Adil Cəmil: “Kompüterdən qaçıb qələmlə yazıb-yaratmağa çalışıram” - YUBİLEY

 Image result for adil cəmil

Bu gün şair, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , "Qızıl qələm" mükafatı laureatı, əməkdar jurnalist Adil Cəmilin doğum günüdür.

 Nə yaşaya bildim, nə də ölmədim,

Arzular gül açdı, yenə gülmədim.

Arsızı, gorsuzu sevə bilmədim,

Dərdimi dərk edən həmdərdi sevdim.

 Adil Cəmilin şeirlərində bir kədər, bir nisgil ruhu duyulur. Bu da doğma yurdu Kəlbəcəri itirməsiylə bağlı ola bilər.

Adil Savalan oğlu Cəmilov 1954-cü il oktyabrın 8-də Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub. İbtidai təhsili Kəlbəcərdə alsa da, Mingəçevir şəhərində 9 saylı orta məktəbdə təhsilini başa vurub. 1972-1977-ci ildə ali məktəbi - ADU-nun jurnalistika fakültəsində bitirib. 1977-ci ildə Adil Cəmil təyinatla “Yazıçı” nəşriyyatının sərəncamına göndərilir, eyni zamanda burada poeziya redaksiyasının redaktoru olur. O, müxtəlif vaxtlarda qəzet və jurnallarda redaktor işləyib. Poeziya yaradıcılığına isə 1970-ci ildə “Bahar” şeiri ilə gəlib. Adil Cəmil eyni zamanda bədii tərçümə ilə də məşğul olub. Onun mənzum tərcümə etdiyi “Manas” qırğız xalq qəhrəmanlıq dastanından müəyyən hissələr Azərbaycan mətbuatında dərc olunub.

Həmçinin iyirmiyə yaxın bədii filmi - “Məhəbbətin son mahnısı” (Türkiyə), “Samrat” ( Hindistan), “13-cü nəvə” (Qırğızıstan), “Qayıtmağı unut” (Moldova) və s. doğma dilimizə tərcümə edib.

30 dekabr 2015-ci idə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Adil Cəmil bir müddət öncə övlad itkisi yaşayıb. Belə ki, bu ilin iyununda şairin oğlu Orxan Cəmil vaxtsız vəfat edib.

"AzerTaym.az" bildirir ki,modern.az-ın əməkdaşı səbəbkarla əlaqə saxlayaraq, onu doğum günü münasibəti ilə təbrik edib.

Əməkdar  jurnalist ürək sözlərini onlarla bölüşüb:

 “Mən sizə və Modern.az-ın bütün əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Modern.az  mənim ən çox hörmət etdiyim saytlardan hesab olunur. Dəqiq və operativ informasiya agentliyidir. Bir daha diqqətinizə və dəyərinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Sizə də işlərinizdə uğurlar və bol xəbərlər arzulayıram”.

Adil Cəmil yaradıcılığındakı yeniliklərdən də söz açıb:

Nə qədər ki, nəfəsim gedir-gəlir qələmim əlimdədir. Həmişə kompüterdən qaçıram, üstünlüyü  klassik qaydaya verirəm. Qələmlə yazıb-yaratmağı daha çox sevirəm. İnsan var ki, Allahın ona verdiyi ilhamı hifz edə bilmir, o ilham quruyur. Yaxud da müəyyən bir yaşa qədər davam edir. Ancaq məndə çox şükür ki, hər şey öz qaydasındadır. Yazıb-yaratmaq istəyirəm, özümü tam fəal hiss edirəm.  Müxtəlif araşdırmalar, eyni zamanda publisistika, tərcümə ilə də məşğul oluram. Deyərdim ki, şeir yazmaq isə mənim ayrılmaz bir sahəmdir. Bütün bu sadaladığım şeylər mənim həyatımın təşkilatı tərəfləridir. Ömür-gün məsələsidir, bunlarsız mümkün deyil. Bu fəallığımı özümdə hər zaman hiss edirəm.Yaradıcılığımda  yeniliklər də  var. “Azərbaycan” jurnalının 9-cu nömrəsi, yəni sentyabr nömrəsi mənim şeirlərimlə açılır. Həcmi hardasa 300 misra təşkil edir. Şeirin mövzularını da əvvəlcədən müəyyən etmirəm. Mövzu özü gəlib məni tapır. Yaradıcı insan dolmalıdır ki, boşalsın. Mən bunu  bir məsəl var e, onunla müqayisə edirəm: Bulud dolmasa yağış yağmaz, bu da onun kimi bir şeydir. 
Mövzu özü mənə deməlidir ki, otur məni yaz. Yəni mənim üçün mövzu rəngarəndir. Dünyəvi mövzudan tutmuş, yer-yurd sevgisinə qədər mövzularım var. Hətta Ağalar Bayramov mənim 2 şeirimi ifa edərək Youtube kanalına yerləşdirib”.

Əməkdar jurnalist doğma vətəni Kəlbəcərə qayıdacağını və orda yazıb yaradacağını arzulayır:

Ən böyük  arzum odur ki, üçrəngli bayrağımız doğma yurd yerimizdə dalğalansın və mən də o bayrağın altında oturub yazım. Ordan da camaatımıza öz şeirlərimi oxuyum”.

P.S. "AzerTaym.az" olaraq biz də şair,əməkdar jurnalist ADİL CƏMİLİ yubiley yaşı münasibəti ilə təbrik edir,ona möhkəm can-sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! 






Fikirlər