“Azərpaşa Nemətov DÖVLƏTİ ALDADIB” - Afaq Bəşirqızından İTTİHAMLAR- Video
Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. "AzerTaym.az" xəbər verir ki, “Qafqazinfo”ya bununla bağlı açıqlama verən sənətkar Azərbaycanın əsas teatrı hesab edilən Akademik Milli Dram Teatrının və Teatrlar İttifaqının rəhbəri Azərpaşa Nemətov barədə ciddi ittihamlar səsləndirib. Məşhur aktrisasının sözlərinə görə, A. Nemətov şəxsi maraqları üçün rəhbəri olduğu teatrın tarixini təhrif edib. O, eyni zamanda Teatrlar İttifaqına rəhbər seçkilərinin şəffaf keçirilməsini təmin etmək üçün ölkə rəhbərləyinə müraciət edib: “Dünən cənab Prezidentin çıxışına diqqətlə qulaq asdım və məmnun qaldım. Şəffaf bir dövlət qurmaq... Bu, çox böyük bir fikirdir. Mən Prezidentlə mart görüşü zamanı demişdim ki, sizin verdiyiniz sərəncamlardan sui-istifadə edirlər. Canım prezidentim, şəffaf dövlətin ən qabarıq atributlarından biri mədəniyyət sahəsi olmalıdır. Xalqın böyük əksəriyyətini təşkil edən mədəniyyət və incəsənət xadimləri sizin göstərdiyiniz qayğı və diqqətə görə təşəkkürünü bildirir. Lakin yeri səhv düşən insanları, təsadüfi adamları hegemon adlandırıram. Dövlətin büdcəsini qara pula çevirib cibinə axıdanlar, qarın sahələrini qabardanlar təəssüf ki, bizim sahədə daha çoxdur. Bu islahatlar mədəniyyət və teart sahələrində aparılmalıdır. Təsadüfi adamlar öz yerlərini bilməlidirlər. İncəsənət xadimləri sənətləri kimi incə ürəyə malikdirlər. Ailələrinə bir parça çörəyi aparmağın dərdindədirlər. Siz təsəvvür edin, həmin incəsənət xadiminə “mənimlə olmasan, səni işdən çıxararam”, “mənimlə olmasan, səni fəxri ada göndərmərəm”, “ələ alına bilən jurnalistlərə sifariş verib saytlarda biabır edərəm” deyib səslərini kəsiblər. Sanki bir parça çörəyi verən Allah deyil, hegemonlardır.
“Mədəniyyətin tarixini təhrif edirlər. Bu, mədəniyyəti öldürmək deməkdir. Necə ola bilər ki, 147 yaşlı Akademik Milli Dram Teatrını 100 yaşlı kimi təqdim edəsən?! Teatr 1873-cü ildə dövlət tərəfindən tanınıb. Həmin ildə bir çox teatrlar tanındı (SSRİ-də fəaliyyət göstərən digər ölkə teatrları - red). 1919-cu ildə dövlət statusu verilən teatrın 100 illiyi Ulu Öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə (1 il sonra) keçirilib. Bu barədə sənədli filmlər, tarix var. Siz təsəvvür edin ki, indi teatrın 147 yaşı var, lakin Azərpaşa Nemətov (sözügedən teatrın direktoru) öz vəzifə kreslosunu daha da bərkitmək üçün dövləti də aldadıb. 1919-ci ildə dövlət statusu verilib, bundan da istifadə edir, 100 illik kimi təqdim edir. Nə var ki, qarşıdan gələn seçkilərdə qalib olsun, teatr kreslosunda otursun. Mən susurdum, düşünürdüm ki, həmkarlarımdan kimsə fəxri adlar alacaq, illərdir gözlədiyi ordenin sahibi olacaq. Bilirsiz, cənab Prezident, aktyorlar diqqət, qayğı və mükafatlarınızla yaşayır. İncəsənət xadimlərinin çəkdiyi əziyyət, bu sənət yolunda verdikləri sağlamlığın nəticəsi gül-çiçək və alqışlardır. Bu, ömrümüzün və başımızın tacıdır. Amma bundan sui-istifadə edənlərə nə ad vermək olar? Mən onlara hegemon deyirəm. Çox xahiş edirəm, teatr sahəsində böyük islahatlar aparılsın. Aktyorlara, incəsənət xadimlərinə, işçilərinə göstərilən haqsız təzyiqlərə son qoyulsun. Və nəhayət, 73 yaşlı Azərpaşa Nemətovun 15 ildən artıq Teatrlar İttifaqında oturmağı və bura üçün heç bir iş görməməyi ağlasığmazdır. Hörmətli Prezident, xahiş edirəm. Teatrlar İttifaqının rəhbər seçkilərinin qurultay şəklində keçirilməsinə, burada alternativ namizədlərin olmasına və nəhayət, insanların öz istəkləri, inamları ilə olan seçkilərə şərait yaradasız. Ümumiyyətlə, müraciət edəcəyimiz mədəniyyət xadimləri, qurumlar bu barədə artıq fikirləşməlidir. Teatrlara ayırdığınız o böyük məbləğdə pulların hansı ciblərə axdığını, harada istifadə olunduğunu artıq yoxlanmasını sizdən xahiş edirəm. Ən böyük hörmətim, ehtiramım sizi dəstəkləmək, Azərbaycan dövlətinə sadiq olmağımdır. Mən həmişə sizinləyəm, xalqımlayam. Mən susmayacam! Cənab Prezident, mən sizə inanıram. İnanıram ki, bu müraciətim sizə çatacaq. İnanıram ki, Vətənimin qeyrətli oğul və qızları bu müraciəti sizə çatdıracaqlar. Şəxsi ambisiya, çirkli pullar deyil, yalnız xalqını sevənlər bu işi görəcəklər”.