrimizin bünövrəsini qoymuş DQMV-nin yaranması barədə tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru Boran Əzizlə söhbətləşdik.
Qeyd edək ki, bu günlərdə tarixçi alimin ermənilərin törətdikləri soyqırımlar haqda Almaniyada ingilis dilində “Turkish Massacre realized by the Armenians in Azerbaijan in XX Century (1918-1992″ adlı daha bir kitabı nəşr edilmişdir.

“Dağlıq Qarabağ” terminini ilk olaraq erməni daşnaklar ortalığa atdı”

– Boran müəllim, DQMV-nin yaranması prosesi necə baş verdi?
– Zəngəzur, Göyçə və digər torpaqlarımız kimi Qarabağın dağlıq hissəsinin də Azərbaycandan qoparılaraq ermənilərə verilməsinin əsas baiskarı XVIII-XIX əsrlərdən ermənilərin kütləvi şəkildə torpaqlarımıza köçürülməsinə start vermiş və 1917-ci ildən “bolşevik” cildinə girmiş işğalçı Rusiya dövləti idi. 1918-ci ildə AXC-nin yaranması bolşevik-daşnak planlarının qarşısını xeyli ala bildi. Cümhuriyyət dövründə Şuşada Qarabağ general-qubernatorluğunun yaradılması da daşnakların işğal niyyətlərini durdurmuşdu. “Dağlıq Qarabağ” məhfumu ilk dəfə 1919-cu ldə daşnaklar tərəfindən siyasi termin kimi ortalığa atılmışdı. Təəssüf ki, 1920-ci ildə Rusiyanın yenidən Azərbaycanı işğal etməsi ermənilərə yeni nəfəs verdi.

“Əvvəlcə DQMV mərkəzinin Şuşa olması nəzərdə tutulmuşdu”

DQMV-nin yaradılması istiqamətində ən real addım 1921-ci il iyul ayının 4-də Rusiya Bolşevik Partiyası Mərkəzi Komitsinin Qafqaz bürosunun plenumunda atıldı. RK(b)P MK-nın üzvü İ.Stalinin də qatıldığı və Qafqaz bürosunun üzvləri S.Orconikidze, F.Maxaradze, N.Nərimanov, A.Myasnikov, S.Kirov, A.Nazaretyan, M.Oraxelaşvili və Y.Fiqatnerin iştirakı etdiyi RK(b)P MK Qafqaz bürosunun axşam iclasında Qarabağ ilə əlaqədar məsələyə baxıldı. Bu məsələnin müzakirəsi zamanı ciddi fikir ayrılığı ortaya çıxdı və onlar səsə qoyularkən aşağıdakı kimi səs qazanıldı: Qarabağı Azərbaycanın tərkibində saxlamaq lehinə N.Nərimanov, F.Maxaradze və A.Nazaretyan, bu təklifin əleyhinə isə S.Orconikidze, A.Myasnikov, S.Kirov Y.Fiqatner səs verdilər. Bu məsələ ilə bağlı bütün Qarabağda yaşayan həm azərbaycanlı, həm də erməni əhalisi arasında rəy sorğusu keçirməyin lehinə yalnız N.Nərimanov və F.Maxaradze səs verdilər. Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin lehinə isə S.Orconikidze, A.Myasnikov, Y.Fiqatner, S.Kirovun səsləri qeydə alındı. Rəy sorğusunun yalnız Dağlıq Qarabağın erməni əhalisi arasında keçirmək təklifinə isə S.Orconikidze, A.Myasnikov, Y.Fiqatner, S.Kirov, A.Nazaretyan səs verirlər. Beləliklə, qərara alındı ki, rəy sorğusu da keçirilməklə Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edlilsin. Rəy sorğusu məsələsi də ciddi fikir ayrılığına səbəb olduğundan məsələnin RB(K)P MK-nin plenumu tərəfindən həll edilməsi qərara alındı. Amma maraqlıdır ki, ertəsi gün Qafqaz bürosu tam əks qərar qəbul etdi. “Dağlııq Qarabağ Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa olmaqla DQMV yaradılsın”. Və dünən bu layihənin əleyhinə səs verənlər bu gün lehinə səs verdilər. Əgər bir gün əvvəli qərarda “DQ Ermənisatan SSR-in tərkibinə daxil edilsin” ifadəsi var idisə, 5 iyul qərarında “DQ Azərbaycan SSR tərkibində saxlanılsın” cümləsi işlənmişdi. Bununla bolşevik partiyası özü dolayısıyla DQ ərazisinin ermənilərə heç bir aidiyyatı olmadığını və tarixi Azərbaycan torpağı olduğunu etiraf etmiş olurdu.

