“Oğlumun hərəkətlərinə görə əzab çəkirəm” - QALMAQAL

Qəşəm Nəcəfzadə: “Oğlumun hərəkətlərinə görə əzab çəkirəm” - QALMAQAL

 

 

Son vaxtlar B.Vahabzadə, Ə.Cavad, M.Müşfiq, Ramiz Rövşən kimi görkəmli yazıçı və şairləri tənqid edən gənc yazar Kəramət Böyükçöl bu dəfə atası, şair Qəşəm Nəcəfzadəni tənqid edib. Belə ki, o, son müsahibələrinin birində atasının da xeyli sayda bayağı şeirlərinin olması, onun adi, kiçik bir məsələyə belə, etiraz edə bilməməsi və s. bu kimi sərt fikirlər səsləndirib. 
Nəticədə şair Qəşəm Nəcəfzadə öz Facebook səhfəsində bununla bağlı olaraq, status paylaşıb. Şair sonradan sildiyi statusunda öz oğlunu onun hərəkətlərinə görə qınayaraq, nə vaxtsa peşmançılıq çəkəcəyini, lakin sonradan gec olacağını bildirib. Ümumiyyətlə isə ata-oğul arasında olan soyuq münasibətlər, mətbuatda səslənən tənqidi fikirlər, sosial şəbəkələrdəki çəkişmələr barədə məlumatlar birinci dəfə deyil. Bundan öncə də şair ata-oğul arasında “soyuq müharibə” olayı yaşanmışdı. 
Bəs görəsən, həqiqətən də ata-oğul arasında hansısa şəxsi problemlər var, yoxsa bütün bunlar onların piar üçün hesablanıb? 
Bu barədə şair, publisist Qəşəm Nəcəfzadə musavat.com-a açıqlama verib. Şair, oğlunun hərəkətlərinə görə əzab çəkdiyini deyib: “Kəramət səhvə yol verərək, görkəmli yazıçı və şairlərimiz haqda tənqidi fikirlər səsləndirib. Mən bir şair və ata kimi onunla razı deyiləm və qınayıram. O, bu hərəkətlərinə görə peşman olacaq, üzr istəyəcək. Ümumiyyətlə, Kəramətə görə bir ata kimi çox əzab və əziyyət çəkirəm. Ona bu fikriləri “yedirdən” onunla oturub-işləyən adamlardır. Kəraməti öyrədirlər, o da belə fikrilər səsləndirir. Nə vaxtsa, Kəramət hər şeyi anlayacaq, amma sonra gec olacaq. Mən həmişə ona demişəm, tənqid etdiyin görkəmli şair və yazıçılar heç kimin yerini dar etmir, bacarırsansa sən də yaz, təqdim et, xalq səni yaradıcılığına görə qiymətləndirsin. Bilmirəm, Kəramət bütün bu olayları piar üçün edir ya yox, şəxsən mən bu sözü qəbul etmirəm. Adımın qalmaqallı hadisələrdə hallanmasını heç vaxt istəməmişəm. Kəramətə də dəfələrlə bildirmişəm ki, bu cür mənasız söz-söhbətlərin yerinə yaxşı bir əsər yazsaydı, daha yaxşı olardı. Yaradıcılığa yaxşı əsərlərlə gəlmək lazımdır, daha belə qalmaqallar ilə yox...” 
Qəşəm Nəcəfzadə oğlunun onun şeirləri barəsində səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Kəramətin romanlarını oxumuşam və yüksək qiymətləndirirəm. Onun əsərlərini müasir Azərbaycan ədəbiyyatının ən parlaq nümunələrindən hesab edirəm. Mənim şeirlərimi isə tənqid edirsə, qoy etsin. Mənim minlərlə oxucularım var, onlar kifayət qədər mənim yaradıcılığmı qiymətləndirirlər. Kəramət də həmin oxucuların arasında sıradan biridir”. 
Şair oğlunun evi tərk etməsi məsələsinə də aydınlıq gətirib: “Kəramət həmişə məndən ayrı yaşamaq istəyib. Yəni, evi tərk edib, getməsi yaradıcılıq çəkişmələri ilə bağlı deyil. Bir gün gəlib, mənə dedi ki, mən kirayədə yaşamaq istəyirəm, mən də dedim ki, get qal də...” 
