Məkkədə ölənlərin meyitləri yük maşınları ilə daşındı – VİDEO
Məkkədə Mina dağında 717 zəvvarın həlak olması ilə nəticələnən faciədən sonra cəsədlərin daşınması axşam saatlarına kimi davam edib. APA TV-nin məlumatına görə, günorta namazı ərəfəsində baş verən hadisə Minada şeytan daşlamağa gedən küçədə qeydə alınıb.
“Səhər saatlarında yüzlərlə zəvvarın həyatına son qoyan hadisə burada baş verib. Zəvvarlar şeytanı daşlamağa gedərkən sıxlıq yaranıb. İlkin ehtimala görə, bir qrup zəvvar əks istiqamətdə gəlib və çaşqınlıq yaranıb. Nəticədə 700-dən çox insan həlak olub. Hadisədən bir neçə saat keçməsinə baxmayaraq yaralıların və ölənlərin cəsədlərinin daşınması davam edir”.
Cəsədlərin daşınması üçün əraziyə böyük TIR-lar cəlb olunub.
Ərazidə çəkiliş aparmaq istəyən bir qrup jurnalist də polis zorakılığı ilə üzləşib. Onlardan bəzilərinin kamerası alınaraq geri qaytarılmayıb. Jurnalistlər ərazidən uzaqlaşdırılıb.
Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı Mülki Müdafiə Qurumu mətbuat konfransı keçirib. Daxili İşlər Nazirliyinin sözcüsü general Mənsur Əl Turki bildirib ki, hadisə Minada iki qrupun qarşı-qarşıya gəlməsi nəticəsində baş verib. Nazirlikdən bildirilib ki, hadisə nəticəsində 753 nəfər ölüb, 880 nəfər isə yaralanıb.