“Kirov ermənilərə muxtariyyət verilməsinin əleyhinə çıxdı”

Daha sonra qəribə bir hadisə baş verdi. Az keçməmiş Azərbaycan SSR rəhbərliyinə S.M. Kirov gətirildi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyi əksinə dəyişdi. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara aldı, yalnız 2 nəfər – Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxdı. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradıldı. Azərbaycan K(b)P MK Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçdi. Belə ki, həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunmurdu. Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxdı. Bu, təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiq etmək əvəzinə ona məcburi muxtariyyət verilməsi haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi

“Bolşeviklər DQMV-nin yaradılması üçün Azərbaycana təzyiq etməyə başladılar”

Bu minvalla DQ-yə muxtariyyət verilməsi məsələsi bir xeyli ləngidi. Lakin Rusiyanın işğal etdiyi ərazilərdə apardığı inzibati-ərazi bölgüsü prinsipləri bu mövzunu yenidən gündəmə gətirdi. 1922-ci ilin əvvəlində Zaqafqaziya Federasiyası yaradıldı. Həmin ilin dekabrında isə RSFSR, Ukrayna, Belorusiya və Ukrayna guya könüllü şəkildə SSRİ-nin yaradılmasına qərar verdilər. Belorusiya istisna olmaqla həmin respublikaların tərkibində diyar, vilayət və mahallar yaradılmağa başlandı. Zaqafqaziya Federasiyası (ZF) rəhbərliyi Azərbaycan rəhbərliyinə sərt şəkildə DQMVərazisinin müəyyənləşdirilməsi və yaradılması ilə bağlı real işlər görməyi tapşırdı. Azərbaycan K (b)P MK-nin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də ZF-nın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. 1923-cü il iyunun 1-də Azərbaycan K(b)PMK Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan K(b)PMK-yə həvalə etdi.

Öncə qurum nədən “Muxtar Dağlıq Qarabağ Vilayəti” adlanmışdı?

Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi tərəfindən iyulun 7-də M.B.Qasımov və Ə. M.Xanbudaqovun imzası ilə “Dağılq Qarabağ muxtar vilayəti yaradılması haqqında” dekret verildi. Dekret preambula, dörd bənd və müştərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Sənədlərdə dekretin “Muxtar Qarabağ” vilayəti deyil, Muxtar Dağlıq Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb edir. “Muxtar Dağlıq Qarabağ” deyildikdə belə çıxırdı ki, söhbət yalnız Qarabağın dağlıq hissəsinin ermənilər yaşayan ərazisindən gedir. Doğrudan da ermənilər Qarabğın dağlıq hissəsində azlıq təşkil edirdilər. Lakin sonralar bu incəliyi anlayan

Moskva qurumun məhz “Dağlıq Qarabağ Muxtar” adlandırılmasına göstəriş verdi.

Bu minvalla 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Və beləliklə, Azərbaycan xalqı üçün çox böyük bir bəlanın əsası qoyulmuş oldu. DQMV-yə daxil edilən ərazilər də çox qeyri-qanuni şəkildə bölündü. Məsələn Cəbrayıl, yaxud Cavanşir qəzasının ucqar bir kəndində ermənilərin yaşaması bəhanə edilərək ətraf neçə-neçə kəndlərimiz də muxtar vilayətə daxil edildi və nəticədə tamamilə azərbaycanlılardan ibarət bölgələrimizin də torpaqları qayçılanmaqla kifayət qədər geniş ərazidə ermənilərin hegemonluğuna şərait yaradıldı.

“Mir Cəfər Bağırovun Stalinə cavabı Qarabağın qoparılmasına imkan vermədi”

– Bundan sonra erməni daşnakları azı iki dəfə Qarabağın birləşdirilməsi məsələsini qaldırdılar-1945 və 1965-ci illərdə. Nə əcəb, Sovet hökuməti elə o vaxtlar ermənilərin arzusunu həyat keçirmədi?
– Bəli. 1945-ci ilin noyabrında Ermənistan KP-nin I katibi Arutyunov SSRİ lideri Stalinə məktubunda Qarabağın Ermənistan SSR-ə verilməsini xahiş etdi. O, fikrini onunla əsaslandırırdı ki, guya bu, Ermənistanda sosializm quruculuğunun daha da vüsət almasına və erməni zəhmətkeşlərin sovet dövləti ətrafında daha sıx birləşməsinə səbəb olar. Stalin həmin məktubu KPMK Siyasi bürosunun üzvü K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan rəhbərliyinə göndərdi. Mircəfər Bağırov məktuba çox tutarlı və əsaslandırılmış şəkildə cavab verdi. M.Bağırov bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də onun özünə qaytarılsın. Bu cavabla Moskva məsələni dondurub ört -basdır etməyə məcbur oldu.