Qəşəm Nəcəfzadənin oğlu, gənc yazar Kəramət Böyükçöl də atası ilə aralarında yaşanan “soyuq müharibə”nin səbəblərindən danışıb: “Atamla mənim aramda düşüncəmizə görə həmişə problem olub. Fikrimcə, burada qeyri-adi bir şey yoxdur. Sadəcə, biz ənənəvi ata-oğul münasibətinə vərdiş etdiyimiz üçün mənim atamla bağlı tənqidlərim qəribə görünür. Həmişə o fikirdə olmuşam ki, doğrudan da, atam yaxşı bir şairdirsə, mənim tənqidlərimin ona tük qədər də zərəri yoxdur. Əksinə, xeyri var. Hər atanın evində mənim kimi açıq fikirli oğul böyümür. Atam həmişə məni sözün yaxşı mənasında özbaşına buraxıb. O, qardaşımın da, bacımın da tərbiyəsi ilə çox ciddi məşğul olub, ancaq demək olar ki, mənə tərbiyə verməyib, yol göstərməyib. Məsələ bundan ibarətdir. O ki, qaldı bir-birimizi piar eləmək məsələsinə, səmimi deyirəm, hansısa bir fikrimin müzakirə olunması təbii ki, mənim üçün maraqlıdır. Amma nə atamın, nə də mənim süni reklam hissimiz yoxdur. Onsuz da, zaman-zaman atamın şeirləri tənqidçiləri meymun kimi oynadıb”. 
“Atanızın dediyi kimi, etdiyiniz hərəkətlərə görə nə vaxtsa peşman olacaqsınızmı” sualımıza gənc yazar belə cavab verdi: “Mənim nəyəsə görə peşman olmağım çox asan məsələdir. Yəqin ki, atam əsəbiləşib, ona görə də bu cür düşünür. Atamın bir şeiri var: 
- Adam sevilər də, unudular da, 
Gedib, başqasına uymaq da olar, 
Bir gün yada düşər atıb getdiyin, 
Sonra peşman olub qayıtmaq olar, 
Adam bağışlar da, bağışlamaz da. 
Təzə iş deyil ki, başıma gələn, 
Başına dönüm. 
Şeirdə bu cür düşünən bir insanın həyatda ən adi şeyə görə hirslənməsi mənə çox qəribə gəlir. Atamın bu şeirini əzbər bilirəm, bir az içən kimi yadıma düşür. Beş günlük dünyadır, onsuz da, əvvəl-axır bu həyatla sağollaşacağıq. Gəlin, bir-birimiz haqqında fikirlərimizi səmimi şəkildə dilə gətirək. Səmimiyyət ayıb bir şey deyil. Hər kəs tənqidi fikirə açıq olmalıdır. Mənim Bəxtiyar Vahabzadə, Əhməd Cavad haqqında tənqidi fikirlərimə görə atama ciddi iradlar bildirmişdilər. O da hirslənib, təzyiqi qalxmışdı. Buna görə də məni xeyli danladı. Düzü, mənim üçün ədəbiyyata aid heç bir şey atamın saçının bir tükündən də artıq deyil. Bildiyiniz kimi, mətbuatda və sosial şəbəkələrdə haqqımda ağızlarına gələni yazdılar. Hətta atamı da məsələyə qatdılar. Düzü, atamı tərifləməyə utandım, deyə onu haq-nahaq tənqid elədim. Əsəbiləşməyi də buna görədir, aramızda başqa heç bir problem yoxdur”. 
Gənc yazar bir daha görkəmli şəxslər barəsində dediyi tənqidi fikirlərin üzərində dayandığını deyib:“Bəxtiyar Vahabzadəni tənqid etmək üçün on yeddi cild şeir yazmağıma ehtiyac yoxdur. Bunun üçün üç roman yazmaq da kifayətdir. Təbii ki, tənqidlərimi rahat şəkildə dilə gətirməyim ən çox gəncliyimdən irəli gələn bir şeydir. Necə ki, bir az yaşı keçmiş insanlar Əhməd Cavad, Bəxtiyar Vahabzadə haqqında fikirlərimə çayxanada razılaşırlar, ancaq mətbuatda məni qınayırlar, ağızlarına gələni deyirlər. Belə şeyləri anlamaqda çətinlik çəkirəm. Sizin dediyiniz görkəmli şəxsiyyətləri çoxları oxumayıb. Sadəcə, onların aldadıcı şöhrətləri insanları mənə qarşı hiddətləndirir. Mən Bəxtiyar Vahabzadənin dəfnində iştirak etmişəm. Onda Bakı Dövlət Universitetində tələbə idim. Yadıma gəlir, onun məzarına bir ovuc torpaq da atdım. Allah Bəxtiyar müəllimə rəhmət eləsin. Ancaq onun yaradıcılığı, şeirləri haqqında fikirlərimi səmimi şəkildə dilə gətirmişəmsə, burda heç bir qəbahət görmürəm”  (musavat.com)






Fikirlər