AQİL ABBASIN 65 yaşı TAMAM oldu...
Bu gün Azərbaycan ədəbiyyatının və jurnalistikasının görkəmli simalarından biri olan Aqil Abbasın 65 yaşı tamam olur. Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Daha sonra "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktoru olub. Aqil Abbas bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Yazıçının ədəbi mühitdə hadisə kimi qarşılanan "Dolu" romanında Qarabağ fədailərinin döyüş yolu əks etdirilib. Bu romanın motivləri əsasında eyni adlı film çəkilib və bu film də geniş ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Aqil Abbas 2005-ci və 2010-cu ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.
Aqil Abbası yaxından tanıyanlar, onunla iş və yol yoldaşı olanlar, eləcə də həmkarları yazıçının necə səmimi bir insan olduğunu, hər zaman orijinal və cəsarətli söz dediyini yaxşı bilirlər. Bəzən mediada və sosial şəbəkələrdə onun dediyi hansısa ifadə ictimai müzakirələrə, söz-söhbətə səbəb olur, fikir müəllifinə qarşı hücuma keçirlər, ancaq o, öz mövqeyini müdafiə etməyi bacarır. "Yeni Müsavat" media qrupuna daxil olan yaradıcı kollektivlər istedadlı yazıçımızı, bu gün də qələmini əlindən qoymayan jurnalistimizi, fəal millət vəkilini ürəkdən təbrik edir, ona yaradıcılığının bütün istiqamətlərində yaradıcılıq uğurları, gümrahlıq arzulayır. P.S. "AzerTaym.az" olaraq biz də həmkarlarımıza qoşulur,dəyərli ziyalımız AQİL ABBASI AD GÜNÜ münasibəti ilə TƏBRİK edir,ona həyatda ən mühüm olan möhkəm can sağlığı və uzun ömür arzulayırıq!!!