“Mikoyanın 45 minlik petisiyası boşa çıxdı…”

1960-cı illərdə ermənilər Qarabağ məsələsini yenidən SSRİ rəhbərliyində ikinci şəxs olan Ali Sovet sədri A.Mikoyan vasitəsilə qaldırmağa cəhd etdilər. Məsələnin məhz həmin dövrdə qaldırılması təsadüfi deyildi. 1954-cü ildə Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi münasibtilə sovet rəhbəri Xruşov Krımın Ukraynaya verilməsi barədə qərar imzalamışdı. Bu isə Rusiya və Ukrayna arasında heç bir münaqişəyə səbəb olmamışdı. Çünki Krım əslində tarixən nə Rusiyanın, nə də Ukraynanın deyildi, Osmanlı Türkiyəsinin idi. Lakin bu fakt SSRİ-də inzibati ərazilərin dəyişdirilməsinə bir növ presedent yaradırdı. Ermənilər də bundan yararlanmağa çalışdılar. Qarabağda və Ermənistanda yaşayan 45 minə yaxın erməninin imzasıyla Moskvaya məktub göndərildi. Mikoyan Suslovla birləşərək DQ-nın Ermənistana birləşdirilməsi üçün Xruşova müəyyən təzyiqlər göstərirdi. Lakin Azərbaycan ziyalılarının da bu məsələyə kəskin etirazını və bunun SSRİ-də inzibati ərazilərin dəyişdirilməsi üçün daha bir presedent yaratmaqla ölkədə hərc-mərcliyə səbəb olacağını və s. nəzərə olaraq SSRİ rəhbərliyi bu məsəni rədd etdi.
“DQMV-nin ləğvi barədə 1991-ci ildəki qərar doğru idi”

– 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Sovetinin DQMV-nin ləğvi barədə verdiyi qərar doğru idimi? Bəlkə bu qərarla biz, əksinə, ermənilərin separatçı hərəkətlərinə daha da təkan vermiş olduq?
– Zənnimcə, bu tamamilə doğru qərar idi. Çünki DQ ermənilərinin Azərbaycan Konstitusiyası və qanunlarına zidd olaraq Ermənistana birləşmə haqqında qərar verməsi və separatçıların kəskin şəkildə fəallaşması Azərbaycan üçün başqa yol qoymurdu. Digər tərəfdən, həmin qərar verilməsə belə, ermənilər münaqişə yaranmasında maraqlı olan beynəlxalq güclərin təzyiqi ilə onsuz da öz mənfur fəaliyyətlərini davam etdirəcəkdilər. Çünki onların məqsədi yalnız hansısa yüksək status-filan yox, məhz torpaqlarımızın işğalı idi.

“DQMV-nin yaranması və son münaqişə Ermənistanı tam olaraq Rusiyanın asılılığına saldı…”

– Bu gün İrəvanda hakmiyyətdə olan və əhalinin əleyhinə üsyana qalxdığı Sarkisyan klanı da, Köçəryan klanı da Qarabağ savaşı dalğasında hakimiyyətə yiyələnmişlər. Yəni, 1923-cü ildə DQMV bəlası yaranmasa, nə Köçəryan, nə də Sarkisyanlar hakimiyyətə gələ bilərdi. Belə çıxmırmı ki, 92 il öncə DQMV-nin yaradılmaası nəinki Azərbaycana, bu gün o torpaqlarımızı nəzarətdə saxlayan Ermənistanın özünə belə fayda gətirmədi?
– Ümumiyyətlə, bu məsələ Rusiya tərəfindən xüsusən Azərbaycanı təsir və təzyiq altında saxlamaq məqsədilə ortalığa atılıb. Amma burada Azərbaycanla bərabər Ermənistan da çox zərər görməkdədir. Azərbaycan bu gün Qarabağ kimi torpağı işğal altında olsa da, Azərbaycan hansısa bir ölkənin satelliti, əlaltısı deyil. Ermənistanın müstəqilliyindən danışmaq gülüncdür. Bu ölkənin bütün həyati sahələri Rusiyanın əlində olmaqla oyuncaq bir quruma çevrilib.
“ATƏT Rusiyanın Azərbaycana qarşı aqressiv mövqeyini qismən yumşaldır…”

– Son 23 ildə münaqişənin ədalətli həlli istiqamətində bir addım da atmamış ATƏT-in Bakı ofisinin bağlanması da göstərmirmi ki, hələ Dağlıq Qarabağ “xəmiri” çox su aparacaq? Yəni yaxın gələcəkdə beynəlxalq güclər tərəfindən torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmayacaq?
– Böyük dövlətlər münaqişənin həllinə imkan vermirlər. Hər biri öz marağını güdür. ATƏT isə bu məsələdə yalnız Rusiyanın Azərbaycana qarşı işğalçı, aqressiv mövqeyinin qismən yumşalmasına xidmət edə bilib. Amma ATƏT-in gördüyü müəyyən işləri də inkar etmək olmaz. ATƏT-in məsələni həll edəcəyinə inanmaq da sadəlöhvlük olardı. Çünki bu qurumun Rusiyanı önləmək, ona diqtə etmək mexanizmi, imkanları yoxdur.

Sultan Laçın, Hafta.az






Fikirlər